Bakının fasiləsiz işləyən “avtomobil qəbiristanlığı”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Əvvəllər Bakıda 8-ci kilometr yaşayış məntəqəsində
“maşın bazarı” kimi tanınan yer indi “avtomobil qəbiristanlığı”na
çevrilib.

Trend-in məlumatına görə, avtomobillərin istər yeni, istərsə də
işlənmiş ehtiyat hissələrini buradan tapmaq mümkündür. Ancaq
maraqlı odur ki, işlənmiş ehtiyat hissələr bəzən yenisindən baha
satılır.

Həftənin bütün günü açıq olan bazarın təcrübəli satıcılarından
biri əvvəlki illərlə müqayisədə hazırda bazarda durğunluq
yarandığını bildirib:

“2016-cı ilə qədər xaricdən avtomobillər gətirirdik. Yaxud
buradakı istismardan çıxmış avtomobillərin yaxşı vəziyyətdə qalmış
hissələrini satırdıq. Həm alıcıya sərf edirdi (hissələr avtomobilin
üzərindən çıxdığına, yəni orijinal olduğuna görə), həm də satıcıya.
Avtomobilin hissələrini ayırıb satmaqla daha çox gəlir əldə etmək
olar”.

Başqa bir satıcının sözlərinə görə, əvvəllər bazarda daha çox
ölkədə istifadə edilmiş avtomobillərin üzərindən çıxan hissələr
satılırdı, indi isə ehtiyat hissələrin əksəriyyəti xaricdən
gətirilir:

“Bildiyimiz kimi, Azərbaycanda ən çox istifadə edilən Almaniya
və keçmiş SSRİ istehsallı, əksəriyyəti də “Mercedes” və “Lada”
markalı avtomobillərdir. Bazara gələn müştərilər sırf
avtomobillərin üzərindən çıxan ehtiyat hissələri istəyirlər, çünki
həmin hissələr orijinal olur. Bir müddət əvvələ qədər bu cür
hissələr tapılırdısa, indi tükənməyə doğru gedir. İndi ehtiyat
hissələr xaricdən – Dubay, Gücüstan, İrandan gətirilir. Bu mallar
yeni olur, lakin alıcı yenisini istəmir”.

O qeyd edib ki, bazarda kimisi maşının ban hissəsini, kimisi
mühərrik, kimisi də salon hissələri satır: “Hərdən özümüz də
ehtiyat hissələr alırıq. Məsələn, sürücü bazara gələrək
avtomobilinin fotolarını göstərir, lazımi ehtiyat hissələr həmin
avtomobildə saz vəziyyətdə qalıbsa, müəyyən məbləğə alırıq.
Avtomobil bazara gətirildikdən sonra lazım olan hissələri ayırıb
götürürük. Ən bahalı ehtiyat hissələr mühərrikdə olur”.

Satıcı ehtiyat hissələrin satışını mövsümlə də əlaqələndirib:
“Mövsümə görə dəyişdirilən hissələrə daha çox tələbat var. Hazırda
sürücülər qış mövsümü ilə əlaqədar avtomobillərində müəyyən
dəyişikliklər edirlər. Ən çox dəyişdirilən təkərlər, yan şüşələr,
qızdırıcının radiatoru və faralardır. Bunlar mövsümə görə
dəyişdirilir. Ümumiyyətlə isə tez-tez dəyişdirilən hissələr əyləc
sistemi, feredo, hava filtri və digərləridir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp