Bakıda yol polisi protokol yazmağa kağız tapmadı

Oktyabrın 21-də Modern.az-ın avtomobil idarə edən əməkdaşı Nizami rayonunda Yol Polisi Xidmətinin 99-YP-276 dövlət qeydiyyat nömrəli avtomobilində xidmət  aparan yol polis əməkdaşı tərəfindən saxlanıb. Əməkdaşımızı saxlayan polis əməkdaşı YPX avtomobilində tək olub. Yol polisi əməkdaşımıza təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə protokol tərtib edib. Əməkdaşımız protokolun kağız formasında təqdim edilməsini xahiş etdikdə, YPX əməkdaşı gözləməyi təklif edib və özü kağız arxasınca gedib. On dəqiqədən sonra geri dönən YPX əməkdaşı yenidən əməkdaşımıza yaxınlaşıb, bildirib ki, çap aparatında problem var, ona görə də yazılı protokol təqdim edə bilməyəcək.

Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib ki, sürücünün müfəttişdən hansısa narazılığı varsa, bununla bağlı 902 qaynar-xəttinə zəng edə bilər.

“Bizə ünvanlanan bütün şikayətlər araşdırılır. Əgər sürücü hüququnun pozulduğunu düşünürsə, bununla bağlı rəsmi olaraq müraciət etsin ki, narazı olduğu bütün məqamlara da aydınlıq gətirilsin”.

 

Hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, yol polisi əməkdaşı istənilən halda sürücüyə kağız protokol təqdim etməliydi:

“Əgər yol polisi sürücünü saxlayır və onun hansısa qayda pozuntusunu deyirsə, bu halda sürücü qayda pozuntusunu törətdiyini etiraf edir və razılaşırsa, yerində müvafiq qərar çıxarılır. Sürücü razılaşmırsa, polis  sadəcə protokol yazır və həmin protokola onu yazan yol polis əməkdaşının yuxarı vəzifəli  şəxsi 10 gün müddətində yenidən baxmalıdır. Hər iki halda, qərar və ya protokol olsun, onu kağızda çap edib sürücüyə təqdim etməlidir. Bu təqdim olunmadığı halda, sürücü şikayət etmək hüququna malikdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir