Maliyyə nazirinin fikirləri tamamilə təhrif olunub

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Maliyyə naziri Samir Şərifovun fikirlərinin bəzi
mətbuat orqanları və eləcə də, təcrübəli iqtisadçı və Milli
Məclisin üzvü Vahid Əhmədov tərəfindən düzgün şəkildə şərh
olunmaması təəssüf doğurur. Çünki bu tərzdə şərhlər cəmiyyətdə
manatın məzənnəsi ilə bağlı çaşqınlıq yarada bilər. Bu, düzgün
addım deyil”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, 2019-cu il üçün parlamentdə büdcə
qəbul olundu və çox geniş şəkildə müzakirə edildi:

“Büdcə Milli Məclisdə 3 oxunuşdan keçdi. Eyni zamanda, 2019-cu
ilin büdcəsi müzakirə edilərkən baş nazirin rəhbərliyi ilə
hökumətin bütün üzvləri orada iştirak etdilər. Müzakirələrdə millət
vəkilləri öz fikir və təkliflərini səsləndirdilər. Nəticədə,
praqmatik və iqtisadiyyatımız üçün əhəmiyyətli, Azərbaycan
vətəndaşlarının maraqlarını ifadə edən büdcə qəbul olundu. Maliyyə
naziri televiziyadakı çıxışında 2019-cu il ilə bağlı öz fikirlərini
bildirərkən manatın məzənnəsinin ifrat və kəskin şəkildə
möhkəmlənməsinin daxili istehsalçıların fəaliyyətinin
məhdudlaşdıracağını deyib. Məlumdur ki, iqtisadi strategiyamızın ən
başlıca məqsədlərindən biri daxili istehsalı artırmaq, ixrac
istiqamətli, rəqabət qabiliyyətli məhsullarla xarici bazarlara
çıxmaqdır.

2019-cu ilin büdcəsi yeni büdcə qaydalarına əsasən
proqnozlaşdırıldı. Bu qaydalara əsasən, neftdən gələn gəlirlərlə
milli valyutamız arasındakı tənzimlənmə yeni büdcə qaydalarında
özünü əks etdirir. Maliyyə naziri də öz fikirlərini bu istiqamətdə
aydın şəkildə ifadə edib. Bir daha qeyd edək ki, bu fikirlər
tamamilə təhrif olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
iqtisadi siyasətimiz sayəsində Azərbaycan iqtisadiyyatı öz
dayanıqlı və davamlı inkişafını təmin edib. Bu isə özünü bir daha
2019-cu il üçün planlaşdırılan büdcədə daha bariz şəkildə əks
etdirir. Sosial istiqamətli olan büdcəmizdə əmək haqlarının
artırılması, təqaüdlərin miqdarının artırılması nəzərdə tutulub.
Bütövlükdə sosial sferanı əhatə edən önəmli tədbirlər üçün vəsait
proqnozlaşdırılıb. Bütün bu nailiyyətlərimiz fonunda
iqtisadiyyatımızın inkişaf etməsi üçün irəli sürülən cəhdlərə mənfi
rəng vermək, onu gözdən salmaq istiqamətində qaralama kampaniyası
aparmaq, əlbəttə, qəbulolunmazdır”.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir