Ermənistanın bu tələbi bütün sənədlərə ziddir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin
ölkəmizdə akkreditə olunmuş xarici ölkə və beynəlxalq təşkilatların
diplomatik nümayəndələri ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə,
tədbiri giriş sözü ilə açan xarici işlər nazirinin müavini Mahmud
Məmməd-Quliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
ağır nəticələrindən bəhs edərək, yüz minlərlə azərbaycanlının işğal
olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan öz evlərindən və
mülklərindən zor gücünə didərgin salındığını qeyd edərək,
münaqişənin həlli çərçivəsində işğal olunmuş ərazilərimizin azad
olunması və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının vacib
olduğunu vurğuladı. Münaqişənin həlli üzrə davam edən danışıqlar
çərçivəsində erməni və azərbaycanlı əhalinin sülhə hazırlanması
çağırışını xatırladan nazir müavini, bu xüsusda ölkəmizin Dağlıq
Qarabağ bölgəsinin iki icması arasında təmasların və dialoqun bərpa
edilməsinin önəmini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
M.Məmməd-Quliyev görüşün əsas məqsədinin ölkəmizin Dağlıq Qarabağ
bölgəsinin Azərbaycanlı İcmasının 23 nəfərdən ibarət olan İdarə
Heyətinin ölkəmizdəki diplomatik korpusa təqdim edilməsi olduğunu
qeyd etdi. O, işğal olunmuş torpaqlarımızdan didərgin salınmış
məcburi köçkünlərin, o cümlədən ölkəmizin Dağlıq Qarabağ bölgəsinin
80.000 nəfərdən çox Azərbaycanlı İcmasının pozulmuş fundamental
insan hüquqlarının bərpa olunmasının və bu insanların səsinin
beynəlxalq səviyyədə eşidilməsinin yüksək əhəmiyyət kəsb etdiyini
diplomatik korpusun diqqətinə çatdırdı.

Daha sonra AR Prezidenti Administrasiyasının xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış etdi. H.Hacıyev
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu ağır
fəsadları qeyd edərək, beynəlxalq ictimaiyyətin münaqişənin həlli
ilə bağlı mövqeyi, o cümlədən BMT TŞ-nin 4 qətnaməsinin tələblərini
tədbir iştirakçılarına xatırlatdı və bu xüsusda, beynəlxalq
ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və
münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq
ədalətli həllinin tərəfdarı olduğunu vurğuladı. H.Hacıyev bildirdi
ki, Azərbaycanın işğal olunmuş ərazilərinin Azərbaycanlı əhalisini
etnik təmizləməyə məruz qoyaraq, onların bütün fundamental hüquq və
azadlıqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq,
Ermənistanın Dağlıq Qarabağın erməni icmasına imtiyazlı hüquqlar
tələb etməsi insan hüquqlarının qorunması üzrə bütün sənədlərə
köklü şəkildə ziddir. Daha sonra H.Hacıyev Azərbaycan Respublikası
hökuməti tərəfindən bütün məcburi köçkünlər və qaçqınların həyat
şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən ardıcıl
siyasətdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan bəhs etdi və bu
xüsusda dünən şəhid ailələri ilə keçirilən görüş barədə tədbir
iştirakçılarına məlumat verdi. AR rəsmisi vurğuladı ki, Cocuq
Mərcanlı kəndində aparılan quruculuq işləri, məcburi köçkünlərin
ləyaqətli və təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmasının
təmin olunması işğaldan azad ediləcək bütün ərazilərin bərpa
olunması, dayanıqlı sülhün və inkişafın bərqərar olması üçün
Azərbaycan Respublikasının əzmini bir daha nümayiş etdirir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının
rəhbəri Tural Gəncəliyev çıxış edərək öncə İcma haqqında məlumat
verdi, İcmanın ATƏT-in 1992-ci il Helsinki qərarına əsasən
münaqişənin həllində maraqlı tərəf olduğunu qeyd etdi. O, İcmanın
İdarə Heyətinə daxil olan 23 nümayəndəni təqdim etdi. O, çıxışında
vaxtı ilə Şuşada erməni qonşuları ilə birgə sülh şəraitində
yaşadığı günləri xatırlayaraq, azərbaycanlı icmanın erməni icması
isə təmaslar qurmağa və konstruktiv dialoq aparmağa hazır olduğunu
tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra İcmanın İdarə Heyətinin üzvləri Xocalıda anadan olmuş
Dürdanə Ağayeva və Samirə Hüseynova çıxış etdilər. Azərbaycanın
Xocalı şəhərinin işğalından öncə burada ermənilərlə birgə
əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edərək, dinc erməni
əhalisinin Ermənistanın işğalçı siyasətinin girovuna çevrildiyini
vurğuladılar və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları
arasında dialoqun bərpa olunmasının bölgədə etimadın yaradılması
baxımından əhəmiyyətli olduğunu bildirdilər.

Tədbir zamanı, həmçinin ölkəmizin Dağlıq Qarabağ bölgəsinin
Azərbaycanlı icmasının digər üzvləri də öz fikir və
münasibətlərini, eləcə də suallarını ölkəmizdəki diplomatik
korpusun nümayəndələrinə ünvanladılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp