“Araz Əlizadənin mənim valideynlərimi söydürməsi…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Teleqraf.com saytının suallarını politoloq, şərqşünas
Zərdüşt Əlizadə cavablandırıb.

Publika.az həmin müsahibəni təqdim edir:

– Zərdüşt bəy, ABŞ Prezidenti Donald Tramp “Tvitter”
hesabında kürdlərə hücum edəcəyi təqdirdə Türkiyəni iqtisadi
baxımdan çökdürəcəklərini bildirib. Bu fikrə münasibətinizi bilmək
istərdik…

– Sözdür deyir… Necə çökdürə biləcək? Türkiyə onun
müttəfiqidir. Rusiyaya sanksiya tətbiq edir, Türkiyəyə də sanksiya
tətbiq edəcək?! Onsuz da hamı onun əlindən boğaza yığılıb. Avropa,
Çin onun əlindən yığıb, öz qonşuları – Meksikanı, Kanadanı zorla
yeni ticarət müqaviləsi bağlamağa məcbur etdi. Yəni, Tramp qurulmuş
mövcud beynəlxalq nizama müharibə elan edib. Türkiyə də bu nizamın
tərkib hissəsidir.

Türkiyə Yaxın Şərqdə Amerikanın İsraildən sonra ən vacib
müttəfiqidir. Nə edəcək ona? Mənə çox maraqlıdır… Müharibə elan
etməyəcək ki?! Özü də başa düşmür ki, əgər onun ən güclü
müttəfiqinin iqtisadiyyatı dağılacaqsa, bu, Amerikanın özünün də
iqtisadiyyatının zəifləməsi deməkdir. Onun da iqtisadiyyatı
zəifləyib. Müttəfiqinin iqtisadiyyatının zəifləməsi məgər ona
xeyirdir? O dəqiqə görünür ki, bu adam iqtisadçı deyil. Özünü lotu
kimi aparan biznesmendir.

Düşünürəm ki, Türkiyədə Trampın qiymətini çox gözəl bilirlər.
Bilirlər ki, onun Yaxın Şərqdəki mövqeyi iki amillə bağlıdır.
Birinci amil İsraillə yaxın münasibətləri, faktiki olaraq
Amerikanın İsraildən, Amerika siyasətinin İsrail siyasətindən
asılılığıdir. İkincisi, kürd amilinə istinad etməsidir. Kürd amili
də artıq Suriyada qurulur. Kürdlərin əvvəlki istəkləri – dövlət
quracaqları, silahlı qüvvə saxlayacaqları, Amerikanın müttəfiqi
olacaqları ideyası artıq işləmir. Amerika Suriyanı faktiki olaraq
kürdlərə təhvil verdi. Amma şərt qoyub ki, sən Türkiyəni vurma,
dağıtma. Bununla da üzünün suyunu, hörmətini saxlamaq istəyir. O
hörmət də alınmır.

Türkiyənin qətiyyəti sarsılmazdır. Yaxın Şərqdə kürd milli
dövlətinin yaranmasına imkan verməyəcək. Çünki bilir ki, bu milli
dövlətin ərazisinin böyük hissəsi Türkiyənin ərazisi hesabına
yaranacaq. Qalan ərazilər də İraqın, Suriyanın və İranın ərazisi
hesabına olacaq.

– Qeyd etdiniz ki, Türkiyə ABŞ-ın müttəfiqidir. Ancaq
görünür, Tramp belə düşünmür…

– Amerika dövləti təkcə Trampdan ibarət deyil. Amerika dövləti
ilk növbədə Konqresdir, xalqın seçdiyi nümayəndələrdir. Amerikada
pulu Konqres verir. Pul siyasətdə hər şeydir.

İkincisi, xarici siyasətin əsas cizgilərini Konqres
müəyyənləşdirir. Konqres müharibə elan edir, müharibəni dayandırır,
sülh bağlayır. Yəni, parlament Amerikada, bəli, 3 hakimiyyət
qolundan ən mühümüdür. Buna heç kim şübhə edə bilməz. Tramp da çox
mühüm insandır. Amma çox nahaq yerə deyirlər ki, Amerikanın
prezidenti dünyanın ən qüdrətli adamıdır. Xeyr. Amerikada ən
qüdrətli qüvvə Konqresdir.

Konqres də indi yavaş-yavaş Trampı çərçivəyə salır. O, çox
vədlər vermişdi. Təbii ki, onun arxasında böyük ictimai qüvvə var.
Bununla bərabər mən düşünürəm ki, Trampın Türkiyə barədə mövqeyi
düzgün mövqe deyil.

– Bu ictimai qüvvə Amerika xalqıdır?

– Bu ictimai qüvvə Amerikanın ağdərili orta təbəqəsi, iri
biznesmenlərdir. Amma ən böyük biznes Konqresin tərəfindədir. Çünki
beynəlxalq maliyyə, transmilli şirkətlər qlobal iqtisadiyyatın
tərəfdarıdırlar. Onlar istəməzlər ki, yalnız Amerika çərçivəsinə
qısılsınlar.

– Ötən ilin noyabrından ABŞ-ın İrana qarşı
sanksiyalarınının yeni dalğası başlayıb. Bu məsələdə gəlinən
hazırkı nöqtəni necə qiymətləndirirsiniz?

– İrandakı dini rejim 1980-ci ildən sanksiyaların altındadır.
Demək, 38 ildir sanksiyalarla yaşayır. Nə edəcəklər İrana? SSRİ 70
il sanksiyalarla yaşadı. Dağılanda da sanksiyalara görə deyil,
hakimiyyətin xəyanəti, xain Mixail Qorbaçovun, Aleksandr
Yakovlevin, Eduard Şevardnadzenin nəticəsində dağıldı. Yəni,
əqidəyə, dövlətə dönük çıxan adamlar mülkiyyəti qamarlamaq
istədilər və dövləti dağıtdılar.

Bəs İran dövləti nə etdi? İran 38 il ərzində qəşəng sənaye, o
cümlədən hərbi sənaye qurdu. İran hazırda qırıcı təyyarə, dron
istehsal edir. Bir çox ərzaq məhsulları üzrə özünü 100 faiz təmin
edir. Xaricdən asılılığı yoxdur. Əvvəl şiə İranı təcrid
olunmuşdusa, fikir verin, indi şiə İraqı var. Yəməndə İranın
müttəfiqi olan zeydilər hakimiyyətdədirlər. Suriyada İranın artıq
hərbi mövcudluğu var. Bölgədə şiə militanları, şiə milisi yaranıb.
Bölgə ölkələrində xalq hərəkatı, Həşdi-şəbi deyilən İranın
müttəfiqləri olan silahlı qüvvələr formalaşıb. Yəni, Amerika İraqa
girib Səddam Hüseyni devirməklə İran üçün böyük bir sahəni açdı və
dedi ki, gəl, burda işlə. İran da işləyir.

İndi nədən inciyirlər? Özləri İranın güclənməsinə şərait
yaratdılar. Yəni, Amerika siyasətini həyata keçirənlər strateji
düşünə bilmirlər. Başa düşmürlər ki, bu ərazi müsəlmanların
torpağıdır. Onlar gəlib burada əbədi ağalıq edə bilməzlər. Onlar
isə ağalıq etmək istəyirlər. Hər dəfə kimisə vuranda o biri qüvvə
üçün sanki yol açılır. Mən düşünürəm ki, amerikalılar İrana heç nə
edə bilməzlər.

Əlbəttə, müəyyən ziyan vururlar. Amma İran dağılsa, daxili
səbəblərdən dağıla bilər. Necə ki, SSRİ daxili səbəblərdən dağıldı.
İranın indiki vəziyyəti Amerikaya İrana qalib gəlməyə azacıq da
ümid vermir. Amma uğursuz hərəkətlər etsələr, uğursuz siyasət
yürütsələr, bəli, ola bilər.

– Şərti olaraq “Ərəb NATO-su” adı verilən və ABŞ-ın
İranı Yaxın Şərqdən təcrid etmək məqsədilə Körfəz ölkələri, Misir
və İordaniya ilə birgə qurmaq istədiyi Yaxın Şərq Strateji İttifaqı
planının yenidən müzakirə masasına qaytarıldığına dair informasiya
yayılıb. Məlumata görə, Camal Qaşıqçı cinayətindən sonra gündəmdən
çıxan ideya son günlər ABŞ dövlət rəsmilərinin Yaxın Şərqə səfəri
zamanı müzakirə edilib. Sizin də bu məsələyə dair fikirlərinizi
bilmək istərdik…

– Boş söhbətdir. Heç bir “Ərəb NATO-su” yaradılmasından söhbət
gedə bilməz. 1950-ci illərin axırlarında “Bağdad paktı”, daha sonra
SENTO, SEATO yaratmışdılar. NATO-dan başqa hər hansı hərbi-siyasi
blok səmərəli deyil. İndi NATO özü də dərin böhran içindədir.
Yaransa belə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi bir
şey olacaq.

Səudiyyə pul, Misir əsgər verir. Ancaq ortada effektiv iş
yoxdur. Amerika özündən asılı ölkələrdə paktlar yaratmaq istəyir.
Vaxtilə bizim də iştirakımızla MDB daxilində GÜÖAM yaradırdı. O
qurumun axırı nə oldu? Özbəkistan qurumdan çıxdı. İndi də GUAM-ın
fəaliyyəti hiss olunmur. Odur ki, hələlik bir güclü blok var – NATO
bloku. O səmərəli blokdur, işləyir, çalışır, vuruşur. Gedib
bombalayır, işğal edir və sair.

– Zərdüşt bəy, qardaşınız, deputat Araz Əlizadənin
açıqlamalarına və cəmiyyətin ona olan təpkisinə münasibətiniz
necədir?

– Bizim cəmiyyətin ümumi mədəniyyəti orta əsr əxlaqına söykənir.
Yəni, mən sizinlə hansısa məsələni müzakirə edirəm. Fikirlərimiz
tərs gəlir. O saat orta əsr əxlaqına görə nə edirlər? Nəsil yada
düşür. Ata-ana, bacı… Ağız, üz, kəmərdən aşağı hamısı…

İstər Araz Əlizadənin, istərsə də ona öz aləmlərində guya cavab
verənlər hamısı orta əsr vəhşi mədəniyyətsizliyinin nümunəsidir.
Yəni, bunlar səviyyəsizliyi, vəhşiliyi, mədəniyyətsizliyi göstərən
əlamətlərdir.

– Araz Əlizadənin etiraza səbəb olan sonuncu fikri
Mehman Hüseynovun anası ilə bağlı oldu. Siz Araz Əlizadənin Mehman
Hüseynovun anası – həyatda olmayan bir qadın haqqında dediyi
fikirlərə necə baxırsınız?

– Mən onu oxumamışam. Mən ümumiyyətlə internetdə Azərbaycan
seqmentinə – “Feysbuk”una, videolara baxmıram. Qanımı qaraltmaq
istəmirəm. Çünki səviyyə aşağıdır. Hədsiz dərəcədə barbardır.
Oradakı siyasi mülahizələri görəndə məni gic gülmək tutur. Yəni, o
qədər məntiqsiz, o qədər savadsızdırlar ki…

O biri tərəfdən də əxlaqa möhtacdırlar. Nə vaxtsa ağlabatan nəsə
yazanda mən reaksiya verirəm.

Mehman Hüseynov məsələsinə gəldikdə, mən hesab edirəm ki, o,
vaxtında buraxılsa, Avropaya çıxıb gedəcək. Onun istəyi budur.
Gedib qardaşı kimi Avropada yaşayacaq. İndidən deyirəm ki, Mehman
Hüseynov çıxan kimi xaricə gedəcək. Xaricə getmək istəyən o qədər
azərbaycanlı var ki… Onlardan biri də Mehman Hüseynovdur.

– Zərdüşt bəy, Araz Əlizadə barədə öz fikrini ifadə
edənlərin səviyyəsiz, barbar olduğunu bildirdiniz. Ancaq məsələ
ondadır ki, Araz bəy özü söylədiyi fikirlərlə təhqirlərə, söyüşlərə
rəvac verir…

– Mən dedim, hamı, kim ki məsələnin özü barədə danışmır,
qohumlara – ataya, anaya, bacıya, arvada və sair keçirsə, onlar
böyük səhv edir, xəta edirlər.

– Siz son vaxtlar tendensiyaya çevrilən bu halla bağlı
qardaşınıza irad tutmusunuzmu?

– Mən ümumi şəkildə dedim. Mən ümumiyyətlə çalışıram ki, ona
toxunmayım. 2000-ci ildən bəri mənim onunla heç bir əlaqəm yoxdur.
Heç bir. Nə salam-əleykümüm, nə bir görüşüm var. Çalışıram unudum
ki, belə bir vücud var. Vəssalam.

Eynilə onun kimi Azərbaycan siyasətində bir çox adamlar var ki,
mən onları heç düşünmürəm, yada da salmaq istəmirəm. Nəsə deyəndə
mənə zəng edirlər ki, Filankəs sənin haqqında filan şey dedi.
Dedim, əcəb eləyib. Deyib, deyib də. Demokratiyadır, desin. Mən
fikir vermirəm. Mənim öz həyatım, öz dünyam, öz ətrafım var.
Onlarla oturub dururam. Kənar adamlar mənim vecimə deyil.
Vəssalam.

O ki qaldı onun hərəkətləri ilə mənim valideynlərimi də
söydürməsinə… Bu da onun öz işidir. Nə edim, gedib hamının ağzını
yuma bilmərəm ki?! Odur ki, mənə dözmək və fikir verməmək
qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir