Elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı sərəncam

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyev Azərbaycan Respublikasında elmi
və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin
təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam
imzalayıb.

Son illər Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili,
idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyətinin
dəstəklənməsi və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində
bir sıra tədbirlər həyata keçirilib.

Bununla yanaşı, müasir dövrün çağırışları yüksək ixtisaslı elmi
və elmi-pedaqoji kadrların attestasiyasının aparılması ilə əlaqədar
vahid dövlət siyasətinin gerçəkləşdirilməsində, elmi fəaliyyətin
mövcud potensiala uyğun monitorinqi, qiymətləndirilmə və
proqnozlaşdırılma mexanizmlərinin təkmilləşdirilməsi və səmərəli
istifadəsində qabaqcıl beynəlxalq təcrübənin, yeni idarəetmə
modelləri və innovativ həllərin tətbiqini zəruri edir.

Bu istiqamətdə elmi işlər, elmi və elmi-pedaqoji işçilər
haqqında ölkə üzrə informasiya resurslarının müasir texnologiyalar
əsasında formalaşdırılması, vahid elektron informasiya sisteminin
yaradılması, elmi fəaliyyətin monitorinqinin və
qiymətləndirilməsinin aparılmasında elektron hesabat formalarının,
elmmetrik və ekspert yanaşmalarına əsaslanan metodika və meyarların
hazırlanması, həmçinin elm sahəsində diaqnostik təhlillərin
gücləndirilməsi məsələləri mühüm əhəmiyyətə malikdir.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyası iki ay müddətində Təhsil
Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə,
tabeliyində elm və təhsil müəssisələri olan qurumların təkliflərini
nəzərə almaqla, elmi dərəcə və elmi adların verilməsi qaydalarının,
elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində
idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, elmi tədqiqatlar
haqqında məlumat bazasının yaradılması və elmi informasiyanın
əlçatanlığının təmin edilməsi, eləcə də analitik, statistik
təhlillərin və hesabatların keyfiyyətinin yaxşılaşdırılması üçün
vahid elektron məlumat sisteminin yaradılmasına dair təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir