Avropa Parlamentinin Ermənistandakı olaya bu yanaşması…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Ermənistanda uzun müddət aclıq aksiyası keçirərək
dünyasını dəyişən Erməni qartalları: Vahid Ermənistan partiyasının
sədr müavini Mqer Yeqiazaryanın vəziyəti barədə bu ölkədə yerləşən
səfirliklər və təşkilatların məlumatsız olması mümkün deyil. Lakin
onlar bu hadisəyə heç bir reaksiya vermədilər”.

Bu sözləri Publika.az-a açıqlamasında millət
vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, həmin təşkilatların səssiz qalması
ikili standartların göstəricisidir:

“Ermənistanda beynəlxalq qurumların nümayəndəlikləri, mənzil
qərargahları, eləcə də xarici səfirlikləri, insan haqları ilə
məşğul olan qeyri-hökumət təşkilatları var. Təbii ki, həmin
məhkumun partiya yoldaşları, ailə üzvləri bu barədə xarici
təşkilatlara məlumat verib. Lakin insan haqlarından danışanlar bir
dəfə də olsun bu barədə bir söz yazdılarmı? Əslində bu, birinci hal
deyil. Ermənistanda uzun illərdir qanunsuzluqlar, insan haqları,
demokratiyanın pozulması müşahidə edilir, cinayətkarlıq dövlət
səviyyəsində davam edir. Parlament atəşə tutulur, qanunsuz
hadisələr baş verir, təzyiq, güc vasitəsilə insanlar hakimiyyətə
gəlir. Bütün bu hadisələr isə Avropa tərəfindən mükafatlandırılır.
Həmin Avropa üç aya yaxındır davam edən “sarı jiletli”lərin etirazı
və digər hadisələrə reaksiya vermir. Avropaya müəyyən məsələlərdə
boyun əyməyən dövlətlər, o cümlədən Azərbaycan onların xoşuna
gəlmir. Bütün bunlardan sonra isə Ermənistanda dünyasını dəyişən
siyasi məhbusla bağlı reaksiya olacağını gözləmirəm. Avropa Şurası,
Avropa Parlamenti, digər insan hüquqları ilə məşğul olan
təşkilatlar Ermənistanın xeyrinə, Azərbaycana qarşı şər-böhtan
kampaniyası ilə məşğuldurlar. Dünyaya demokratiya dərsi keçən ABŞ
Venesueladakı qanunsuzluqları açıq-aşkar dəstəkləyir. Beynəlxalq
səviyyədə bundan pis qanun pozuntusu ola bilərmi? Onlar istədikləri
dövlətdə çevriliş, təxribata nail olmaq, vətəndaş müharibələri
yaratmağa can atırlar. Buna görə Azərbaycana qarşı daxildə və
xaricdə xeyli qruplar yaradıb, iyrənc kampaniya ilə məşğuldurlar.
Həmişəki kimi bu istəkləri yarımçıq qalacaq”.

Millət vəkili bu məsələ ilə bağıı Azərbaycan Parlamentinin
Avropa Parlamentinə müraciət göndərəcəyini deyib:

“Milli Məclisin Avropa təşkilatlarında təmsil olunan qrupları
var. Bu kimi hallarda onlar lazımi etirazlarını edir. Əminəm ki, bu
hadisə ilə bağlı da millət vəkillərimiz müvafiq müraciət
hazırlayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir