Müqavilə şərtlərini pozdular – Avropa İttifaqı araşdırmalara başladı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avropa İttifaqı Avstriyaya qarşı müqavilə şərtlərini
pozduğuna görə araşdırmalara başlayıb. Avropa Komissiyasının sosial
məsələlər üzrə komissarı Marianne Tissen bildirib ki, araşdırmalara
səbəb Avstriyanın uşaqlara görə ailələrə ödənilən müavinətlərin
indeksləşdirilməsidir.

Publika.az xəbər verir ki, bir ildən artıqdır
hakimiyyətdə olan koalisiyalı hökumət ailələrə ödənilən uşaqpulunun
həmin uşağın yaşadığı ölkənin həyat şərtləri əsasında
indeksləşdirilməsi barədə qərar qəbul etmişdi. Belə ki,
valideynləri Avstriyada yaşayıb-işləyən, özü isə digər bir ölkədə
yaşayan uşaqlar üçün uşaqlara müvafiq müavinət həmin ölkənin həyat
şərtlərinə uyğunlaşdırılıb. Avstriya hökumətinin bu addımı
valideynlərlə yanaşı, bir çox Şərqi Avropa ölkələrinin rəsmiləri
tərəfindən etirazla qarşılanıb. İndiyədək yeddi Şərqi Avropa ölkəsi
bu addımına görə Avstriyaya qarşı Avropa Komissiyasına şikayət
ünvanlayıb. Uşaqlara görə ödənilən müavinətlərin
indeksləşdirilməsi, ümumilikdə, 125 min uşağa şamil olunur və
onların əksəriyyəti Slovakiya, Macarıstan, Polşa və Rumıniyada
yaşayırlar. İndeksləşmə sayəsində Avstriya hökuməti hər il 114
milyon avroya qənaət etmək niyyətindədir.

Komissar Marianne Tissen bildirib ki, Avstriyanın
indeksləşdirməyə dair qərarı olduqca qeyri-ədalətli yanaşmadır:
“Avropa İttifaqında ikinci kateqoriyalı işçi kütləsi olmadığı kimi,
ikinci kateqoriyalı uşaqlar da ola bilməz”. Avropa Komissiyasının
apardığı ilkin analizlər göstərib ki, Avstriyanın qəbul etdiyi bu
qərar Aİ qanunları ilə ziddiyyət təşkil edir. Komissar qeyd edib
ki, Avstriyada yaşayan və əmək fəaliyyəti ilə məşğul olan şəxslər
bu ölkənin sosial sisteminə öz töhfələrini verirlər və onların
övladları harada yaşamasından asılı olmayaraq, müavinətləri tam
şəkildə almaq haqqına sahib olmalıdırlar.

Rəsmi Vyana iki ay müddətində Avropa Komissiyasına yeni
qaydalarla bağlı izahat verməlidir. Əgər məsələ qarşılıqlı anlaşma
yolu ilə həllini tapmazsa, Avstriya dövlətinə qarşı Avropa Ədalət
Məhkəməsi qarşısında iş açıla bilər.

Avstriyanın ailə məsələləri üzrə naziri Yuliane Boqner-Ştrauss
Brüsselin mövqeyinə görə narahatlıq keçirmədiklərini bildirib. O
qeyd edib ki, Avstriya hökuməti qəbul etdiyi qərarı düzgün və
Avropa qanunlarına konform hesab edir, eyni zamanda, Avropa
Komissiyasının indeksləşməni yoxlamaq hüququnu da qəbul edir. Əgər
komissiya Avstriyanın dəlillərini yetərli hesab etməzsə, o zaman
yekun söz Avropa Ədalət Məhkəməsində olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir