“Azərbaycan Avrasiyada mühüm strateji nəqliyyat mərkəzinə çevrilir”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycan Avrasiyada mühüm strateji nəqliyyat
mərkəzinə çevrilir”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan
konfransda çıxışı zamanı bildirib.

“Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas sahəsi neft-qaz
sektorudur. Bu, bu gün belədir, əvvəl də belə olub və bundan sonra
da belə olacaq. Biz sadəcə olaraq, çalışırıq ki, qeyri-neft
sektorunu sürətlə inkişaf etdirək, buna nail oluruq. Ancaq hansı
ictimai-siyasi formasiyada yaşamasına baxmayaraq, Azərbaycanda ilk
neft tapılan dövrdən bu günə qədər bu, əsas iqtisadi potensial
olub. Biz bu təbii resurslardan çox səmərəli şəkildə istifadə
edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz
kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir. Əgər bu
layihələr icra edilməsə idi, biz bu qədər vəsait əldə edə
bilməzdik. Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə
çıxışımız yoxdur və bizə mütləq neft-qaz kəmərləri lazımdır. Bu
kəmərlərin tikintisi həm maliyyə, həm siyasi, həm beynəlxalq
əməkdaşlıq baxımından çox mürəkkəb və çətin bir layihələr idi. Biz
bunu da bacardıq. Bu gün bu iki kəmər vasitəsilə resurslarımız
dünya bazarlarına göndərilir. Hazırda Avropada ən böyük
infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin
tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə
artıq son mərhələdədir. Dörd layihədən üçü istifadəyə verilib.
Keçən il TANAP və Cənub Qaz Dəhlizinin açılışı olmuşdur və bunlar
tarixi hadisədir, – deyə dövlət başçısı qeyd edib.

Prezident vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə
düşməsi tarixi layihədir: “Biz neftdən, qazdan əldə edilmiş
gəlirləri nəqliyyat sektoruna yönəltdik ki, Azərbaycan nəinki bu
bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin. Bu gün
biz artıq buna nail oluruq. Bakı-Tbilisi-Qars dəmir yolunun işə
düşməsi tarixi layihədir. Bu, həddindən artıq vacib layihədir.
Çünki bu, artıq bizə imkan verir ki, Azərbaycan ərazisindən böyük
həcmdə yüklər Şərqdən-Qərbə, Qərbdən-Şərqə göndərilsin. Bunun
sayəsində həm bizim geosiyasi əhəmiyyətimiz artacaq, həm də biz
bundan daim valyuta qazanacağıq. Şimal-Cənub nəqliyyat dəhlizinin
yaradılması da böyük önəm daşıyır. Bu istiqamətdə də böyük işlər
görülür. Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq
əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz
müsbət rolunu oynayıb. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat
dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı
daha da artacaq. Amma hər iki layihədə iştirak edən ölkə tək
Azərbaycandır. Ona görə biz Avrasiyada çox strateji nəqliyyat
mərkəzinə çevrilirik. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq
Dəniz Ticarət Limanı, bizim yol infrastrukturlarımız, müasir və
müasirləşən infrastruktur, bütün bunlar son illər ərzində
yaradılıb. Əgər biz infrastruktur layihələrinə diqqət
yetirməsəydik, bu gün heç bir inkişafdan söhbət gedə bilməzdi”.

“On beş il bundan əvvəl biz özümüzü elektrik enerjisi ilə təmin
edə bilmirdik. Ya xaricdən idxal edirdik, ya da ki ölkəmizin bəzi
yerləri işıqsız qalırdı. Ötən 15 il ərzində 31 yeni stansiya
tikilmişdir, 2500 meqavatlıq yeni güclər yaradılmışdır. Biz indi
nəinki özümüzü təmin edirik, elektrik enerjisini ixrac edirik.
Təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz
səviyyəsində idi, bu gün bu, 95 faizdir. İçməli su 26 faiz təmin
edilirdi, bu gün bu, 70 faizdir. On beş il ərzində 15 min kilometr
avtomobil yolu tikilib. Yəni görülmüş işlər haqqında danışmaq üçün
saatlarla vaxt lazımdır. Sadəcə olaraq, əsas məqamları mən sizin
diqqətinizə çatdırdım. Əminəm ki, bu gün çıxışlarda və
müzakirələrdə həm görülmüş işlər, həm də görüləcək işlər haqqında
danışacağıq və gələcək inkişaf planlarımızı təmin edəcəyik”, – deyə
dövlət başçısı söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp