“Nəsimi ili” mədəniyyətimizin daha geniş miqyasda tanınmasına vəsilə olacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yanvarın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında “İmadəddin Nəsimi – 650” adlı tədbir-sərgi
keçirildi. “Nəsimi ili” çərçivəsində təşkil olunan tədbir
Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə
reallaşdı.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci
müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, millət
vəkilləri, yazıçılar, ədəbiyyatsevərlər iştirak edirdi.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək tədbirin
Prezident İlham Əliyevin 2009-cu ilin “Nəsimi ili” elan edilməsi
haqqında sərəncamına uyğun olaraq təşkil olunduğunu diqqətə
çatdırdı: “Bu ilin dahi şairimizin adı ilə bağlı olması olduqca
əhəmiyyətlidir. Nəsiminin ilk dəfə yubileyinin ölkəmizdə
keçirməsinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olub. Bu gün o
ənənə uğurla davam etdirilir. “Nəsimi ili” bunun əyani
göstəricisidir. Bugünkü gənc nəsil Nəsimini daha yaxından
tanıyacaq, onun haqqında kitablar, elmi əsərlər yazılacaq və
gələcək nəsillər də bundan bəhrələnəcəklər”.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Prezident
İlham Əliyevin “Nəsimi ili” ilə əlaqədar sərəncamını bu böyük
şəxsiyyətin yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri
yenidən dərk və təhlil etmək üçün fürsət yaratdığını dedi: “Ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600
illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan
mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi. O vaxt
Nəsimiyə heykəl də qoyuldu. Müəllifi Tokay Məmmədov olan həmin
heykəl bu gün şəhərimizin ən gözəl yerlərindən birində ucalır. Eyni
zamanda böyük mütəfəkkirə həsr olunan film də çəkildi, elmi
tədqiqatlar aparıldı, kitablar çap edildi”.

Nazir vurğuladı ki, ötən illər ərzində Nəsiminin adı nəinki
ölkəmizin daxilində, hətta beynəlxalq arenada da uca tutulub, dünya
ictimaiyyəti də onun yaradıcılığı ilə tanış olub: “Azərbaycanın
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə
2017-ci ilin may ayında Parisdə, UNESCO-nun baş qərargahında
Nəsiminin vəfatının 600 illiyi qeyd olunub. Ötən il Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə
ilk dəfə Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı
keçirildi. Festival çərçivəsində ölkəmizdə çoxsaylı ölkələrdən
ədiblər, alimlər və tədqiqatçılar iştirak edirdi. Bu festival
Nəsimi irsinin öyrənilməsi və dünyaya tanıdılması ilə yanaşı,
ölkəmizin də təbliğinə yeni imkanlar açdı. “Nəsimi ili” xalqımızın
mənəviyyatı və mədəniyyəti ilə bir başa əlaqəlidir. Biz bu il üçün
tədbirlər planı hazırlamışıq. İlk addımı buradan başlayırıq”.

Əbülfəs Qarayev bu il həm ölkəmizdə, həm də xaricdə müxtəlif
tədbirlərin, sərgilərin, ədəbi-bədii axşamların təşkili, kitabların
nəşrinin nəzərdə tutulduğunu diqqətə çatdırdı: “Hazırda açılışına
toplaşdığımız Nəsiminin əsərlərindən ibarət kitab sərgisi və
“Nəsimi – 650” daimi guşəsinin yaradılması bu qəbildən olan ilk
tədbirlərdəndir. Burada çoxsaylı maraqlı materiallar toplanıb. Bu
nəşr nümunələri və arxiv sənədləri həm mütəxəssislər, həm də
kitabxananın oxucuları üçün maraqlı olacaq”.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov qeyd etdi ki,
“Nəsimi ili”ndə bu böyük mütəfəkkiri dərk edərək öz coğrafiyamızla
yanaşı, bütün dünyada təbliğ etməliyik. “Bütün dünyanın dilində
danışan Nəsiminin dili, həm də bizim ana dilimizdir. Nəsimi
şairlərimizin içində ən çox fəlsəfi, poetik və “mən”i olan şairdir.
Onun yaradıcılığında həm özünün şəxsiyyəti, ideologiyası, həm də
dili və milli mənliyi dayanır”, – deyə alim bildirdi.

Milli Məclisin deputatı Qənirə Paşayeva bildirdi ki, ulu öndər
Heydər Əliyevin Nəsimi ilə bağlı yanaşması və Prezident İlham
Əliyevin bu bərəncamı Azərbaycanın tarixi şəxsiyyətlərini tanımağı,
oxumağı və sevməyi təlqin edir. “Nəsimi ili” ölkəmizin və
mədəniyyətimizin daha geniş miqyasda tanınmasına vəsilə olacaq.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutun direktoru,
akademik Teymur Kərimli, filologiya elmləri doktoru, Əməkdar elm
xadimi, professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin
katibi İlqar Fəhmi və digərləri çıxış edərək “Nəsimi ili”nin
önəmindən, böyük mütəfəkkir şairin zəngin yaradıcılıq palitrasından
bəhs etdilər.

Sonra qonaqlar Milli Kitabxananın foyesində açılmış 300-dək
nəşrin yer aldığı “İmadəddin Nəsimi – 650” adlı sərgi ilə tanış
oldular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp