Kim nə qədər vergi ödəyəcək?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Qanuna
dəyişikliklər edilib. Gələn ildən tətbiq ediləcək dəyişikliklər
vergilərin ödənilməsi və icbari dövlət sosial sığorta sahəsində bir
sıra yeniliklər vəd edir.

Publika.az xəbər verir ki, iqtisadçı ekspert
Vüqar Bayramov qanuna edilən dəyişiklərin mülki hüquqi müqavilə
(xidməti müqavilə) ilə fəaliyyət göstərən əmək bazarı iştirakçıları
üçün nə vəd etdiyini açıqlayıb.

1. Xidmət müqavilə ilə çalışanlar üçün vergilərin
hesablanması üçün yeni qaydalar

Vergi Məcələsinə artıq qəbul edilmiş dəyişiklərlə VÖEN-i olan
vətəndaşların sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər
sadələşdirilmiş vergi predmeti hesab edilməyəcək. Beləliklə,
növbəti ildən etibarən həmin şəxslər hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti göstərən şəxslər üzrə gəlir vergisi
ödəyicisi hesab ediləcək. Nəzərə alsaq ki, Vergi Məcəlləsinin 101.3
maddəsi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata
keçirən fiziki şəxslər üçün 20 faiz gəlir vergisi müəyyən edir,
dəyişiklərə əsasən xidmət müqavilə ilə işləyənlər 2019-cu ilin
əvvəlindən etibarən 20% vergi ödəyəcək.

Lakin, bu zaman iki əsas məqama diqqət etmək lazımdır:

1. Vergi Məcəlləsinin 96-cı maddəsinin birinci bəndinə əsasən
rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün
rezidentlərin bütün gəliri ilə həmin dövr üçün xərcləri (Vergi
Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ) arasındakı
fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

2. Yeni dəyişiklərə əsasən Məcəlləyə əlavə edilən 102.1.30 maddə
mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar sahibkarlıq
fəaliyyətindən gəlirinin 75 faizini vergidən azad edir.

Beləliklə, yuxarıda qeyd edilən vergi ödəyicilərinin vergi borcu
bu iki məqam nəzərə alınmaqla aşağıdakı düstur əsasında
hesablanacaq.

Vergi öhdəliyi = (İllik gəlirlər – İllik xərclər) x
0.25 x 0.2

Qeyd edək ki, xüsusi ilə də aylıq əmək haqqı ödənişlərinin
xidməti müqavilələrlə əvəzləndiyi əksər hallarda vergi ödəyicinin
hər hansı xərci olmayacaq ki, nəticədə vergi öhdəliyi yuxarıdakı
düstura uyğun olaraq lakin xərc maddəsində “sıfır manat” olmaqla
aparılacaq.

Başqa sözlə, yuxarıda bəhs etdiyimiz 20% vergi dərəcəsi xidmət
haqqının yerdə qalan 25%-lik hissəsinə tətbiq ediləcək. Nəticədə
xidməti müqavilə ilə işləyənlərlərin böyük çoxluğu xidmət haqqının
ümumilikdə 5%-i həcmində vergi ödəyəcək. Hazırda isə bu qrupa daxil
olan çalışanlar Bakı şəhərində sadələşdirilmiş vergi ödəyicisi
statusu ilə xidmət haqqının 4%-i, digər şəhər və regionlarda və NM
Respublikasında 2% vergi ödəyirdilər.

Müqayisə üçün:

Hazırda hesabına 500 manat məbləğində xidmət haqqı daxil olmuş
çalışan Bakı şəhərində fəaliyyət göstərdiyi halda 20 manat,
regionlarda fəaliyyət göstərdiyi halda isə 10 manat məbləğində
sadələşdirilimiş vergi ödəyirdi. Növbəti ildə isə bu şəxslər
fəaliyyət göstərdiyi yerdən asılı olmayaraq 25 manat vergi
ödəyəcəklər. Beləki, paytaxda fəaliyyət göstərənlər aylıq vergi
xərci 25%, regionlarda fəaliyyət göstərənlər üçün isə 1.5 dəfə
artacaq.
Qeyd: yuxarıdakı hesablamalar xərc maddəsi sıfır manat olduğu hal
üçün hesablanıb.

Şərh:

Üstün tərəfləri:

Yuxarıda qeyd edilən kateqoriyaya daxil və faktiki mənfəəti
olamayan şəxslər vergi ödəməyəcəklər. Hazırda isə sadələşdirilmiş
vergi mexanizmi subyektin xalis gəlirini və yaxud mənfəətinin
nəzərə almadan tətbiq edilir.

Zəif tərəfləri:

Yeni dəyişiklər göründüyü kimi vergi ödəyicisi olaraq qeydiyyata
alınmış və xidməti müqavilə əsasında regionlarda (əmək haqqı alan,
xərc maddəsi sıfır manat olan) işləyənlər üçün 3 faiz bəndi (mövcud
2 faizdən 5 faizə), Bakı şəhərində işləyənlər üçün isə 1 faiz bəndi
(mövcud 4 faizdən 5 faizə) artacaq.

Digər kateqoriyaya daxil olan, yəni, xərc maddəsi sıfır manat
olmayan sahibkarlıq subyektləri üçün isə mühasibatlıq işləri ciddi
səviyyədə artacaqdır.

2. İcbari dövlət sosial sığortası (DSMF) üzrə
yeniliklər

“Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinin yeni
redaksiyası zamanı əlavə edilən 14.5.2. bəndinə əsasən, 2019-cu
ilin əvvəlindən etibarən sahibkarlıq fəaliyyəti göstərənlər üçün
məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının 25
faizi miqdarında olacaqdır.
Qeyd edək ki, hazırda bu kateqoriyaya daxil olan şəxslər üzrə
məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əmək haqqının
20%-i miqdarındadır.

Müqayisə üçün:

Hazırda gəlirin səviyyəsindən asılı olmayaraq sahibkarlıq
(tikinti və ticarət sektoru xaric) fəaliyyəti ilə məşğul olan
şəxslərin DSMF ödənişi maksimum 26 manat (regionlar üzrə müvafiq
göstərici dəyişir) olduğu halda yeni ildən minimum orta aylıq əmək
haqqı dəyişmədiyi təqdirdə 32.5 manat olacaqdır. Beləliklə qeyd
edilən kateqoriyaya daxil olan şəxslərin DSMF xərcləri ümumilkdə
25% artacaq .

Şərh:

Qeyd edək ki, qanunvericiliyə edilən dəyişiklər əmək bazarının
iştirakçıları arasında diskriminasiyanı aradan qaldırmayıb.
Müxtəlif sosial qruplar üzrə DSMF ödənişi üzrə kəskin fərqin olması
sosial müdafiə mexanizmlərinin, xüsusi ilə də pensiya sisteminin
maliyyə təminatını zəiflədir, əmək bazarının leqallaşması və
vətəndaşların əmək hüquqlarının təmin edilməsi baxımından ciddi
çətinliklərə səbəb olur. Məsələn 1000 manatlıq əmək haqqı fondu
üçün müvafiq ödəniş 25% (22% (işəgötürən) və 3 faiz (işçi)) olmaqla
ümumilikdə 250 manat olduğu halda xidməti müqavilə ilə 1000 manat
üçün DSMF ödənişi 26 manat (yeni ildən 32.5 manat) və bəzi hallarda
isə daha azdır. Göründüyü kimi arada çox ciddi fərq var.

Eyni zamanda, mülki hüquqi müqavilə əsasında çalışanların mdsf
ödənişi ilə onun real gəlirləri arasında heç korelyasiya yoxdur.
Yuxarıda göstərilən cədvəldən də göründüyü kimi, 500 manat və 1000
manat xidmət haqqı alan vətəndaş bərabər məbləğdə DSMF ödənişi
həyata keçirir.

Qanunvericiliyə dəyişiklərin edilməsi zamaı yuxarıda sadalanan
çatışmazlıqların aradan qaldırılması və xüsusi ilə gəlirlər ilə
DSMF ödənişi arasında korelayasiyanın müəyyən edilməsi məqsədəuyğun
idi.

Son olaraq qeyd edək ki, qanunvericiliyə edilən dəyişiklər
nəticəsində xidməti müqavilə ilə çalışaların (VÖEN almış və
sahibkar hesab edilən şəxslər) məcburi dövlət sosial sığorta və
vergi öhdəlikləri cari məbləğlə müqayisədə 25% artacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir