Azərbaycan mətbəxi və məhsulları Bolqarıstanda sərgiləndi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada
Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunmuş növbəti, sayca
24-cü xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil
edib.

Bazarda iştirak edən səfirlik Azərbaycan Respublikasının
Mədəniyyət və İqtisadiyyat nazirlikləri, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu, Şəki və Gəncə Şəhər və Göyçay Rayon
İcra hakimiyyətləri və AZNAR şirkətinin dəstəyi ilə milli
mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi
irsi, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş
etdirib.

Tədbirdə ziyarətçilərə təqdim olunmuş plov, YUNESKO-nun
Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş
dolma və lavaş, dovğa, müxtəlif kabab nümunələri, kükü, milli
şirniyyatlarımızdan şəkərbura, paxlava, Şəki halvası, Şəki
bamiyəsi, sucuq və digər təamlar böyük marağa səbəb olub. Bazarda
həmçinin Azərbaycan istehsalı olan şərablar, müxtəlif növ şirə və
kompotlar, narşərab, mürəbbə və müxtəlif konservlər bazar
ziyarətçiləri tərəfindən həvəslə alınıb.

Azərbaycan stendində həmçinin milli mədəniyyətimizin vacib
məqamlarından olan ənənəvi çay dəstgahı təşkil olunub. Ölkəmizdə
çay süfrəsinin hazırlanmasının vacib elementləri barədə
iştirakçılara məlumat verilib. İzləyicilər Azərbaycanın çay
dəstgahı ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Ölkəmizə aid şəkillər məcmuəsi (açıqcalar), suvenirlər, o
cümlədən maqnitlər, heykəlciklər, yerli sənətkarlıq nümunələri,
Bakı və digər şəhərlərin görkəmli yerlərinin təsvirlərinin əks
olunduğu müxtəlif fincan və boşqablar, tikmə nümunələri, habelə
YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına
daxil edilmiş kəlağayılar tədbiri izləməyə gələn şəhər sakinləri və
xarici qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Səfirlik həmçinin xeyriyyə bazarının əyləncə hissəsində də
təmsil olunub. Belə ki, Azərbaycan diasporasından olan uşaqların
ifasında Azərbaycan və bolqar dillərində Rəşid Behbudovun “Bakı”
mahnısı alqışlarla müşayiət olunub.

Tədbir çərçivəsində səfir Nərgiz Qurbanova Bolqarıstan Milli
Televiziyası və Radiosuna müsahibə verib. O, ölkəmizin zəngin
mədəni irsi, turizm potensialı barədə məlumat verib. Səfir
Azərbaycan xalqının tarixi, maddi-mədəniyyət abidələri, zəngin
ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr
etdiyini diqqətə çatdırıb. Ölkəmizin turizm imkanlarından danışan
səfir cari ilin yanvar ayında Bakı və Sofiya arasında birbaşa hava
əlaqəsinin açılmasının bolqar turistlərinə ölkəmizi daha yaxından
kəşf etməyə şərait yaratdığını qeyd edib və dost bolqar xalqını
multikultural dəyərlərə malik olan ölkəmizin rəngarəngliyi və
gözəlliklərindən zövq almaq üçün Azərbaycana dəvət edib.

Ölkəmizin xeyriyyə bazarında iştirakı Bolqarıstan KİV-ləri
tərəfindən işıqlandırılıb. Bolqarıstan Teleqraf Agentliyinin
internet səhifəsində Azərbaycan stendi barədə məqalələr
yerləşdirilib, Bolqarıstan Milli Televiziyası və Radiosunda səfir
Nərgiz Qurbanovanın xeyriyyə bazarı ilə bağlı müsahibələri yer
alıb.

Qeyd edək ki, builki xeyriyyə bazarında 60-dən artıq ölkə təmsil
olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir