“Elmi tədqiqata əsaslanmadan məzənnə ilə bağlı fikir yürütmək olmaz”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın qarşısında duran əsas məqsəd iqtisadiyyatın
şaxələndirilməsi ilə milli istehsala nail olmaqdır

Maliyyə naziri Samir Şərifov dekabrın 4-də Azərbaycan
Televiziyasına müsahibəsi zamanı manatın kəskin möhkəmlənməsinin
iqtisadiyyatımız, ilk növbədə, milli istehsal, eyni zamanda,
ixracatla məşğul olan sahibkarlarımız üçün faydalı olmayacağı ilə
bağlı fikirlər səsləndirib. Nazir bu məsələyə büdcə qaydası
prizmasından toxunub, yəni Maliyyə Nazirliyi büdcə qaydası
çərçivəsində hər il orta və uzunmüddətli dövrdə dövlət büdcəsinin,
daha doğrusu, dövlət xərclərinin maliyyələşdirilməsi üçün neft
daxilolmalarından istifadə səviyyəsini müəyyənləşdirir. Beləliklə,
nazir manatın məzənnəsinin kəskin və ya ifrat dərəcədə
möhkəmlənməsinin daxili istehsalçıların fəaliyyətinə mənfi
təsirini, bu vəziyyətin də, öz növbəsində, idxal üçün cəlbedici
vəziyyət yaradacağını, bunun da Azərbaycan dövlətinin marağında
olmadığını qeyd edib.

Publika.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində
Azərbaycan Dövlət İqtisad Universitetinin elmi fəaliyyətin təşkili
və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri
doktoru, professor Zahid Məmmədov deyib.

Zahid Məmmədov deyib: “Dünya təcrübəsinə nəzər salsaq, görərik
ki, manatın həddindən artıq möhkəmləndirilib xarici valyutalar
qarşısında dəyər qazanması nəticədə sənayedə istifadə edilən idxal
xammalı və ya əsas ərzaq mallarının qiymətlərini yüksəldir və
beləliklə bu, iqtisadiyyatda inflyasiyanın artması ilə bağlı
siqnallar ötürə bilir. Belə olan təqdirdə xaricdən mal idxal etmək
yerli məhsula nisbətən daha faydalı olacaq ki, bu da yerli
istehsalın zəifləməsinə və daha geniş idxalın güclənməsinə yol
açacaq. Təbii ki, nəticədə valyuta rezervlərinin əriməsi və daha
sonra isə milli pul vahidinin dəyərinin zəifləməsi prosesi baş verə
bilər. Bu isə öz növbəsində, daxildə iş yerlərinin, məşğulluğun
azalması, bütünlüklə büdcədə vergi daxilolmalarına mənfi təsir
göstərə bilər”.

Azərbaycanın valyuta ehtiyatları artır

Milli valyutanın istər həddindən artıq dəyərləndirilməsi,
istərsə də dəyərsizləşdirilməsi ilə bağlı dünya üzrə tədqiqatların
aparıldığını bildirən professor məzənnə siyasətinin sağlam və
neytral siyasət üzərində qurulmalı olduğunu bildirib. “Bütövlükdə,
Azərbaycan hökumətinin qarşısında mövcud makroiqtisadi durum
şəraitində üç başlıca vəzifə – inflyasiyanın məhdudlaşdırılması,
milli valyutanın məzənnəsinin sabitliyinin qorunması, bank
sektorunun inkişafı və maliyyə sabitliyinin təmin olunması durur.
İqtisadiyyatının şaxələndirilməsi ilə milli istehsala nail olmaq
üçün ən optimal yol istehsalı artırmaqdır. Milli iqtisadiyyatımızda
özəl sektorun ümumi payının 70 faizi ötməsi böyük nailiyyətdir.
Polşada bir neçə gün bundan əvvəl “Azərbaycan Ticarət Evi” açılıb.
Azərbaycanın, ümumiyyətlə, müxtəlif ölkələrlə bütün sahələrdə sıx
əməkdaşlığı var və bu fəaliyyət uğurla davam etdirilir. Prezident
İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət
ölkəmizin milli pul vahidinin güclənməsinə yol açıb. Dünyada gedən
qloballaşma, ölkələrarası inteqrasiya prosesinin dərinləşməsi,
qarşılıqlı əlaqə və bir-birinə bağlılığın dünya iqtisadiyyatının
inkişafının əsasını təşkil etdiyini nəzərə alsaq, bu sahəyə
ölkəmizin verdiyi töhfələri də xüsusi qeyd etməliyik.
Respublikamızda həyata keçirilən davamlı sabitləşdirmə siyasəti
nəticəsində makroiqtisadi sabitlik təmin edilib. Bu sahədə mühüm
əhəmiyyətli komponentlər, siyasi, iqtisadi və vətəndaş həmrəyliyi
öz təsdiqini tapıb ki, buna nadir ölkələrdə nail olunur. Valyutanın
dəyərinə təsir amilləri içərisində bu komponentlərin birində
axsamaların olması problemlərə yol açır. Diqqət etsək, görərik ki,
Azərbaycanda bu gün tədiyyə balansı profisitdədir, valyuta
ehtiyatlarına təzyiq azalıb və bu ehtiyatlar artmaqdadır. Milli
valyutamızın xarici dəyərinin sabitliyi inflyasiya gözləntilərinin
səngiməsinə səbəb olub. Bütün bunlar pulun sabitliyini davam
etdirməyə imkan yaradır. Düşünürəm ki, Maliyyə Nazirliyi, Mərkəzi
Bank və Maliyyə Sabitliyi Şurası bu məsələlərlə bağlı gələcəkdə də
lazımlı addımlar atacaq, – deyə professor bildirib.

Dünya təcrübəsi göstərir ki, valyutaya təsir edən
amillər daha çox fundamental amillər deyil, psixoloji
amillərdir

Zahid Məmmədov valyuta məzənnəsindəki düşmə hadisəsinin yalnız
valyuta ticarəti ilə məşğul olan qurumları maraqlandırmadığını,
eyni zamanda, ölkə iqtisadiyyatının bütün sektorlarındakı xərcləri
yüksəldərək inflyasiyanın sürətli artımına səbəb olduğunu
vurğulayıb. Qeyd edib ki, buna görə də ölkənin xarici bazar payının
artması bütün vətəndaşların həyat səviyyəsinə təsir edir. Valyuta
siyasəti dünya iqtisadi inteqrasiya prosesləri kontekstində
iqtisadiyyatın daxili və xarici dinamik tarazlığını təmin edib
beynəlxalq ödəmələri müəyyən sistem daxilində yerinə yetirmək,
tədiyyə balansını tənzimləmək məqsədilə ölkənin cari strateji
məqsədlərinə uyğun həyata keçirən tədbirlərin məcmusudur. Bu
siyasət ölkənin daxili və xarici iqtisadi problemlərin həllinə
yönəlik valyuta tənzimlənməsi nəzarəti olub, bu sahədə bazar, qızıl
və valyutadan səmərəli istifadə, beynəlxalq miqyasda müvafiq
təşkilatlarda iştirak məsələlərinə aydınlıq, ölkədaxili və
ölkəxarici valyuta problemlərinin sistemli formada təhlili kimi
ümdə məsələləri özündə birləşdirir. O qeyd edib ki, manatın
məzənnəsinin milli iqtisadiyyatın inkişafına təsir edən ən önəmli
göstəricilərdən biri olduğuna xüsusi diqqət yetirilməlidir: “Bəzən
valyuta və məzənnə mövzusunda elmə söykənməyən, əsasları olmayan
fikirlərin söylənməsi bu bazarda yüksək və qeyri-simmetrik
inflyasiya və məzənnə gözləntilərinə, yəni, iqtisadi subyektlərin
valyuta ucuzlaşması, qiymətlərin artırılması üçün bir siqnal
ötürücüsü ola bilər. Belə mövzularda diqqətli olmaq vacibdir.
Şübhəsiz, əhali arasında maliyyə maariflənməsi davam etməlidir.
Çünki dünya təcrübəsi göstərir ki, bu gün valyutaya təsir edən
amillər daha çox fundamental amillər deyil, yəni, iqtisadiyyatdan
qaynaqlanan amillər deyil, psixoloji amillərdir. Yəni, valyuta
məzənnəsi haqqında deyilən assimmetrik mövzuların müzakirəsi
qəbuledilməzdir”.

Valyuta məzənnə siyasətinə təsir edən amilin tələb və təklif
əsasında nəzərə alındığını bildirən iqtisadçı alim monetar və
fiksal, yəni, Mərkəzi Bankın valyuta bazarında iştirakı, büdcənin
icrası ilə əlaqədar hökumətin fəaliyyəti, büdcə hesablarında
qalıqların tənzimlənməsi, Mərkəzi Bankın emissiya siyasəti, eyni
zamanda, ölkədə ixrac potensialının, idxal əvəzedici sahələrin
inkişafı, inzibati sahələrdə görülən işlər, valyuta tənzimlənməsi
kontekstində birbaşa, dolayı (gömrük məhdudiyyəti kimi məsələlər)
və sosial-psixoloji məsələlərin bu sahəyə təsir etməkdə olduğunu
qeyd edib.

Azərbaycan regionda və dünyada ən iri layihələrin
iştirakçısıdır və onun əsas qərarverici aktorlarından
biridir

Professor Azərbaycanda siyasi, iqtisadi sabitliyin, vətəndaşlıq
həmrəyliyinin tam təmin olunaraq güclü, müasir çağırışlara cavab
verən iqtisadi sistemin qurulduğunu və həyata keçirilmiş
nəticələrin tam iqtisadi statistik görüntüsünün ölkənin cari
tədiyyə balansında öz əksini tapdığını bildirib. Qeyd edib ki,
dünya iqtisadiyyatında Azərbaycanın xüsusi çəkisi var. Ölkəmiz
regionda və dünyada həyata keçirilən ən iri layihələrin
iştirakçısına və onun əsas qərarverici aktorlarından birinə
çevrilib. Azərbaycanın milli pul vahidinin dayanıqlılığı iqtisadi
siyasətin prioritet məsələsi hesab olunur.

Daxili və iqtisadi şərtləri dəyərləndirmək, onların arasında
tarazlıq qurmaq mühüm əhəmiyyətə malikdir. Bunun üçün Azərbaycanda
bütün şərtlər var. İstər Azərbaycan Prezidentinin əhali, iş
adamları, beynəlxalq maliyyə təşkilatları ilə görüşləri, istərsə də
ölkəmizdə gedən bütün daxili və xarici şərtlərin dəyərləndirilməsi
və dövlətin ciddi nəzarətində olması bu sahədə böyük imkanlar
yaradır. Valyuta məzənnəsi də məhz makroiqtisadi göstəricinin əsası
olduğu nəzərə alınaraq ən yüksək səviyyədə təqib edilir və onun
sabitliyi üçün zəruri addımlar atılır. Narahatlığa ehtiyac yoxdur.
Ölkəmizdə qeyri-neft sektoru gündən-günə inkişaf edir. Turizm
sektorunda böyük irəliləyiş var. Strateji valyuta ehtiyatları
artır. Məhz iqtisadi sahədə getdikcə artan imkanlar nəticəsində
Azərbaycanın milli pul vahidi sabitliyini qoruyur və qoruyacaq.

Beynəlxalq maliyyə təşkilatları, iqtisadi qurumlar
ölkəmizin iqtisadi inkişafının sabitliyi barədə dəfələrlə
hesabatlar hazırlayıblar

Zahid Məmmədov deyib: “Məzənnə ilə bağlı fikir iqtisadi reallığa
və elmi tədqiqatlara əsaslanmalıdır. Bunun üçün daxili və xarici
qiymət səviyyəsi, xarici ticarət balansına aid statistik
göstəricilər təhlil edilməli, beynəlxalq kapital balansında
dəyişikliklər, dövlət büdcəsinə aid göstəricilər, xarici borcun
faiz ödəmələri, pul miqdarında dəyişmələr, Mərkəzi Bankda qızıl və
valyuta ehtiyatlarının həcmi, beynəlxalq qurumların ölkə
iqtisadiyyatı ilə bağlı dəyərləndirmələri nəzərə alınmalıdır.
Beynəlxalq maliyyə təşkilatları, iqtisadi qurumlar ölkəmizin
iqtisadi inkişafının sabitliyi barədə dəfələrlə hesabatlar
hazırlayıblar. Nüfuzlu reytinq agentlikləri öz hesabatlarında
Azərbaycan iqtisadiyyatının 2018-2021-ci illərdə orta hesabla 3
faiz artacağına dair proqnozlar ifadə ediblər.

Valyuta məzənnə siyasətinin milli iqtisadiyyatla dünya
iqtisadiyyatı arasında vasitə olduğunu nəzərə alsaq, məzənnənin bir
tərəfdən ciddi makroiqtisadi göstəricisi kimi qəbul edildiyini,
digər tərəfdən isə valyuta-məzənnə tarazlığının dövlətin iqtisadi
siyasətinin prioritet məqsədlərindən birinə çevrildiyini deyə
bilərik. Ölkənin dünya bazarında rəqabət qabiliyyətliliyi valyuta
məzənnəsinin dinamikasından asılıdır və valyuta kursunun köməyi ilə
xaricdə istehsal edilən istənilən mal və xidmətlərin qiymətini
ölçmək olar. Ona görə də hər bir ölkənin milli pul vahidinin xarici
dəyəri o ölkənin iqtisadi imkanlarını ortaya qoyan ən önəmli
göstəricilərdən biri hesab olunur. Bu baxımdan dünyada iqtisadi
cəhətdən uğurlu, ancaq pulun dəyəri sürətlə düşən bir ölkəni tapmaq
mümkün deyil. Azərbaycanda makroiqtisadi tarazlığın təminatı üçün
pul tədavülünün dayanıqlılığı, büdcənin tarazlılığı, valyuta
məzənnəsinin sabitliyi təmin edilir. Manatın dayanıqlılığı, ölkə
daxilində pulun funksiyasına aid bütün məsələləri yerinə yetirməsi
və beynəlxalq tədavül sferasında ölkəmizi layiqli təmsil etməsi
üçün görülən tədbirlər davam edir. Getdikcə milli
iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəricilərinin məhz
neftdənkənar istiqamətlərdə qeyd alınması həyata keçirilən
tədbirlərin nəticəsidir. Azərbaycanda fiskal siyasətlə bağlı həyata
keçirilən islahatların müsbət nəticələri bu baxımdan xüsusi qeyd
edilməlidir. Əminik ki, ölkəmizdə 2019-cu ildə də makroiqtisadi
sabitliyin dayanıqlığının gücləndirilməsi davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir