Prezidentimizin şəhid ailələrinə qayğısı cəmiyyətə də bir mesajdır ki…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Prezident İlham Əliyev dəfələrlə əhali ilə görüşən
zaman şəhidlərin Vətən qarşısında göstərdikləri xidmətləri yüksək
qiymətləndirməklə yanaşı, Qarabağ müharibəsi veteranlarının və
əlillərinin Azərbaycan cəmiyyəti üçün nə qədər qiymətli insanlar
olduğunu vurğulayıb və dövlətin, cəmiyyətin bu insanlara hər zaman
qayğı göstərməsini vacib hesab edib”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli
Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Prezident İlham Əliyev verdiyi fərman və
sərəncamlarla şəhid ailələri üçün hər cür şərait yaradır:

“Şəhid ailələrinə mənzillər təqdim edilir, müavinətlər verilir,
Prezident təqaüdü verilir. Şəhid ailələrinin bir sıra üstünlükləri
var, onların işə düzəlməsində güzəştlər olunur, şəhid ailələrinin
övladlarının ali məktəbdə oxuması üçün dövlət təminatı var,
güzəştli şərtlərlə mənzil tikmək üçün torpaq verilir, onlara
güzəştli ipoteka kreditləri verilir. Bütövlükdə Azərbaycanda şəhid
ailələrinə həm maddi, həm də mənəvi diqqət göstərilir. Bütün bunlar
dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının
ifadəsidir”.

Deputat qeyd edib ki, bu gün Prezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevanın Prezident Sarayında şəhid
ailələri ilə görüşməsi şəhid ailələrinə olan diqqət və qayğının
daha bir nümunəsidir: “Heç şübhəsiz ki, bu görüş cəmiyyətə də bir
mesajdır ki, cəmiyyətdə şəhid ailələrinə diqqət göstərilməli,
hörmət və ehtiramla yanaşılmalıdır”.

Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən
biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654
mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin
vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur.
Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən
Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu
qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin
verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial
müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə
həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük
rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident
seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin
imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə
birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların
sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm
addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə
xidmət edən ən humanist addımlardan biri kimi qəbul
edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp