İran Borçalıda yüzlərlə soydaşımızı Azərbaycana qarşı hazırlayır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bölgədə şiələrin hakimi olmaq və dini region ölkələrinə
siyasi təzyiq alətinə çevirmək üçün müxtəlif vasitələrdən istifadə
edən İranın son dövrlər Gürcüstan azərbaycanlılarını hədəf seçdiyi
haqqında ciddi faktlar açıqlanmışdı. İran Borçalı mahalındakı
soydaşlarımızı ələ almaq üçün onlar arasında məzhəb ayrımı salır və
beləliklə, parçalanmış toplumu daha rahat şəkildə idarə etməyə cəhd
edir.

Gürcüstandan olan soydaşlarımız danışır ki, İranın Qum və Məşhəd
şəhərindən gələn emissarlar bölgədə siyasi şiəliyi, əslində şiəlik
adı atında Xomeyniçiliyi təbliğ edirlər. Bu gün Borçalıda siyasi
şiəliyin təbliği ilə bağlı dini moizələr oxunur, din öyrənmək
istəyənləri Məşhədə və Quma aparırlar, onların maddi ehtiyacları
qarşılanır. Vaxtilə heç kimin ağlına gəlməyən məzhəb ayrılığı bu
gün Borçalını ələ keçirib. Bu işi əsasən İranın Gürcüstandakı
səfirliyi və emissarlar həyata keçirirlər. Məscidlərdə əsasən
İrandan gələn dini ədəbiyyat paylanır. (İran hədəfinə çatır: Gürcüstan azərbaycanlıları arasında
MƏZHƏB QARŞIDURMASI
)
.

İran qaranlıq fəaliyyəti ilə seçilən Mirtağı Əsədovu Borçalıda
“yeni şeyx” seçib və bu gün ondan soydaşlarımızın üzərində təsir
rıçağı olaraq istifadə edir. Əsas hədəf məhz burada “dini kanton”
yaratmaq və region ölkələrinə, xüsusilə Azərbaycana qarşı silah
olaraq istifadə etməkdir. (İranın Borçalıda dini kanton yaratmaq planı və
ayətullahların “yeni şeyxi”
).

Publika.az hazırda Borçalıdakı dini vəziyyət və
İranın təsir imkanları haqqında yerli mənbələrdən yeni məlumatlar
əldə edib.

Bu gün İranın bölgədə “şeyx” təyin etdiyi Mirtağı Əsədovun ətrafına
500-dən çox soydaşımızı toplayıb.

İrana bağlı bu qrupun əsas mərkəzi İmam Əli və İmam Hüseyn adına
məscidlərdir. Bu isə Marneulidə mövcud olan cəmi 4 məscidin
ikisinin İranın təsirində olduğu deməkdir.

Mirtağı Əsədovu “şeyx” olaraq qəbul edən tərəfdarları əsasən
gənclərdən ibarətdir. Hər cümə günü İmam Əli və İmam Hüseyn
məscidinə 500-dən artıq dindar toplaşır. Onlar Mirtağı Əsədovun
ətrafındakı fəallardır.

Yerli mənbələr danışır ki, İranın Gürcüstandakı səfiri də mütəmadi
olaraq İmam Əli məscidində keçirilən dini mərasimlərə qatılır, dini
moizələr oxuyaraq, siyasi təbliğat aparır.

“Marneulidə əhalinin 70 faizi şiələrdir. İran bu amildən istifadə
edərək, moizəçilərini əsasən bu rayona göndərir. Vaxtilə rayonda
təhsilin keyfiyyəti aşağı düşdü, gənclərimizin savadsızlığı artdı,
nəticədə din amili önə çıxdı. İran bu vəziyyətdən istifadə edərək,
bölgəyə girdi. Gənclərimizi Quma, Məşhədə dini təhsil almağa
apardı, böyük maliyyə vəsaitləri alaraq, burada dini təsir gücü
əldə etdi”, – Marneulinin yaşlı sakinləri danışır.

Mirtağı Əsədov da həmin vaxt İrana dini təhsil almağa
gedənlərdəndir. Yerli mənbələrin məlumatına görə, əvvəlcə
M.Əsədovun qardaşı İrana dini təhsil almağa gedib.

“Əsədovun qardaşı Qumda dini təhsil alandan sonra orada qaldı,
əvvəlcə qardaşını, sonra da rayondakı gəncləri ora oxumağa apardı.
Bu gün Əsədovun qardaşı İranda elmlər namizədidir və böyük biznesi
var. Marneulidə Mirtağı Əsədov və tərəfdarlarını da o
maliyyələşdirir”, – əldə etdiyimiz məlumatda bildirilir.

Ən təhlükəli məqamlardan biri isə Borçalıda İranın təsir dairəsinə
daxil olan dindar soydaşlarımızın Azərbaycana qarşı düşmən mövqe
sərgiləməsidir.

Yerli sakinlər danışır ki, bu dindarlar üçün Azərbaycan məfhumu
yoxa çıxıb, onlar İrana böyük simpatiya bəsləyirlər.

Hətta Bakıda ictimai asayişi pozduğuna görə 30 sutka həbs cəzası
alan Mirtağı Əsədovun azad edilməsi üçün Gürcüstanda Azərbaycan
səfirliyinin önündə piket keçirməyə də hazırlaşırlarmış.

Qeyd edək ki, M.Əsədov həbsdən azad olunub, o, artıq Gürcüstana
qayıdıb. Feysbukda “Gundelik Gurcustan” səhifəsində müsahibəsində
yaxın günlərdə media-konfrans keçirməyə hazırlaşdığını
açıqlayıb.

M.Əsədov məlum müsahibəsində “Azərbaycanın daxili işlərinə
qarışmırıq” deyə bildirsə də, Borçalıda onların nəzarətində olan
İmam Əli və İmam Hüseyn məscidlərində Nardaran hadisələrinin yad
olunduğu və Azərbaycan dövlətinə qarşı çağırışların edildiyi
haqqında məlumatlar var.

Proseslərin inkişafı İranın Borçalıda təsir dairəsinə saldığı
soydaşlarımızdan Azərbaycana qarşı gələcək planlarda istifadə edə
biləcəyini göstərir.

Asif Nərimanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir