Ermənistan Azəbaycan tərəfindən hər gün bir az daha çox küncə sıxışdırılır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Siyasi proseslər elə istiqamətdə inkişaf edir ki,
Rusiya-Ermənistan münasibətləri tarixdə heç vaxt olmadığı qədər
korlanıb.

Bunu millət vəkili Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, dünənə qədər Azərbaycanı Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə hədələyən Ermənistanda bu
gün həmin təşkilata üzvlükdən imtina etmək barədə fikirlər
səsləndirilir:

“Bəs, görəsən, birdən-birə nə baş verdi ki, Ermənistanın
mövqeyində belə radikal dəyişiklik meydana çıxdı. Əvvəla qeyd etmək
lazımdır ki, idmanda olduğu kimi, diplomatiyada da rəqibin gücündən
özünə qarşı istifadəetmə metodları var. Azərbaycan uzun illərdir
həyata keçirdiyi prinsipial və ardıcıl xarici siyasəti sayəsində
işğalçı Ermənistana arxa olan, yaxud onu bu və ya digər səviyyədə
dəstəkləyən ölkələrlə münasibətləri elə səviyyəyə qaldırdı ki,
Ermənistanın özünə arxa hesab etdiyi ayrı-ayrı ölkələr və regional
təşkilatlar artıq bu gün onu dəstəkləmirlər. Doğrudur, Cənubi
Qafqazda son iki əsrdə formalaşan olduqca həssas geosiyasi
tarazlığı dəyişmək çox çətin olsa da, nəhayət, son bir neçə ildə
Azərbaycan buna xeyli dərəcədə müvəffəq oldu”.

Millət vəkili vurğulayıb ki, 2016-cı il Aprel döyüşləri əslində
Cənubi Qafqazda baş verə biləcək yeni geosiyasi reallığın
başlanğıcı idi: “Artıq bu dəfə son iki yüz ildə ilk belə hal idi
ki, Azərbaycan hərbi-siyasi reallığı dəyişdirmək üçün diktə edən
tərəfə çevrilirdi. Elə bundan sonra da Ermənistanda eyforiya dövrü
başa çatdı və yeni siyasi reallıqlar yaranmağa başladı. Hazırda
reallıq ondan ibarətdir ki, işğalçı ölkə siyasi müvazinətini itirib
və söykənmək üçün sabit dayaq nöqtəsi tapa bilmir. Ona görə də
tez-tez səhvlərə yol verir. Dolayısilə Azəbaycan tərəfindən hər gün
bir az daha çox küncə sıxışdırılır”.

O qeyd edib ki, bir müddət öncəyə qədər sadəcə Azərbaycan
tərəfindən küçə siyasətçisi kimi qiymətləndirilən Paşinyan və onun
küçə demokratiyası artıq Ermənistanın KTMT-də müttəfiq olduğu
ölkələr tərəfindən də belə qiymətləndirilir:

“Əlbəttə, bu regional təşkilatın adı və nüfuzu ilk növbədə
Rusiya Federasiyası ilə bağlıdır və elə Ermənistanın bir dövlət
kimi meydana gəlməsi də bu ölkənin tarixin müxtəlif dövrlərində
qəbul etdiyi siyasi qərarlar nəticəsində meydana çıxan reallıqdır.
Ancaq hazırda siyasi proseslər elə istiqamətdə inkişaf edir ki, iki
ölkə arasında münasibətlər tarixdə heç vaxt olmadığı qədər
korlanıb. Bu, olduqca əhəmiyyətli məsələdir. Ona görə ki,
regionumuzda siyasi gerçəklikləri dizayn edən güc mərkəzlərinin
tarixi şəraiti və Azərbaycanın yerini və rolunu soyuqqanlı,
qeyri-emosional və obyektiv qiymətləndirmələri üçün şərait
yaranıb”.

Deputat əlavə edib ki, bu tarixi fürsət həm də Rusiya-Azərbaycan
münasibətlərində tamamilə yeni bir səhifə açmaq imkanları yaradıb:
“Onsuz da Rusiya ilə münasibətlərimiz strateji müttəfiqlik
səviyyəsində qiymətləndirilir, amma hər iki ölkənin
təhlükəsizliyinin təmin olunması baxımından hələ də realizə
olunmamış olduqca böyük potensiala malik geosiyasi resurslar var.
Bunun baş tutması üçün isə ilk növbədə regionda işğal faktına son
qoyulmalıdır. Bu, bütün region dövlətlərinin siyasi və iqtisadi
təhlükəsizliyi baxımından vacibdir. Hazırda Azərbaycanın həyata
keçirdiyi xarici siyasət də buna xidmət edir. Ermənistan isə hər
gün daha çox dalana sıxışdırılmaqla geosiyasi proseslərin
əhəmiyyətsiz aktoruna çevrilir və heç kəs tərəfindən dəstəklənmir”.
(trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir