İxtisar olunanlar işlə təmin olunacaqlar

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dövlət qurumlarında struktur islahatlarının bir məqsədi
var ki, işimizi daha da yüksək səviyyədə quraq.

Yanvarın 24-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində
Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz
toxumları istehsalı” kompleksinin açılışında iştirak edən Prezident
İlham Əliyev Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşündə
deyib.

Dövlətimizin başçısı qeyd edib: “Çox sağ olun, mən sizi ürəkdən
salamlayıram. Çox şadam ki, Azərbaycanda Aqrar İnkişaf Könüllüləri
hərəkatı başlayır. Əminəm ki, bu hərəkatın çox böyük gələcəyi
olacaq. Ümumiyyətlə, Azərbaycanda könüllülərin sayı artır və bu,
çox sevindirici haldır. Bildiyiniz kimi, Azərbaycanda könüllülər
hərəkatı “ASAN xidmət” mərkəzlərində başlamışdır və çox geniş vüsət
almışdır. Bu günə qədər minlərlə könüllü “ASAN xidmət”də fəaliyyət
göstərmiş və indi müxtəlif vəzifələrdə uğurla çalışır. Könüllülər
bizə, eyni zamanda, mötəbər beynəlxalq tədbirlərin keçirilməsində
yardımçı olublar, xüsusilə Avropa Oyunlarında, İslam Həmrəyliyi
Oyunlarında. Bu Oyunların hazırlanmasında və keçirilməsində
könüllülərin çox böyük zəhməti, payı olub. Bildiyiniz kimi, mən
onların hər birini fəxri diplomlarla təltif etmişəm. Bu gün aqrar
sahədə də könüllülər öz sözünü deməyə başlayır. Mən bu təşəbbüsü
çox alqışlayıram. Çünki bölgələrdə yaşayan gənclər bu işlərə
qoşularaq aqrar sahədə böyük uğurlara nail ola bilərlər”.

İlham Əliyev bildirib ki, aqrar sahə Azərbaycan üçün strateji
sahədir: “Bu, həm iqtisadi, həm sosial sahədir. Əhalimizin 47 faizi
bölgələrdə yaşayır. Ona görə son illərdə kənd təsərrüfatının,
regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət məhz bu
məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və
Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları
ən yüksək səviyyəyə qaldırsın.

Bu gün biz Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik
Elmi-Tədqiqat İnstitutunun açılışında bu məsələləri önə çəkmişik.
Bu gün biz bu gözəl müəssisənin timsalında aqrar sahədə aparılan
işləri görürük. Çünki bu institut 1960-cı illərdə yaradılmışdır və
demək olar ki, son illərdə fəaliyyət göstərmirdi, bura dağınıq bir
yer idi. 2016-cı ildə bu institutun müasir səviyyədə qurulması üçün
müvafiq Sərəncam imzalanmışdır, işlər başlamışdır və indi 30 hektar
ərazidə ən müasir mərkəz yaradılıbdır – istixanalar, institutun
gözəl binası, laboratoriyalar. Bu institutun fəaliyyəti çox böyük
əhəmiyyət daşıyır. Çünki ilk dəfə olaraq Azərbaycanda toxumçuluq
istixanaları yaradılır. Hazırda bizdə istixanaların sayı çoxdur və
indi tərəvəzçiliyə böyük maraq var. Toxumçuluq istixanalarının
yaradılması isə ancaq bu gündən başlayır və bu mərkəz ölkəmizin hər
bir bölgəsinə dəstək olacaq”.

Prezident vurğulayıb ki, tərəvəzçilik bizim kənd təsərrüfatının
ənənəvi sahəsidir, böyük gəlir gətirən sahədir: “Yəqin siz
bilirsiniz ki, kənd təsərrüfatı məhsulları arasında bizə ən çox
gəlir gətirən pomidor ixracıdır. Fermerlər bu işlə böyük həvəslə
məşğuldurlar və digər tərəvəzlərin yetişdirilməsi çox sürətlə
gedir. Biz ildən-ilə istehsalı artırırıq. Bu institutun fəaliyyəti
məhsuldarlığı böyük dərəcədə artıracaq, eyni zamanda, xaricə gedən
valyutanın qarşısını müəyyən qədər alacaq. Çünki bu gün bütün
toxumlar xaricdən gətirilir və onların alınmasına böyük məbləğdə
vəsait gedir. Bundan sonra toxumların əhəmiyyətli hissəsi ölkəmizdə
yetişdiriləcək, beləliklə, valyuta gətirəcək, məşğulluq,
məhsuldarlıq artacaq və biz özümüzü bundan sonra tam təmin etməklə
xarici bazarlara daha böyük ixrac imkanlarımızla çıxacağıq.
Məqsədimiz bundan ibarətdir”.

Dövlət başçısı əlavə edib ki, ölkə iqtisadiyyatının
şaxələndirilməsi, qeyri-neft sektorunun, aqrar sahənin inkişafı
gündəlikdə duran əsas məsələlərdən biridir: “Bu sahədə, sənaye
sahəsində də müsbət meyillər var. Bildiyiniz kimi, bu yaxınlarda
Sumqayıtda karbamid zavodu açılmışdır. Bu, qeyri-neft sektorunda
həyata keçirilən ən böyük layihədir. Biz özümüzü azot gübrələri ilə
tam təmin edəcəyik. Eyni zamanda, təqribən 150-160 milyon dollar
dəyərində məhsul ixrac edəcəyik. Azərbaycanda pivot suvarma
sistemləri, pestisidlər zavodları fəaliyyət göstərir. Yəni, sənaye
istehsalı da kənd təsərrüfatını dəstəkləyir, ona lazımi şərait
yaradır. Əlbəttə, sizin kimi gənclərin bu işlərdə fəal iştirakı
hesab edirəm ki, uğurun əsas şərti, əsas amili olacaq.

Mən çox şadam ki, Azərbaycan gəncləri aqrar sahəyə çox böyük
maraq göstərirlər. Bu, Azərbaycanda doğrudan da bir yenilikdir.
Əvvəllər hesab olunurdu ki, aqrar sahə o qədər də cəlbedici, o
qədər də maraqlı deyil, hətta hesab olunurdu ki, o qədər də gəlir
gətirən sahə deyil. Ancaq baxır sən buna necə yanaşırsan. Əgər
dövlət kənd təsərrüfatına dəstək verirsə, həm gəliri olacaq, həm
maraqlı olacaq, həm də ki, özünü innovasiyalarla təmin edəcək”.

Prezident deyib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafına
çox böyük dövlət dəstəyi var – subsidiyalar verilir, fermerlər
torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar.
Texnikalar alınır, güzəştli şərtlərlə kreditlər verilir. Hazırda
kənd təsərrüfatında böyük islahatlar aparılır, subsidiyaların
verilməsi mexanizmi təkmilləşir, fermerlər üçün daha aydın, daha
rahat mexanizm tətbiq olunur: “İnstitutun binasında mənə Elektron
Kənd Təsərrüfatı layihəsi təqdim edilmişdir. Yəni, fermerlər üçün
tam yeni şərait yaradılır və beləliklə, kənd təsərrüfatı çox
cəlbedici sahə olacaq. Azərbaycan vətəndaşları görəndə ki, sizin
kimi savadlı, bilikli gənclər bu sahəyə maraq göstərirlər, əminəm
ki, maraq daha da böyük olacaq.

Mən çox şadam ki, bu gün sizinlə birlikdə bu gözəl institutun
yenidənqurmadan sonra açılışında iştirak edirik. Onu da
bildirməliyəm ki, hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər
dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların
bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq. Onu
da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan
strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd
təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da
tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o
müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar
bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir.

Sizi bir daha salamlayıram, təbrik edirəm. Siz Azərbaycanın
müxtəlif bölgələrində işləyəcəksiniz və ümumi işimizə öz töhfənizi
verəcəksiniz. Sağ olun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir