“AzerTelecom”un kommersiya rəhbəri maliyyə texnologiyalarından danışdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan
magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin Baş
Kommersiya Direktoru Samir Nuriyev Bakıda keçirilmiş “Dayanıqlı
İnkişaf üçün Potensialları Reallaşdıraq” adlı 9-cu Azərbaycan
Mikromaliyyə Konfransı və “Azərbaycan regionlarında dayanıqlı
mikrosahibkarlığın inkişafının sürətləndirilməsi layihəsi”nin rəsmi
təqdimatına həsr edilmiş tədbirdə məruzəçi qismində iştirak
edib.

Belə ki, konfrans çərçivəsində keçirilmiş “Mikromaliyyələşmənin
rəqəmsallaşması: Çətinliklər və imkanlar” adlı sessiyada çıxış edən
Samir Nuriyev maliyyə texnologiyaları (FinTech), maliyyə
xidmətlərinin rəqəmsal kanallar vasitəsilə təmin edilməsi, Blokçeyn
texnologiyasının maliyyə əməliyyatlarında tətbiqi və üstünlükləri
barədə danışıb. O dünyada müasir maliyyə texnologiyalarının
ölkələrin iqtisadiyyatlarının müxtəlif sahələrində tətbiqindən bəhs
edib. Qeyd olunub ki, hazırda dünya miqyasında rəqəmsallaşma
fonunda rəqəmsal maliyyə texnologiyalarına sürətli keçid baş verir.
Yeni texnologiyaların tətbiqi, müştərilərə göstərilən maliyyə
xidmətlərinin rəqəmsallaşması dayanıqlı inkişafın təmin edilməsində
mühüm rol oynaya bilər.

Tədbirdə çıxış edən digər məruzəçilər də öz növbələrində
Azərbaycanda rəqəmsallaşma və mikromaliyyələşmə mövzularında
danışıblar. Çıxışlarda maliyyə xidmətlərinə çıxışı olmayan əhali
qrupuna xidmət etmək üçün yeni imkanlar, maliyyə institutlarının
mobil şəbəkə operatorları ilə əlaqələndirilməsi, rəsmi maliyyə
institutlarının bütöv məhsul və xidmətlərini mobil pul agentlikləri
vasitəsilə təklif etmək imkanları kimi mövzulara toxunulub, faydalı
fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 22-23 noyabr tarixlərində keçirilmiş konfrans
Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə baş
tutub.

AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən
telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və
əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell”
şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal
xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində
informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx
(fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT
xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən
ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS
hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir