Tanrının ovcuna tökülən göz yaşları…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Nə qəribədir, 60 il əvvəl Aral dünyanın ən böyük
dördüncü dəniziymiş. Ağlada-ağlada suyunu elə qurudublar ki, dönüb
olub AralQUM. Təbiətin ən qəddar qanunu budur yəqin. Damarda qanın
kimi içindən suyun quruyur. Yerində də çat vermiş dənələrin qalır.
Başına leysan yağsa da, boşun dolmur, ürəyinin çatı nəmlənmir.
Əslində bu acının heç bir dildə vəsfinə söz tapılmayan ən dərin
məqamıdır. Acısının ağrısına öz dilində ad qoymuşdu. Amma heç kim
anlamırdı, anlamazdı… Onu da çatların altında elə məharətlə
basdırımışdı ki, yerini özü belə, unutmuşdu. Lap ölüləri diriykən
(diriləri ölüykən) birgə baxdıqları filmdəki kimi…

Meşədə azıb qalan əkizlər özlərindən yeni dil uydururlar. Sonra
əkizlərin bir tayını canavar parçalayır. İllər keçir, sağ qalanı
tapıb xilas edirlər. Öz dilində bağırsa da, qışqırsa da, heç kim
bilmir nə deyir. Bir gün oyanır ki, hərf-hərf, heca-heca düzüb
qoşduğu sözlərini unudub. Öz-özünü qanmaz olub. Elə Aralın özü
kimi…

Havada bir hüzn vardı ki, tut ucundan çıx göyə… Sancısının ən
acı ucundan yapışıb yola düzəldi. Son günlər özünə etdiyi ən böyük
yaxşılığı bu idi, deyəsən. Qaynar ipin üstündə ayaqyalın
gəzmək…

Donuq gözlərini on arşın uzağındakı ağaca zillədi. Birdən baxışı
sərt daşa dönüb ayağına ilişdi. Elə xəfif, elə yumşaq yıxıldı ki,
sanki pambıq üstünə düşmüşdü. Vəfasına sığındığı tək telefonu
qalmışdı. O da daşa dəyib çilikləndi.

Ömrünün yorğunluğunu çıxarırmış kimi asvalta çöküb, parça-parça
olmuş şüşəyə toxundu. İçindəki səhranın sahəsi biraz da genişləndi.
Aral qumu tərk etmişdi…

Kökdən düşmüş əlil arabasının cırıltısına ayıldı. Bir cüt işıq
alnının düz ortasına baxırdı.

İçindəki kar sükut dilə gəldi: “Sən kimsən, ay adam?! Elə bil
heç dərdin yoxdu, bu arabaya da bekarçılıqdan oturmusan”.

– Təəssüf edirəm… Çatladı?

– Qırıldı…

– Bəs özünüz? Ağrımırsınız?

– Göynəyirəm…

– Bəlkə sizi ötürüm? Hara gedirdiniz?

– Özümdən uzağa…(göz yaşları tanrının ovcuna töküldü)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp