Fransanın bəzi bələdiyyə başçılarının Qarabağa səfəri nəyə xidmət edir?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Hikmət BABAOĞLU

Müasir dövrdə regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər
yaradan dağıdıcı – destruktiv faktorlar sırasında separatizm və
təcavüzkar siyasət xüsusi yer tutur. Hazırkı reallıqlar və
çağırışlar dünyada separatizmə qarşı vahid münasibət
formalaşdırılmasını, bu məsələ ilə bağlı ikili standartlara yol
verilməməsini, ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatların ikili
standartlar siyasətinə son qoyaraq separatçı rejimlərlə hər cür
əlaqələri, eləcə də onları dəstəkləməsini dayandırmasını diktə və
tələb edir. Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal
etməsi nəticəsində yaranmış qondarma, separatçı “Dağlıq Qarabağ”
rejiminin mövcudluğu da faktiki olaraq beynəlxalq hüquq
normalarının, eləcə də ərazi bütövlüyünün pozulması və suverenlik
prinsipinin heçə sayılmasının bariz nümunəsidir. Beynəlxalq
ictimaiyyət anlamalıdır ki, dünya birliyini təhdid edən yeni
münaqişə ocaqlarının yaranmasının qarşısını almağın yeganə yolu
beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi
bütövlüyünün qeyd-şərtsiz dəstəklənməsidir.

Bu, bir reallıqdır ki, Avrasiyanın mühüm geostrateji
məntəqələrindən biri olan Cənubi Qafqaz regionunda Ermənistanın
işğalçı siyasəti bölgənin təhlükəsizliyini ciddi təhdidlərlə
qarşı-qarşıya qoyur. Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını
işğal etməsi nəticəsində yaranmış qondarma, separatçı “Dağlıq
Qarabağ” rejiminin fəaliyyət göstərməsi isə konkret olaraq
təcavüzkar iddiaların, separatizmin dayaqlarının güclənməsinə səbəb
olur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına bir sıra
xarici şəxslərin səfərlərinin təşkil edilməsi də işğal altındakı
Dağlıq Qarabağda yaradılan qondarma rejimi təbliğ etməyə, eyni
zamanda, separatizmin təşviq olunmasına xidmət edir. Bununla da
beynəlxalq konvensiyaların tələbləri ciddi şəkildə – kobud surətdə
pozulur. Şübhəsiz ki, Azərbaycan Respublikası həmişə bu cür
qanunazidd hərəkətlərin cavabını verir, müvafiq tədbirlər görür.
Azərbaycanın işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən
şəxslər ölkə qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb
olunurlar, onların Azərbaycana gəlişinə qadağa qoyulur. Fransanın
Alforvil, Valans və Sent-Etyen şəhərlərinin merlərinin Azərbaycanın
Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərləri
də konkret olaraq etnik təmizləmə və işğal faktının müdafiəsi
olmaqla yanaşı, təxribat xarakterli addımdır. Yeri gəlmişkən, bu
məsələ ilə bağlı Fransanın ölkəmizdəki səfiri Azərbaycanın Xarici
İşlər Nazirliyinə çağırılıb, səfirə Fransa nümayəndələrinin
Azərbaycanın maraqlarına, onun suverenliyinə və ərazi bütövlüyünə
toxunan bir sıra addımları ilə, o cümlədən Azərbaycanın işğal
edilmiş Dağlıq Qarabağ bölgəsinə bu yaxınlarda Fransanın Sent-Etyen
şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş
qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib. Fransa
nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi
qiymətləndirmə verilib. Fransa hökuməti bu ölkənin fiziki və hüquqi
şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı
yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər
görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin rəsmi notası təqdim olunub.

Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər
konkret sifariş əsasında həyata keçirilib

Beləliklə, ötən ay ərzində Fransanın bir neçə bələdiyyə başçısının
Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz
səfərlər həyata keçirməsi Azərbaycan ictimaiyyətinin haqlı
narazılığına və etirazına səbəb olub, bu addımların, hər şeydən
əvvəl, beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun olmaması
qətiyyətlə ifadə edilib. Bildirilir ki, ölkəmizin qanunlarına zidd
olan bu hal Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində
yaratdığı qondarma, separatçı rejimin təşviqinə xidmət edir.
İlleqal xarakter daşıyan bu səfərlərin konkret göstərişlər əsasında
həyata keçirilməsi də şübhə doğurmur. Azərbaycana qarşı qərəzli
mövqeyi ilə seçilən və erməni lobbisinin təsiri altında olan Fransa
Milli Məclisinin sabiq deputatı Fransua Roşebluanın, habelə
Fransada fəaliyyət göstərən qondarma rejim ilə “dostluq dərnəyi”nin
digər üzvlərinin belə səfərlərə qoşulması səfərin siyasi
direktivlər əsasında təşkil edilməsi və reallaşdırılmasının
göstəricisidir. Şübhəsiz ki, Fransua Roşebluanın Ermənistan
vətəndaşlığı alması və ona bu ölkənin pasportunun verilməsi
təsadüfi deyil. O, fəaliyyəti dövründə erməni lobbisinin
direktivlərini yerinə yetirib, ermənilərin maraqlarının müdafiəçisi
kimi çıxış edib.

Separatçılarla “bəyannamə”lər imzalanması etnik təmizləmə
faktına və siyasətinə dəstək verməkdir

Azərbaycan ərazisinin 20 faizini işğal edən və hələ də işğal
altında saxlayan Ermənistan tərəfindən azərbaycanlılara qarşı
kütləvi etnik təmizləmənin həyata keçirilməsi, xalqımızın terror və
cinayətlərə məruz qalması reallıqdır. Bu vandalizm aktlarının
nəticələri bütün dünyaya, o cümlədən Fransa ictimaiyyətinə də yaxşı
məlumdur. Bu tarixi faktların fonunda Fransanın bəzi yerli
özünüidarəetmə orqanlarının rəhbərlərinin Azərbaycanın işğal
olunmuş ərazilərinə təxribat xarakterli səfərlər etməsi
yolverilməzdir. Ən əsası, Fransadan olan merlərin işğaldan əvvəl
azərbaycanlıların yaşadığı Qarabağın tarixi mərkəzi Şuşa və Laçın
şəhərlərinin hazırkı qondarma yerli hakimiyyətləri ilə
“bəyannamə”lər imzalaması insanlığa qarşı cinayət olan etnik
təmizləmənin nəticələrini razılıqla qarşılamaq – bu vandalizm
aktına dəstək vermək deməkdir. Bu isə təkcə Azərbaycana münasibətdə
beynəlxalq hüquq normaları və prinsiplərinin pozulması deyil,
bütövlükdə milli dövlətlərin ərazi bütövlüyü və suverenliyinin heçə
sayılmasıdır. Digər tərəfdən, bu cür yolverilməz addımlar mənfi
presedentlər meydana çıxarır, eyni zamanda, regional və beynəlxalq
təhlükəsizliyə ciddi təhdidlər yaradır. Belə hallar etnik
separatizmi təşviq edə bilər. Ona görə də qlobal miqyasda
təhlükəsizliyə, əməkdaşlığa önəm verdiyini ifadə və iddia edən
Fransanın bu cür halları nəzərə alması, müvafiq tədbirlər görərək
onları aradan qaldırması zəruridir.

Yerli özünüidarəetmə orqanlarının təxribatçı hərəkətləri
Fransa ilə Azərbaycan arasında imzalanmış sazişlərin mahiyyətinə
ziddir

Şübhəsiz ki, bəhs olunan təxribatçı hərəkətlər Fransa və Azərbaycan
arasında imzalanmış sazişlərin ruhuna ziddir. Azərbaycanın ərazi
bütövlüyünü tanıyan Fransanın bəzi yerli özünüidarəetmə
orqanlarının rəhbərlərinin Ermənistan tərəfindən işğal edilmiş
ərazilərimizə səfərlər etməsi bilavasitə respublikamızın ərazi
bütövlüyü və suverenliyinə hörmətsizlik olmaqla yanaşı, ikitərəfli
münasibətlərin mahiyyətinə uyğun deyil.

Digər tərəfdən, bu cür təxribatçı hərəkətlər bu ölkənin milli
qanunları ilə də ziddiyyət təşkil edir. Belə ki, Fransanın xarici
işlər və Avropa məsələləri üzrə naziri və daxili işlər naziri
tərəfindən 2018-ci ilin 24 may tarixində “Yerli özünüidarəetmə
orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi” haqqında
imzalanmış təmimi təlimat bu qurumları Fransanın beynəlxalq
öhdəliklərinə hörmət etməyə çağırır. Təlimat, eyni zamanda, bu ölkə
tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə
hər hansı bir formada müqavilələr bağlamağı, səfərlər həyata
keçirməyi və birgə tədbirlər təşkil etməyi qadağan edir. Fransa
Konstitusiyasının 73-cü maddəsi və yerli özünüidarəetmə
orqanlarının ümumi kodeksinin L.1115-1 maddəsinə uyğun olaraq qəbul
edilmiş və qüvvədə olan bu təmimi təlimat məcburi xarakter daşıyır,
yəni imperativ xarakterlidir. Yəni Fransanın Xarici İşlər və Avropa
Məsələləri üzrə Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında
imzalanmış sənədə əsasən, Fransada fəaliyyət göstərən yerli
özünüidarəetmə orqanları ölkənin xarici siyasətinə zidd olan
bəyanatlar, səfərlər və digər bu kimi addımlardan çəkinməlidirlər.
Lakin sözügedən məsələnin fonunda biz bunun tamamilə əksini
müşahidə edirik. Və nədənsə Fransa hökuməti bu sənədin
müddəalarının Azərbaycanın suverenliyi və ərazi bütövlüyü
məsələsinə dair dərhal və şərtsiz həyata keçirilməsi üçün müvafiq
addımların atılması istiqamətində qətiyyət göstərmir. Azərbaycan
ictimaiyyəti haqlı olaraq Fransa hökumətindən bu məsələdə ədalət
prinsipinə söykənərək qətiyyət və əməli fəaliyyət gözləyir.

Separatizmin təşviqinə xidmət edən qanunsuz addımlar
Fransanın ATƏT-in Minsk qrupunun həmsədri qismində nüfuzuna ciddi
xələl gətirir

Fransa Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan,
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi
ətraf rayonun işğal edilməsi nəticəsində yaranan, bir milyondan
artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum
olmasına səbəb olan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində
vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun
həmsədr dövlətlərindən biridir. Bu dövlət ATƏT-in Minsk qrupu
çərçivəsində öz mandatına uyğun olaraq tərəfsiz və obyektiv mövqe
tutmalı, münaqişənin beynəlxalq hüquq normaları əsasında, yəni
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail
olmaq üçün fəaliyyət göstərməlidir. Bu fəaliyyət çərçivəsində işğal
faktının aradan qaldırılmasına mane olan təxribatçı və separatçı
hərəkətlərin qarşısının alınmasına da xüsusi diqqət yetirməlidir.
Lakin təəssüflər olsun ki, Fransanın bəhs olunan yerli
özünüidarəetmə orqanlarının qanunsuz addımları nəinki Dağlıq
Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli prosesinə yardım
etmir, üstəlik, bu ölkənin vasitəçi qismində nüfuzuna ciddi xələl
gətirir, Fransa barəsində etimadın ciddi şəkildə sarsılmasına
xidmət edir.

Fransa Xarici İşlər Nazirliyi tərəfindən qondarma rejimin
tanınmaması barəsində açıqlama verilsə də, bu, qənaətbəxş xarakter
daşımır. Fransa nəinki bu qondarma rejimi tanımamalı, BMT
Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Ermənistan qoşunlarının
Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb
etməlidir. Çünki bu ölkəyə də yaxşı məlumdur ki, Ermənistanın hələ
də Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması
beynəlxalq hüquq normalarının, BMT-nin 822, 853, 874 və 884 saylı
qətnamələrinin tələblərinə ziddir, işğalçı qoşunlar dərhal və
qeyd-şərtsiz Azərbaycanın torpaqlarından çıxarılmalıdır.

Fransa hökuməti bu ölkədə yerləşərək Azərbaycana qarşı
terror və zorakılıq çağırışları ilə çıxış edən şəxslərə qarşı
hüquqi tədbirlər görməlidir

Azərbaycan dövlətinin daxili və xarici siyasət kursu milli
maraqlara əsaslanır. Eyni zamanda, respublikamız ikitərəfli və
çoxtərəfli münasibətlər çərçivəsində öz milli maraqlarını rəhbər
tutmaqla yanaşı, digər dövlətlərin mənafelərini nəzərə alır,
bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət
prinsipi əsasında davam və inkişaf etdirilməsinin tərəfdarı
olduğunu nümayiş etdirir. Azərbaycan digər ölkələrlə olduğu kimi,
Fransa ilə münasibətlərdə də bu prinsipləri əsas götürür. Fransa da
Azərbaycanın milli və dövlətçilik maraqlarını nəzərə almaqla
müəyyən məsələlərlə bağlı müvafiq addımlar atmalıdır. Bu kontekstdə
Fransanın bəzi yerli özünüidarəetmə orqanlarının yuxarıda bəhs
olunan təxribatçı hərəkətlərinin qarşısını alması zəruridir. Digər
tərəfdən, özünü mühacir adlandıran bəzi Azərbaycan vətəndaşlarının
Fransanın ərazisində yerləşərək ölkəmizdə terror və zorakılığa
çağıran bəyanatlarla çıxış etməsi sirr deyil. Bu, Azərbaycanın
milli maraqlarına zidd olmaqla yanaşı, ölkə ictimaiyyəti tərəfindən
ciddi ikrah hissi ilə qarşılanır, qətiyyətlə pislənilir. Azərbaycan
ictimaiyyəti Fransa hökumətinin bu cür halların qarşısını almasının
zəruriliyini bəyan edir. Lakin təəssüflər olsun ki, bu ölkənin
hökuməti tərəfindən Azərbaycanın milli və dövlətçilik maraqlarına
zidd mövqe tutan, terrora və zorakılığa çağırış edən və beləliklə,
qanunazidd hərəkətlərə yol verən həmin şəxslərin fəaliyyətinin
qarşısını almaq üçün heç bir hüquqi tədbir görülmür.

Fransa ölkəmizə münasibətdə qeyri-məqbul mövqeyini davam
etdirsə, Azərbaycan bu ölkə şirkətləri ilə əlaqələrini yenidən
nəzərdən keçirə bilər

Bəhs olunan məqamlarla yanaşı, digər bir nüansa da toxunmaq
məqsədəmüvafiqdir. Məlumdur ki, Fransa şirkətləri Azərbaycanda
dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrdə iştirak
edirlər. Bu layihələrin dəyəri təqribən 2 milyard avroya yaxındır.
Bu sırada “Suez”, “Total”, “Thales International” və digərlərini
qeyd edə bilərik. Belə layihələrin həyata keçirilməsi, şübhəsiz ki,
Fransanın iqtisadi maraqlarına uyğundur və bu ölkənin əhəmiyyətli
gəlir əldə etməsinə imkanlar yaradıb. Şübhəsiz ki, bunun
müqabilində Fransanın ikitərəfli əməkdaşlıq, eləcə də
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi
kontekstində tutduğu mövqe məqbul deyil. Əgər Fransa Azərbaycana
münasibətdə belə mövqe sərgiləyərək bu cür hallara yol verməyə
davam edəcəksə, Azərbaycan bu ölkə şirkətləri ilə əlaqələrini
yenidən nəzərdən keçirə bilər.

Başqa bir millətin onun xalqının tarixini yazmasının ən
yüksək səviyyədə ifadə edilməsi öz millətinə qarşı hörmətsizliyin
nümunəsidir

Nəticə etibarilə, Fransanın bəzi yerli idarəetmə orqanlarının
rəhbərlərinin təxribatçı hərəkətləri yolverilməzdir. Bu, qeyd
etdiyimiz kimi, bilavasitə separatizmin təşviqinə və etnik
təmizləmənin dəstəklənməsinə xidmət edir. Digər bir sıra hallar da
separatizmin təşviqinə xidmət edən nümunələr sırasında yer alır. Bu
ölkənin tarixini ermənilərin yaratdığının ifadə edilməsi və
ermənilərin fransızların yarımhəmyerliləri olmasının vurğulanması
da təəccüb doğuran hal kimi bu qəbildən olan nümunələrdəndir.
Üstəlik, ermənilərin Fransa tarixinin bir hissəsi və fəxr predmeti
olduğunun vurğulanması da birmənalı qarşılanmayan təəccüblü haldır.
Ən əsası, bütün bunlar Fransa xalqına qarşı hörmətsizliyin bariz
nümunəsi və ifadəsidir.

Bütövlükdə, yaxşı olar ki, Fransa hökuməti rasional və praqmatik
mövqe nümayiş etdirərək bu ölkənin fiziki və hüquqi şəxslərinin
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş
fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər
görsün.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir