Xaricdəki anti-Azərbaycan şəbəkəsinin yenidən fəallaşması bir daha sübut edir ki…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xaricdə fəaliyyət göstərən anti-Azərbaycan şəbəkəsinin
son günlər yenidən fəallaşmaq səyləri fonunda bəzi təzə nüanslar
üzə çıxır.

Publika.az xəbər verir ki, bu barədə “Bakı
xəbər” qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, bu nüanslar həmin şəbəkənin əslində
xarici siyasi və maliyyə qrupları tərəfindən idarə edildikləri
barədə öncədən deyilənləri sübut edir:

“Bu anti-Azərbaycan şəbəkəsinin üzvləri dövlət əleyhinə
apardıqları işin beynəlxalq sifariş olduğu barədə deyilənləri heç
cür qəbul etmək istəmir, xarici qrantlarla fəaliyyət
göstərdiklərini danırdılar. Əvvəllər “xor kapellası” kimi bütöv
görünən bu şəbəkənin üzvləri indi bir-birilərinə elə ittihamlar
deməyə başlayıblar ki, şəbəkənin həqiqətən sifarişli qrantlar
üzərində dayandığına şübhə qalmır. Bir daha məlum olur ki, özlərini
Azərbaycan demokratiyası naminə fədai vətənpərvərlər kimi tanıtmaq
istəyən bu “qəhrəmanlar” əslində qrant yeyənlər, qrant sahiblərinə
ən inandırıcı hesabatlar vermək üçün hər cür şərə-böhtana əl atmağa
hazır adamlar imiş”.

A.Quliyev qeyd edib ki, xaricdəki böhtançı, qrant mənimsəyən
şəbəkənin son günlərdə meydana çıxan özünüifşa hərəkətləri bir neçə
nöqteyi-nəzərdən əhəmiyyətlidir:

“Əvvala, Azərbaycanda çoxlarının hələ xeyli əvvəl dedikləri
“bunları xaricilərin qrantları danışdırır” kimi fikirlər tam
doğruldu. Qarşılıqlı ittiham qaydasında kimin haradan nə qədər pul
aldığı barədə eşitdiklərimiz buna sübutdur. İkincisi, xaricdəki
qarayaxma şəbəkəsinin Azərbaycan cəmiyyətinin fikirlərini dolaşdıra
bilmədiyi və özünün parçalandığı ortaya qoyuldu. Üçüncü, bu
şəbəkənin arxasında duranların perspektivsiz yolda olduqlarını hamı
gördü. Nəhayət, böhtançı şəbəkənin Azərbaycanda heç bir sosial
bazasının olmadığı aşkarlandı”.

Onun sözlərinə görə, bu proseslər başqa bir əhəmiyyətli nəticəni
də çıxarmağa əsas verir: “Bu ondan ibarətdir ki, xaricdə
anti-Azərbaycan şəbəkəsi yaratmaq taktikasının özü iflasa uğradığı
üçün bundan sonra belə şəbəkələri yaratmaq işinə çox nadir hallarda
baş vurulacaq və bir müddətdən sonra bu sayaq fəaliyyətlər
ümumiyyətlə yox ola bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir