Cavid Süleymanov yazır…Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür.

Müstəqil.az informasiya agentliyinin baş redaktoru Cavid Süleymanov yazır… Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür.

Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub.Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Həmin vaxt Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında
apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda
anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə
Bakının əsas meydanı sayılan Azadlıqda (keçmiş Lenin) Azərbaycan
xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana
toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı.
Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları
tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq
hərəkatının qarşısını ala bilmədi.

1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis
edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın
suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha
da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun
yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu
silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc
sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli
qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da
sürətləndirdi. 1990-cı il seçkilərində AXC rəhbərlərinin
əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və Demokratik
Blok adlı fraksiya yaratdılar. 1991-ci il oktyabrın 18-də
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu.
1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində
Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ
qoşunları Azərbaycandan çıxarlıdı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali
Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar
respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı.
İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə
Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması
müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi.
Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin
dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər
Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar
Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub.
Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət
rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan
Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə
qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə
əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadət qaldırıb.
Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi
yolun başlanğıcı qoyuldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp