Heydər Əliyevin missiyası böyük xilaskarlıq missiyası idi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

On beş il əvvəl – 12 dekabr 2003-cü il Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev dünyasını dəyişdi. Onun
həyat yolu Azərbaycanın inkişaf yoludur. Tarixdə elə şəxsiyyətlər
var ki, fəaliyyəti bütöv xalqın taleyini müəyyən edir. Belə
şəxsiyyətlərdən biri də Heydər Əliyevdir.

Publika.az xəbər verir ki, bu sözlər hüquq
elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq
hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi
Arif Quliyevin Ukraynanın “Versii” saytında Ümummilli Lider Heydər
Əliyevin vəfatının 15 illiyi ilə bağlı dərc etdiyi məqaləsində yer
alıb.

Vətənə böyük xidmətə həsr edilmiş həyat

Məqalədə qeyd edilir ki, Heydər Əliyev böyük insan, tarixi
şəxsiyyət idi və belə insanlar bəlkə də əsrdə bir dəfə – ən çətin
zamanda, xüsusilə də ona ehtiyac duyulduqda gəlib çıxırlar.

“Xalq həyatını vətənə böyük xidmətə həsr edən liderlərini və
qəhrəmanlarını unutmur. Praktik olaraq bütün problemlərin həlli,
ölkənin taleyüklü ideyalarının həyata keçirilməsi onun adı ilə
bağlıdır. Öz ölkəsi üçün nurlu bir şəxsiyyət, lider olmuş Heydər
Əliyev müasir Azərbaycan tarixinin mürəkkəb dövründə xalqa düzgün
yol göstərib, onu səhvlərdən və faciələrdən xilas edib. Sağlığında
Azərbaycan xalqının Ümummilli Lideri kimi tanınmış Heydər Əliyev
dünyasını dəyişəndən sonra da xalqın rəğbət və sevgisini itirməyib.
O, hər bir azərbaycanlının nəzərində təkcə ölkənin istedadlı
rəhbəri kimi deyil, həm də hərtərəfli inkişaf etmiş bütöv şəxsiyyət
kimi ideal olub. O, hər bir azərbaycanlı üçün yalnız ölkənin
qabiliyyətli lideri kimi deyil, həm də dərin ahəngdar, bütöv və
hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi idealdır. Ümummilli
liderlik zirvəsini fəth etmək dövləti və xalqı doğru yola
yönəltmək, ən ağır və çətin məqamlarda xilaskarlıq missiyasını
həyata keçirmək, yubanmadan ölkənin və xalqın taleyində həlledici
rol oynamaq qabiliyyəti sayəsində mümkün olmuşdur. Bundan başqa,
Heydər Əliyev anadangəlmə yorulmayan insan idi, bütün həyatı boyu
öz üzərində işləyirdi”, – məqalədə qeyd edilir.

Azərbaycanın salnaməsində ən parlaq və məzmunlu
səhifələr Heydər Əliyevin idarəçiliyi dövrünə aiddir

Qeyd edlir ki, Heydər Əliyev həqiqi siyasətçi idi, bir çox
başqalarından fərqli olaraq, heç vaxt xalqa cəlbedici vədlər
vermirdi, əksinə reallıqda həyata keçirilə bilən işləri bəyan
edirdi:

“Onun siyasi və idarəçilik prinsipləri romantizm və
xəyalpərəstlikdən uzaq idi. Mümkündür ki, onun qərarları ilk
baxışda, kiməsə əsassız görünə bilərdi, amma onlar həmişə müəyyən
vəziyyətdə düzgün və optimal olurdu. Və indi, çox illər sonra
Azərbaycan öz müstəqilliyini əldə etdikdə, biz Heydər Əliyev
tərəfindən atılmış addımların uzaqgörənliyini və düzgünlüyünü,
Azərbaycanın gələcək inkişafı üçün onların ehtiyacını dərk etdik.
Heydər Əliyev yüksək postunda birinci günlərdən öz xalqının
dirçəliş və xoşbəxt gələcəyi naminə böyük fədakarlıq nümayiş
etdirdi. Bu dövrdə güclü dövlət, milli dirçəliş, sosial çiçəklənmə
və Azərbaycanın mənəvi yüksəlişinin əsası qoyulmuşdu. O, sovet
idarə sistemini öz Vətəninin strateji maraqlarına dəyişdirməyə
qadir lider idi”.

Heydər Əliyev xalqın yüksək etibar və ümidlərini
doğultdu

Müəllif yazır ki, Heydər Əliyevin rəhbərliyi illərində
Azərbaycan əldə etdiyi müvəffəqiyyətlər haqqında çox danışmaq olar,
ancaq burada başqa bir an əhəmiyyətlidir. Onun sözlərinə görə, əgər
biz bugünkü Azərbaycana baxsaq, onda cəsarətlə bildirə bilərik ki,
Heydər Əliyev öz ölkəsinin 20-30 il gələcəyini görən insan idi.

“Onun tərəfindən əsası qoyulmuş iqtisadi və sosial inkişaf
layihələri böyük strateji əhəmiyyətə malik idi. Heydər Əliyev
effektiv sovet idarəçiliyi prinsiplərindən istifadə etdi və ittifaq
dövlətinin tərkibində Azərbaycanın inkişafını təmin etməyə
çalışırdı. Bu, onun sonrakı – artıq müstəqil dövlət kimi
müvəffəqiyyətli inkişafının güclü əsasını qoydu. Böyük lider öz
xalqının və ölkənin həyatında əsrlərlə unudulmayacaq belə bir rol
oynadı”, – Arif Quliyev qeyd edib.

Məqalədə xatırlanır ki, 1990-cı illərin əvvəllərində, Sovet
İttifaqının dağılmasından sonra Azərbaycan dağılma və vətəndaş
müharibəsi həddində idi:

“Azərbaycan xalqına qarşı Ermənistanın təcavüzü geniş miqyas
aldı. İqtisadiyyatda, siyasətdə və başqa sferalarda böhran ciddi
sınaq oldu. Həmin vaxt hakimiyyətdə olanların təcrübəsizliyi və
qeyri-peşəkarlığına görə ölkədə idarə olunmayan vəziyyət
yaranmışdı. Bu dövr Azərbaycan üçün həlledici idi: o ya müstəqil
dövlət olacaq, ya da daxili çəkişmələr və separatizm güclərinin
fəaliyyəti nəticəsində məhv ediləcək və ya parçalanacaqdı.
Azərbaycan qarşısında seçim dururdu: “olmaq və ya olmamaq”. Amma bu
ağır vaxtda Azərbaycan xalqı Heydər Əliyevi – o dövrünün görkəmli
siyasətçisini çağıraraq öz müdrikliyini nümayiş etdirdi. 1993-cü
ilin iyununda Heydər Əliyev Azərbaycan Parlamentinin sədri seçildi,
amma eyni vaxtda Azərbaycan Respublikasının Prezidentinin
səlahiyyətlərini həyata keçirməyə başladı. Həmin ilin oktyabrında
Azərbaycan xalqı onu öz Prezidenti seçdi”.

İnkişafın Azərbaycan yolu

Məqalədə vurğulanıb ki, ölkədə vəziyyətin səhmana salınması üzrə
Heydər Əliyevin əzəmətli fəaliyyəti neft strategiyasının
inkişafıyla paralel gedirdi:

“Ölkənin sabit iqtisadi inkişafı, sosial və milli birlik
strategiyasının işlənməsində Heydər Əliyevin xidmətləri
qiymətəgəlməzdir. Azərbaycanda Ümummilli Liderin sayəsində dövlət
formalaşma yoluna çıxdı və dünya siyasi elminə “Azərbaycan yolu”
kimi girdi.

Azərbaycanın güclü iqtisadi və mədəni inkişafı Heydər Əliyevin
adı ilə bağlıdır. Heydər Əliyev yalnız ölkəni xaosdan çıxarmadı,
həm də onu çiçəklənən dövlət etməyi bacardı. Heydər Əliyev çox qısa
müddətdə Azərbaycanı inkişaf və çiçəklənmə yoluna çıxardı. 1994-cü
ildə onun rəhbərliyi altında Azərbaycan dünyanın ən böyük neft-qaz
korporasiyaları ilə “Əsrin Müqaviləsi”ni imzaladı. Dünyanın aparıcı
dövlətlərin ən qabaqcıl şirkətlərinin bu müqaviləsində iştirakı
regionda ölkəmizin nüfuzunu yüksəltdi. Bu razılaşma
investisiyaların cəlb edilməsində və ölkənin sənaye inkişafında,
həmçinin onun iqtisadiyyatının yaxşılaşdırılmasında əhəmiyyətli rol
oynadı”.

Diplomatiya döyüş sahəsi deyil

Arif Quliyev qeyd edib ki, neft müqavilələrinin imzalanması,
ölkə daxilində sabitlik və sakitliyin əldə olunması, iqtisadi
islahatlar və mədəni yüksəliş, nəhayət, 1994-cü ilin mayında Dağlıq
Qarabağ münaqişə zonasında atəşkəsin təmin edilməsi, münaqişənin
həlli üzrə Azərbaycan diplomatiyasının ilk uğurlarının qazanılması
Heydər Əliyevin sözünün və işlərinin böyüklüyünün nəticəsi idi:

“Ümummilli Lider Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin sülh və ədalətli nizama salınmasına cəhd edirdi.
Azərbaycan liderinin belə yanaşmaları bu gün Azərbaycan
diplomatiyasının gündəliyində başlanğıc məsələ kimi dayanır:
münaqişənin nizama salınması üzrə proseslərin inkişafının ən
optimal modelini hazırlamaq və nəticədə, Cənubi Qafqazın bütün
qaynar nöqtələrində sülh perspektivlərini yaxınlaşdırmaq.

Heydər Əliyevin siyasi və diplomatik fəaliyyəti Azərbaycan
haqqında hamı tərəfindən qəbul edilmiş fikirləri dəyişdirdi.
Ümummilli Liderin uzaqgörənliyinin sayəsində respublikada yeni
iqtisadi münasibətlərin əsasları qoyuldu, özəl sektor yaradıldı,
böyük xarici investisiyalar cəlb edildi, sahibkarlar üçün geniş
imkanlar yaradıldı, sovet vaxtından qalmış fabriklər və zavodlar
dünya bazarına çıxarıla biləcək malların istehsalı üçün yerli və
xarici sahibkarlara verildi. “Güclü iqtisadiyyata malik olan dövlət
hər şeyə qadirdir”, – Heydər Əliyev belə bir prinsipi rəhbər
tuturdu. Heydər Əliyev Respublika Prezidenti kimi hakimiyyətə
gələrək yalnız Azərbaycanda daxili siyasi sabitliyə nail olmadı,
həm də ölkənin iqtisadi müstəqilliyinin əsaslarını qoydu.
İstehsalın bərpası, maliyyə vəziyyətinin yaxşılaşması və
investisiyaların cəlb edilməsi üçün anti-böhran proqramı
hazırlandı. Müstəqillik yolu qədər çətin yol yoxdur. Heydər Əliyev
müstəqil Azərbaycanı qurdu”.

Heydər Əliyevin ən güclü silahı xalqla danışmaq bacarığı
idi

Məqalədə qeyd edilir ki, Heydər Əliyev fenomenal yaddaşa,
iradəli keyfiyyətlərə, ən əsası xalqla danışmaq kimi güclü silaha
malik idi və hər bir vətəndaşı şəxsən qəbul edirdi:

“Heydər Əliyev incə psixoloq və diplomat idi, o, həmsöhbətin
əhval-ruhiyyəsinin ən xırda nüanslarını tuta bilirdi. Azərbaycan
dili Heydər Əliyevin xüsusi diqqət mərkəzində dili idi. Heydər
Əliyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə nail
oldu, bu, 1978-ci il Konstitusiyasında əksini tapmışdı. O zaman
belə addım qəhrəmanlığa bərabərləşdirilirdi”.

Qeyd edilir ki, Azərbaycanın xarici siyasət kursunun
formalaşması böyük lider Heydər Əliyevin adıyla qırılmaz surətdə
bağlıdır.

İlham Əliyev Ümummilli Liderin layiqli
davamçısıdır

“Əminəm ki, bizim idealımız və Ümummilli Liderimiz Heydər Əliyev
müasir Azərbaycanla fəxr edərdi. Azərbaycanın indiki Prezidenti
İlham Əliyev Ümummilli Liderin layiqli varisi kimi onun
tarazlaşdırılmış, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə
edən siyasətini davam etdirməyə qadirdir, onun sınanmış komandası
və dəqiq strategiyası var. Bu gün Azərbaycan xalqı öz nailiyyətləri
ilə fəxr edir, hər gün bu nailiyyətlərin sayını daha da artırır,
dünya iqtisadiyyatına, dünya mədəniyyətinə öz töhfələrini
verir.

Məşhur bir ibrətli hekayə var. Orada deyilir ki, kişi öz
həyatında üç şeyi etməlidir: ev tikmək, ağac əkmək və oğul
böyütmək. Heydər Əliyev ölkəni – müstəqil Azərbaycanı tikdi, onu
çiçəklənən bağa çevirdi, ölkəni tərəqqi və xoşbəxtlik yolu ilə
aparan, siyasi kursunu davam etdirən layiqli davamçısını tərbiyə
etdi. Milli mədəniyyəti səmimiyyətlə sevmiş və dünya mədəni
irsini yüksək qiymətləndirmiş Heydər Əliyevin davamçısı, indiki
Prezident İlham Əliyevin sayəsində bu gün Bakı mədəniyyətlərarası
dialoqun geniş meydançasına çevrilib.
Azərbaycan müxtəlif
dinlər, mədəniyyətlər və sivilizasiyaların olduğu bir ölkəyə
çevrilib. O yalnız Şərq və Qərb arasında coğrafi deyil, həm də
mədəni körpüyə çevrilib. Qısa müddətdə, 25 il ərzində Azərbaycan
özünü etibarlı beynəlxalq partnyor, regional inkişafa,
təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən,
müstəqil xarici siyasət həyata keçirən ölkə kimi göstərə bildi.
Azərbaycan beynəlxalq cəmiyyətin nüfuzlu üzvünə, Avropa energetika
təhlükəsizliyinin təminatçısına çevrilib. Azərbaycan Cənubi Qafqaz
və Orta Asiya ölkələrindən BMT-nin Təhlükəsizlik Şurasının ilk
qeyri-daimi üzvü oldu”, – Arif Quliyev yazıb.

Müəllif Ümummilli Liderin vəfatının 15 illiyi ilə bağlı
məqaləsini bu şəkildə yekunlaşdırıb: “Onun missiyası böyük
xilaskarlıq missiyası idi. Onun böyük əməlləri, yaratdığı dövlət,
parlaq ideyalar əbədi yaşayacaqdır…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir