“Qeyri-neft sektorunun inkişafı uğurla həll etdiyimiz əsas vəzifəmizdir”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyev dekabrın 4-də Bakı Ekspo
Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya
və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2018” ilə tanış olarkən
Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə
verib.

Müxbir: Cənab Prezident, müsahibə verdiyiniz
üçün çox sağ olun. Azərbaycanda olmağımızdan çox məmnunuq.
İcazənizlə Sizinlə söhbətimizi rus dilində davam edək.

Prezident İlham Əliyev: Olar, buyurun.
Azərbaycan dilində də çox gözəl danışırısınız.

-İlk növbədə demək istərdim ki, mən Azərbaycana birinci
dəfə gəlmirəm və Bakıda həmişə nəyinsə dəyişdiyini görmək çox
xoşdur. Siz inkişaf edirsiz, nailiyyətlərlə kifayətlənmirsiniz.
Zəhmət olmasa deyin, son zamanlar Azərbaycanda hansı innovasiyaları
xüsusilə inkişaf etdirirsiniz? Mən bilirəm ki, siz təkcə neft
sektorunu inkişaf etdirmirsiniz, həm də diqqəti qeyri-neft
sektoruna yönəldirsiniz. Siz burada nəyi inkişaf etdirmək
istərdiniz?

– Tamamilə doğrudur. Dünyada neftin qiymətinin
artıb-azalmasından asılı olmayaraq, Azərbaycan iqtisadiyyatının
davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı bizim uğurla
həll etdiyimiz əsas vəzifəmizdir. Buna görə də biznesə yaxşı
şəraitin yaradılması məqsədilə infrastruktur layihələrinin inkişafı
üçün çox iş görülür. Biznesin həvəsləndirilməsi, sahibkarlara
köməklə bağlı xeyli layihələr var. Bütövlükdə investisiya, biznes
mühiti Azərbaycanda yaxşılaşır. Dünya Bankının son məlumatlarına,
“Doing busines” hesabatına görə Azərbaycan 25-ci yerdədir. Biz bir
il ərzində 32 pillə irəliləmişik və bu gün biznes sahəsində
dünyanın aparıcı ölkələri sırasındayıq. Buna görə də burada təqdim
olunan sahə həm biznes, həm innovasiya, həm də təhsil baxımından
çox mühümdür. Bu, bizim üçün prioritet olan sahələrdən biridir və
təsadüfi deyil ki, 24 ildir belə bir sərgi keçiririk. İştirak edən
şirkətlərin sayı ilbəil artır. Mənə dedilər ki, bu il iştirak edən
şirkətlərin sayı 230-dur və çoxlu yerli Azərbaycan şirkətləri var.
Yarıdan çoxu Azərbaycan şirkətləridir. Bu, o deməkdir ki, ölkəni
inkişaf etdirmək və yeni iş yerləri yaratmaq üçün biz bu
istiqamətdə işləməyə hazırıq. Çünki neft sektoru iş yerləri
yaratmır.

– Həm də əbədi deyil.

– Bəli, əlbəttə. Ona görə biz daim çalışmalıyıq ki, iş
yerlərinin yaradılması iqtisadi inkişafın səviyyəsinə uyğun olsun.
Azərbaycanda demoqrafik artımı nəzərə almaqla biz çalışmalıyıq ki,
dünyaya yeni gələn hər bir Azərbaycan vətəndaşı 20-30 ildən sonra
işlə təmin edilmiş olsun.

– Zəhmət olmasa deyin, turizm sahəsi. Axı Siz turizmi
inkişaf etdirmək niyyətindəsiniz. Bildiyimə görə, indi ən çox
turist Rusiyadandır. Doğrudur?

– Bəli, birinci yerdə Rusiyadan gələn turistlərdir. İl hələ ki,
yekunlaşmayıb, amma 800 mindən çox rusiyalı gəlib. Rusiyalılar
inamla birinci yeri qoruyub saxlayırlar. Bizdə son iki ildə
turizmin artımı müşahidə edilib. 2016-cı ildə 22 faiz, 2017-ci ildə
20 faiz artım olub, bu il hələ ki, bilmirik, amma yenə də artım
var. Turistləri, ilk növbədə, burada özlərini təhlükəsiz etdikləri
şərait cəlb edir. Rusiyalılara gəlincə, düşünürəm ki, onlar
özlərini evdəki kimi hiss edirlər. Burada dil səddi yoxdur, onlara
münasibət çox yaxşıdır. Bizim ortaq tariximiz də mühüm rol
oynayır.

– Ləziz təamlarınız…

– Bəli, tamamilə doğrudur. Əlbəttə, təhlükəsizliyin, rahatlığın
təmin olunması səviyyəsi, Azərbaycan xalqının qonaqpərvərliyi, eyni
zamanda, tarixi abidələr, iqlim – yəni, mən turistlərin Azərbaycana
niyə gəldiklərinin səbəbləri barədə çox danışa bilərəm. Düşünürəm
ki, rusiyalılar məni eşidəcəklər. Mən məmnunluqla onları ölkəmizə
dəvət edirəm. Biz onların gəlişinə həmişə şadıq.

– Müsahibəyə görə çox sağ olun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir