Mehriban Əliyeva Tahir Salahovu təbrik etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva Azərbaycanın Xalq rəssamı Tahir Salahovu təbrik
edib.

Təbrikdə deyilir:

“Hörmətli Tahir Teymur oğlu.

Bu gün Azərbaycanda əlamətdar tarix – Böyük Ustad, planetar
miqyaslı rəssam, gözəl pedaqoq və ictimai xadim Tahir Salahovun
yubileyi qeyd edilir.

Hörmətli Tahir Teymur oğlu, Sizi haqlı olaraq təsviri
incəsənətin canlı klassiki və bütöv bir üslubun banilərindən biri
hesab edirlər. Sizin əsərləriniz dünya mədəniyyəti xəzinəsinə, XX
və XXI əsrlərin təsviri incəsənətinin “qızıl fondu”na daxildir.
Onlar Azərbaycan rəngkarlığının inkişafında və daha geniş miqyasda
bütöv bir dövr təşkil edir. Siz əsərlərinizdə altmışıncı illərin
azadlıq ruhunu böyük ustad müdrikliyi ilə, təkrarolunmaz
bənzərsizliyi həyatın bütün müxtəlifliyində görmək bacarığı ilə,
şəksiz istedadı və ən yüksək ustalığı asanlıqla tanınan müəllif
üslubu ilə heyrətamiz şəkildə birləşdirməyə nail olmusunuz. Bu,
həqiqətən əsrlər boyu yaşamağa qabil olan əsl sənətdir.

Hörmətli Tahir Teymur oğlu.

Ola bilsin, bunu deyənlər haqlıdır ki, həqiqi sənətkar yaşadığı
dünyanı sevməlidir. Sizin yaradıcılıq dünyanız parlaq və
rəngarəngdir. Onun fərqləndirici cəhəti doğma ölkənizə –
Azərbaycana həqiqi, səmimi vətənpərvərlik, dərin və ülvi
sevgidir.

Siz həm çoxsaylı həmvətənlərimiz, həm də dünya yaradıcı
ziyalılarının nümayəndələri üçün ən yüksək insani keyfiyyətlərin
nümunəsi olmusunuz və belə olaraq qalırsınız. Parlaq erudisiyanız,
həssaslığınız və məsuliyyətiniz Sizə ətrafdakı insanların sevgisini
və dərin hörmətini qazandırıb. Siz, hörmətli Tahir Teymur oğlu,
sadəcə, böyük rəssam deyil, həm də heyrətamiz insan və gözəl
müəllimsiniz. Dünya şöhrətli tanınmış ustad olmağınıza baxmayaraq,
yaradıcı axtarış cəsarətini itirməmisiniz və yaradıcılıq enerjiniz
əvvəlki kimi aşıb-daşır.

Hörmətli Tahir Teymur oğlu.

Yubileyiniz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi
qəbul edin. Sizə möhkəm cansağlığı, ailə səadəti, bizi, Sizin böyük
istedadınızın pərəstişkarlarını sevindirmək üçün əmin-amanlıq və
yeni zəfərlər arzulayıram.

Doğum gününüz mübarək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp