Gələn il diplomatiyamızın ən başlıca vəzifəsi bu olacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması
2019-cu ildə də diplomatiyamızın ən başlıca vəzifəsi olaraq
qalacaq.

Publika.az-ın xəbərinə görə, bu barədə 2018-ci
ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN)
mətbuat buraxılışında deyilir.

Qeyd olunur ki, cari il ərzində Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və
beynəlxalq sərhədləri çərçivəsində həll olunması istiqamətində
diplomatik səylərimiz davam etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri
arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri
çərçivəsində söhbətlər baş tutmuş və Azərbaycan Respublikasının
xarici işlər naziri ilə Ermənistanlı həmkarı arasında son altı ay
ərzində 3 görüş keçirilmişdir. Bu ilin 6 dekabr tarixində ATƏT-in
Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk
Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri,
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı
qəbul olunmuşdur. Bəyanatda münaqişənin sülh yolu ilə ədalətli və
davamlı həlli üzrə danışıqların davam etdirilməsinin
razılaşdırıldığı qeyd olunur. Burada, həmçinin iki ölkənin
rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət
olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret
addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri
isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin
təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan
rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlik danışıqların
keçirilməsi fikrinin əks olunmasıdır. Bu yanaşma ATƏT-in Minsk
Qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.

Bu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən
maraqlarımıza cavab verən aşağıdakı önəmli sənədlərin qəbul
edilməsinə nail olunmuşdur.

3-6 aprel 2018-ci il tarixlərində 117 ölkə və 16 beynəlxalq
təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda
keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun
sənədinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı
prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd
daxil edilmişdir.

16-17 aprel 2018-ci il tarixlərində Düşənbə şəhərində keçirilmiş
İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurası
iclasının yekun sənədinə Ermənistanın-Azərbaycan münaqişəsinin
regional iqtisadi əməkdaşlığa maneə törətdiyi və münaqişənin
tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət
prinsipləri əsasında həllinin vacibliyinə dair bənd daxil
edilmişdir.

5-6 may 2018-ci il tarixlərində Banqladeş Xalq Respublikasının
Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT)
Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında Ermənistanın
Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə
dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul
edilmişdir.

İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında “1992-ci il
Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə də qəbul
olunmuşdur. Qətnamədə Azərbaycanın Xocalı şəhərində və digər işğal
edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri
tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı
törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv
dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal
edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə
cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli
və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy
göstərməyə səslənmişdir.

İl iyul 2018-ci il tarixində Avropa İttifaqı ilə Azərbaycan
arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” sənədində
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin
toxunulmazlığı ilə bağlı Avropa İttifaqından Azərbaycana önəmli
dəstək ifadə olunmuşdur. Bununla yanaşı, 12 dekabr 2018-ci il
tarixində Avropa Parlamentinin qəbul etdiyi “Vahid Xarici və
Təhlükəsizlik Siyasətin həyata keçirilməsi üzrə illik plan” adlı
qətnamədə Avropa Ittifaqının Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəkləməsi bir
daha təsdiqlənmişdir.

Eyni zamanda, 11-12 iyul 2018-ci il tarixlərində Brüsseldə
keçirilmiş NATO Zirvə görüşünün yekun bəyannaməsində Alyans üzvləri
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstək ifadə
etmiş və regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər
əsasında həll olunmasına çıxış etmişlər.

5 oktyabr 2018-ci il tarixində keçirilmiş Demokratiya və
İqtisadi İnkişaf naminə Təşkilat – GUAM dövlətlərinin hökumət
başçılarının iclasında qəbul edilmiş Birgə Bəyanatda
Ermənistan-Azərbaycan münaqişəsi və GUAM üzv ölkələri ərazisində
həllini tapmamış digər münaqişələrin dövlətlərin suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanmış
və bu münaqişələrin beynəlxalq sülh, təhlükəsizlik və sabitliyə
təhlükə təşkil etdiyini nəzərə alaraq, onların yuxarıda göstərilən
prinsiplər əsasında tezliklə həlli məqsədilə beynəlxalq
ictimaiyyətə səylərin artırılması üçün çağırış edilmişdir.

Növbəti ildə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının
milli maraqlarının beynəlxalq müstəvidə layiqincə qorunması və
təmin olunması, həmçinin Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail
olunması məqsədilə müstəqil, çevik, praqmatik və çoxşaxəli xarici
siyasət fəaliyyətini davam etdirəcəkdir. Ermənistanın Azərbaycana
qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad
edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması
diplomatiyamızın ən başlıca vəzifəsi olaraq qalacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp