“Nəsimi ili” ilə bağlı tədbirlər planı müəyyənləşdirildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şərqşünaslıq İnstitutunda “Nəsimi ili” ilə bağlı
tədbirlər planı müəyyənləşdirilib.

İnstitutdan Publika.az-a verilən məlumata görə,
Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan
etməsi ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq
hadisə kimi qarşılanır.

Nəsimi irsinin tədqiqinə öz töhfələrini verən AMEA akademik
Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu da bu əlamətdar hadisə ilə
bağlı öz üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra
tədbirlərin həyata keçirilməsini planlaşdırır.

Məhz bu məqsədlə institutun direktoru akademik Gövhər
Baxşəliyevanın rəhbərliyi ilə iclas keçirilib.

Akademik G.Baxşəliyeva Prezident İlham Əliyev tərəfindən 2019-cu
ilin ölkədə “Nəsimi ili” elan edilməsini ədəbiyyatımıza verilən
yüksək dəyər kimi qiymətləndirərək, bunun elmi və ədəbi
ictimaiyyətimiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Bu
qərar ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək,
yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını
stimullaşdıracaq. Nəsimi – böyük humanist şair, insanı
ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan
dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Onun
yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə
poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları
ilə bir cərgəyə qoyur.

G.Baxşəliyeva bildirib ki, Nəsiminin yaradıcılığının əsas
hissəsi Azərbaycan dilində olması ilə bərabər, müəyyən hissəsinin
Şərq dillərindən ərəb və fars dillərində olması, bütövlükdə şairin
yaradıcılığı və fəaliyyəti ümumşərq ictimai və ədəbi-fəlsəfi
mühitində baş verdiyi üçün onun əsərlərinin tədqiqi şərqşünas
alimlərin də üzərinə böyük vəzifələr qoyur.

Qeyd edildi ki, Nəsimi yaradıcılığının tədqiqi və tərcüməsi ilə
əlaqədar institutda işçi qrupu yaradılıb. Nəsimişünas alim,
f.ü.f.d. Səadət Şıxıyevanın rəhbərlik etdiyi qrupa f.ü.f.d. Günay
Verdiyeva, f.ü.f.d. Mahir Həmidov, Flora Hacıyeva və Fidan Nəsirova
daxil edilib.

İclasda “Nəsimi ili” ilə bağlı institutda keçiriləcək tədbirlər
müzakirə edilərək müəyyənləşdirilib. Bu işlər sırasına Nəsiminin
farsca divanının sətri tərcüməsinin həyata keçirilməsi və nəşri,
ərəb ölkələrində Nəsimi haqqında yeganə monoqrafiya olan Əbülfəttah
Rəvvas Qələçinin “Yaqut-e Hələb İmadəddin-e Nəsimi” əsərinin ərəb
dilindən tərcüməsi və nəşri, Nəsiminin “Müqəddimətül-həqayiq” və
“Təriqətnamə” adlı nəsr əsərlərinin transliterasiyası və nəşri,
f.ü.f.d. Səadət Şıxıyevanın Nəsimi haqqında monoqrafiyasının nəşri,
Nəsimi ilə əlaqədar Şərq alimlərinin elmi əhəmiyyətli məqalələrinin
toplanaraq bir toplu şəklində nəşri, Nəsimi ilə əlaqədar “Şərq
ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi” mövzusunda elmi
konfransın, həmçinin şairin yaradıcılığına həsr olunmuş elmi
seminarların təşkili, institutun elmi-kütləvi nəşri olan
“Azərbaycan şərqşünaslığı” jurnalının Nəsimiyə həsr olunmuş xüsusi
buraxılışının hazırlanıb çap olunması kimi işlər var.

İclasda həmçinin Nəsimi haqqında yeni məlumatların və dahi
mütəfəkkir şairə məxsus əlyazmaların axtarılması üçün böyük əlyazma
xəzinələri olan ərəb ölkələrinə, habelə Suriyanın Hələb şəhərinə
elmi ekspedisiyaların təşkili zərurətindən də danışıldı.

İclasda çıxış edənlər Şərqşünaslıq İnstitutunun “Nəsimi ili”nə
öz layiqli töhfəsini vermək üçün bütün kollektivin öz səylərini
əsirgəməyəcəyini bildirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp