Ermənistanın təcavüzünə baxmayaraq bu gün Bakıda erməni kilsəsi var

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycanda dinlərarası tolerantlığın kökündə ilk
növbədə ölkəmizin keçdiyi tarixi yol, Azərbaycan xalqının
mentaliteti və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət
durur”.

Publika.az xəbər verir ki, bunu Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı VI Bakı
Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan dini
tolerantlıq mövzusunda çıxışı zamanı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan xalqının formalaşdığı bu
areal müxtəlif dinlərin, mədəniyyətlərin təmas nöqtəsi olub:

“Azərbaycan xalqı Qafqazın sayca üstünlük təşkil edən xalqdır.
Eyni zamanda burada daimi yaşayan xalqdır. Qafqazda zərdüştlük,
tanrıçılıq, xristianlıq, yəhudilik təşəkkül tapıb. Birgəyaşayış
tarixən formalaşdığına görə zorakı metoda əl atılmadan ölkəmizdə
müxtəlif xalqlar bir-birinə alışıblar. Azərbaycan xalqının yaşayış
mühiti, alicənablıq, qonaqpərvərlik milli dəyərləri nəsildən-nəslə
ötürülüb. Bu gün də Azərbaycan ailəsi nə dini, nə etnik baxımdan öz
övladını başqa dinə və xalqa qarşı nifrət ruhunda tərbiyə edir.
Ermənistan ölkəmizə təcavüz edib, ərazimizi işğal edib, lakin bu
gün Bakıda erməni kilsəsi var, Azərbaycan xalqı da buna tolerant
yanaşır. Tolerantlığın üçüncü şərti dövlət siyasətidir. Azərbaycan
Xalq Cümhuriyyətində də bu ənənə var idi, Sovet dövründə kommunist
təsiri altında olsaq da, xalqın ənənələri sıradan çıxmamışdı, bu
gün dünyəvilik Azərbaycanda dinlərarasında bərabərliyin
təsbitidir”.

M.Qurbanlı bildirib ki, əhalinin 96 faizi müsəlman olsa da,
Konstitusiyada Azərbaycanın dini mənsubiyyəti yazılmayıb:

“Konstitusiya dinlər arasında fərq qoymur. Dövlətin dini
icmalara yardımında bərabərlik müşahidə edilir. Azərbaycanda
sinaqoqları da, katolik kilsəsini də dövlət tikir. Prezident İlham
Əliyev tolerantlıq siyasətini uğurla davam etdirir. Ona görə
ölkəmizdə 843 dini icmanın 31-i qeyri-müsəlman icmasıdır və icmalar
arasında həmrəylik var. Azərbaycanın tolerant mühiti dünya üçün
nümunə olduğunu deməyə haqqımız var”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir