Vergi Məcəlləsində inqilabi dəyişiklik – dərman, alkoqol, tütün məmulatları…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Bu gün Milli Məclisdə Vergi Məcəlləsində qəbul edilən
20-dən çox dəyişiklik yeni bir anlayışla – məcburi nişanlama ilə
bağlıdır. Məcburi nişanlama malların uçotdan yayındırılmasının,
saxta məhsulların bazara daxil olmasının qarşısının alınması
məqsədilə onlara məcburi nişanlama kodunun və digər qoruyucu
elementlərin vurulmasıdır”.

Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı
ekspert Qalib Toğrul Məcəllədəki dəyişiklikləri şərh edərkən
deyib.

Onun sözlərinə görə, məcburi nişanlama zamanı məhsulun üzərinə
vurulan kod vasitəsilə onun hərəkətini istehsaldan və ya gömrükdən
(idxal) son istehlakçıya qədər izləmək mümkün olur.

“Sistemi qurmaq üçün güman ki, Vergilər Nazirliyi yanında ayrıca
qurum yaradılacaq. Bu qurumun yaratdığı elektron sistem malın
hərəkətini izləməyə imkan verəcək. Mal istehsalçıdan çıxıb
tədarükçüyə, ordan isə pərakəndə ticarət nöqtəsinə təhvil verilənə
və son istehlakçıya çatana qədər proses bütün ardıcıllığı ilə
nəzarət altında olacaq. Hər bir mala bir dəfə istifadə olunan kod
veriləcək, son istehlakçı məhsulu pərakəndə ticarət nöqtəsindən
alanda, kassada məhsulun kodun skan olunan kimi həmin kod ləğv
olunacaq və bir daha istifadə olunmayacaq.

Məhsulun hərəkəti zamanı elektron-qaimə faktura onu müşayiət
edəcək. Artıq kağız əsaslı qaimə fakturanın istifadəsinə son
qoyulacaq. Hazırda Vergi Məcəlləsində hər iki formalı
qaimə-fakturadan istifadə nəzərdə tutulur. Fikir vermisinizsə,
Məcəllədə “qaimə-faktura və ya elektron qaimə-faktura” yazılır.
Ancaq yeni ildən yalnız elektron qaimə-faktura istifadə olunacaq.
Elektron qaimə-fakturada malın kodu qeyd olunacaq.

Qeyd edim ki, alıcı (istehlakçı) öz smartfonuna xüsusi əlavə
yükləməklə (IOS və Android bazasında) yerindəcə məhsulun üzərindəki
kod vasitəsilə onun saxta və ya həqiqi olduğunu yoxlaya
biləcək”.

Ekspert bildirib ki, bu sistemin tətbiqi böyük vəsait – texniki
qurğu, proqram təminatı, monitorinq mexanizmi tələb edən iş
olduğundan çox güman ki, mərhələli şəkildə tətbiq olunacaq.

“Vergi Məcəlləsinə dəyişikliklərdə məcburi nişanlama tələb
olunan malların siyahısının təsdiq olunması nəzərdə tutulur. Bu
siyahının ilk mərhələdə çox geniş olacağını düşünmürəm. Öncə
dərmanlar, sonra alkoqollu, daha sonra tütün məmulatlarının məcburi
nişanlamasını həyata keçirmək daha doğru olardı. Çünki məhsul daha
çox uçotdan yayındırılan və daha çox saxtalaşdırılan, üstəlik satış
dövriyyəsi böyük olan məhsuldan məcburi nişanlamaya başlanılması
daha məntiqlidir.

Yaxşı olardı ki, sistem pilot şəklində sınaqdan çıxarılsın.
Çünki sistemin normal fəaliyyəti üçün Gömrük Komitəsi və Vergilər
Nazirliyi ilə yanaşı, sahibkarların da üzərinə böyük məsuliyyət
düşür. Sahibkarlar ən azından kodlarla işləmək sahəsində təcrübə
toplama, pərakəndə ticarət nöqtələri məlumatı onlayn rejimdə anında
sistemə ötürə biləcək kassa nəzarət aparatları (onların elektron
uçotu aparılacaq) əldə etməlidirlər.

Dəyişikliklərdə məcburi nişanlamanın verilməsinə görə “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş məbləğdə dövlət rüsumu tutulması haqda qeyd olunur. Ancaq
yaxşı olardı ki, ilkin dövrdə kodlar pulsuz verilsin və bu prosesə
qoşulma könüllü olsun.

Yeri gəlmişkən, dəyişikliklərə görə, kassa çeklərində çekin
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd və
malın sürətli məlumat kodunun (Quick Response Code) olması məcburi
sayılacaq.
Vegi Məcəlləsinə dəyişikliklərdə məcburi nişanlama tələblərinin
pozulması ilə bağlı böyük cərimələr də nəzərdə tutulub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir