Parisdə YUNESKO Katibliyində görüşlər keçirildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Məlum olduğu kimi, Bakıda 2019-cu ilin 2-3 may tarixində
5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun – 10 iyul
tarixində isə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası
keçiriləcəkdir. Hər iki dünya əhəmiyyətli tədbirlə bağlı hazırlıq
məsələlərini müzakirə etmək məqsədilə Mədəniyyət Nazirliyinin
Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ
inkişaf şöbəsinin müdiri, sözügedən tədbirlərin əməliyyat qrupunun
rəhbəri Vasif Eyvazzadə YUNESKO Katibliyinin rəsmiləri ilə görüşlər
keçirib.

5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı
keçirilmiş görüşdə YUNESKO-nun Sosial və humanitar elmlər
departamentinin rəhbəri Magnus Magnusson YUNESKO-nun Azərbaycanın
mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə
fəaliyyətini yüksək qiymətləndirdiyini və bu istiqamətdə qarşılıqlı
əməkdaşlığın davam etdirilməsinə böyük önəm verildiyini
bildirdi.

V.Eyvazzadə Forumun Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 10 il bundan öncə irəli sürdüyü “Bakı prosesi”
təşəbbüsünün tərkib hissəsi kimi BMT tərəfindən çox vacib qlobal
platforma elan edildiyini, həmçinin YUNESKO ilə yanaşı BMT-nin
Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa
Şurası və İSESKO-nun da tərəfdaşı olduğu yeganə beynəlxalq hərəkat
olduğunu vurğuladı. Bu baxımdan 5-ci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu bu xüsusiyyətləri özündə saxlamaqla mədəni
müxtəliflik, dialoq və əməkdaşlıq, insan təhlükəsizliyi, gənclərin
liderliyi, miqrasiya, münaqişələrin qarşısının alınması və s.
mövzuları əhatə edəcəkdir. Artıq YUNESKO-nun da iştirakı ilə
beynəlxalq ekspertlərlə birgə Forumun konseptual müzakirə sənədi və
proqram layihəsi hazırlanmışdır. Görüş zamanı, həmçinin Forumun
təşkilati məsələləri ilə bağlı müzakirələr aparıldı.

Daha sonra YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktor müavini
Petya Totçarovanın rəhbərlik etdiyi katibliyin nümayəndə heyəti ilə
görüş keçirildi. Görüşdə Azərbaycan Respublikasının sədrliyi ilə
keçiriləcək Komitə iclası ilə bağlı cari ilin iyul ayına kimi
təşkil ediləcək görüşlər, Komitənin 43-cü sessiyası və onun
çərçivəsində baş tutacaq Gənclər Forumu və Abidə menecerlərinin
Forumuna hazırlıq məsələləri ilə bağlı müzakirələr aparıldı.
V.Eyvazzadə bildirdi ki, Komitə iclasının Bakıda keçirilməsi ilə
bağlı cənab Prezidentin müvafiq sərəncamı ilə Təşkilat Komitəsi
yaradılmışdır.

Görüş zamanı, həmçinin YUNESKO Katibliyinin missiyasının cari
ilin mart ayında Bakıya səfəri ilə bağlı razılıq əldə olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp