Müstəqil.az informasiya agentliyinin baş redaktoru Cavid Süleymanov yazır…Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı
şəhərində anadan olub.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil
olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun
aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə
edərək tarix elmləri namizədi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr
İnstitutunda müəllim işləyib.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra
istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə
birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft
strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib.

İki dəfə 1995-ci ildə və 2000-ci ildə Azərbaycan Respublikasının
Milli Məclisinə üzv seçilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin
prezidentidir (2016-cı ildə dövlət başçısı bu vəzifəyə yenidən
seçilib).

1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini,
2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın
sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ
PA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin
rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament
Assambleyasının sədr müavini, AŞ PA-nın Büro üzvü seçilib.

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə
təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam
verilib. Həmin il avqustun 4-də Milli Məclis tərəfindən Azərbaycan
Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti
seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham
Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin
icrasına başlayıb.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin
88,73 faiz səsini toplayan İlham Əliyev ikinci dəfə Azərbaycan
Respublikasının Prezidenti seçilib. Həmin il oktyabrın 24-də
vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük
əksəriyyətinin səsini (84,54 faiz) qazanaraq beş il müddətinə
Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 19-da
vəzifəsinin icrasına başlayıb.

2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Prezidenti
seçkilərində İlham Əliyev seçicilərin 86,02 faiz səsini toplayaraq
inamlı qələbə qazanıb. Həmin il aprelin 18-də vəzifəsinin icrasına
başlayıb.

Azərbaycan xalqı sabitliyə, dayanıqlı sosial-iqtisadi inkişafa,
tərəqqiyə, müstəqil siyasətə səs verməklə azad və demokratik
Azərbaycan Respublikasının xoşbəxt və firavan gələcəyini təmin
edib.

Azərbaycan bir daha dünyaya nümayiş etdirdi ki, bütün
azadlıqların təmin olunduğu müasir, demokratik ölkədir.

Müasir standartlara cavab verən güclü ordunun yaradılması
dinamik iqtisadi inkişafla yanaşı müasir Azərbaycanı xarakterizə
edən əsas amillərdən biridir. “Güclü iqtisadiyyata arxalanan
qüdrətli ordu” formulu Prezident İlham Əliyevin fəaliyyətinin əsas
istiqamətlərindən birinə çevrilib.

Azərbaycan Ordusunun gücü və qüdrəti 2018-ci il iyunun 26-da
Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə və sentyabrın 15-də
Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradlarda
nümayiş etdirildi. Bu, Azərbaycan Ordusunun gücünü və imkanlarını
əyani şəkildə görməyə, son 25 ildə nəyə nail olduğunu öyrənməyə və
son illər ərzində ordumuzun əhəmiyyətli dərəcədə gücləndiyini bir
daha göstərməyə imkan verdi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin
ordu quruculuğuna göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan
bu gün regionda ən güclü orduya malikdir. 2016-cı ilin Aprel
döyüşlərində rəşadətli Azərbaycan Ordusunun erməni təcavüzkarlarına
sərt cavab zərbələri bunun sübutudur. Ordumuz işğalçılardan böyük
ərazini azad etməklə və ölkə tarixinə daha bir şanlı səhifə
yazmaqla Azərbaycanın gücünü və nəyin bahasına olur-olsun, işğal
olunmuş əraziləri qaytarmaq səylərini dünyaya nümayiş etdirdi.

Azərbaycan Silahlı Qüvvələrinin qələbələrinin davamı isə 2018-ci
ilin mayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi uğurlu
əməliyyat oldu. Bu əməliyyat zamanı ötən əsrin 90-cı illərinin
əvvəllərində ermənilər tərəfindən işğal olunmuş 11 min hektar ərazi
azad edildi. Uğurlu əməliyyatlar nəticəsində Şərur rayonunun Günnüt
kəndi və kənd ətrafındakı Xunut (2065 metr), Qızılqaya (1683 m) və
Mehridağ (1869 m) yüksəklikləri Azərbaycan bölmələrinin nəzarətinə
keçdi. Naxçıvan əməliyyatı Azərbaycan Ordusu güclü olduğunu bir
daha göstərdi.

Bu hadisələr son illərin vəziyyətini birdəfəlik dəyişdi və
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında
status-kvonun saxlanmasının yolverilməz olduğunu sübut etdi.

2018-ci il Azərbaycan rəhbərliyinin növbəti xarici siyasi uğuru
ilə yadda qaldı. NATO Sammitinin yekununda qəbul olunmuş qətnamədə
Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü
birmənalı şəkildə dəstəklənib. Bu prosesin məntiqi davamı kimi
Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq
prioritetləri” sənədində uzun illər ərzində ilk dəfə Azərbaycanın
ərazi bütövlüyünün dəstəklənməsi dövlətimizin beynəlxalq səviyyədə
tanınan sərhədlərinin pozulmazlığı kontekstində qeydə alınıb.

2018-ci il, həmçinin may ayında bütün Cənub-Şərqi Avropa üçün
strateji əhəmiyyət daşıyan və əsrin ən böyük enerji layihəsi olan
“Cənub Qaz Dəhlizi”nin işə salınması kimi mühüm hadisələrlə yadda
qalacaq. Prezident İlham Əliyevin layihənin birinci mərhələsini
mayın 29-da – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100
illiyindən bir gün sonra və 25-ci yubiley Beynəlxalq Xəzər Neft və
Qaz Sərgi-Konfransının açılış günündə işə salması rəmzi məna
daşıyır. Beləliklə, Azərbaycanın “Şahdəniz” yatağından ilk qaz
“Cənub Qaz Dəhlizi”nin birinci seqmenti ilə – “Şahdəniz 2” üçün
genişləndirilmiş Səngəçal terminalından genişləndirilmiş Cənubi
Qafqaz qaz kəməri ilə hərəkət etdi və iyun ayında TANAP boru
kəmərinin istifadəyə verilməsi ilə Türkiyə ərazisinə çatdı.

“Cənub Qaz Dəhlizi”nin reallaşdırılması Azərbaycanın enerji
siyasətinin müstəqilliyini və uğurunu, eləcə də xarici
tərəfdaşların ölkəmizə etimadını nümayiş etdirir. Məhz Bakı
Avropaya enerji təhlükəsizliyini artırmaq və tədarükü şaxələndirmək
imkanı təklif edib.

Prezident İlham Əliyevin siyasəti sayəsində Azərbaycan dünya
miqyaslı geosiyasi mərkəz statusunu qazanıb, siyasi, iqtisadi,
hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət
tədbirlərinin və qlobal əhəmiyyətli görüşlərin keçirildiyi məkana
çevrilib.

Bütün qeyd olunan nailiyyətlər onu göstərir ki, başa çatmaqda
olan 2018-ci il ərzində Azərbaycanın mövqeləri həm dünya siyasi
arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da
möhkəmləndi. Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndi və
bunun sayəsində tərəfdaşlar ölkəni güclü, müstəqil və etibarlı
oyunçu kimi qəbul edir.

Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlar Prezident
İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin
nəticəsidir. Biz əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi
altında müstəqil Azərbaycanı daha parlaq gələcək gözləyir.

By

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yuxarı