“Bu mövqe danışıqlardan faktiki imtinadır…”

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə
növbəti dəfə Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı
məsələsini qaldırıb. Hökumətin proqramının parlamentdə müzakirəsi
zamanı Paşinyan deyib ki, əslində onun Dağlıq Qarabağın adından
danışıqlar aparmağa mandatı və səlahiyyəti yoxdur. Çünki qarabağlı
deyil. Robert Köçəryan və Serj Sərkisyan isə qarabağlı olduqları
üçün Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatına malik
idilər.

“Onlar düz ediblər ya yox, bu başqa məsələdir, lakin bunun üçün
onların öz səbəbləri olub”, – Paşinyan Köçəryanın və Sərkisyanın
Dağlıq Qarabağın adından danışıqlar aparmasını belə
dəyərləndirib.

Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, Nikol
Paşinyanın bu bəyanatı növbəti dəfə Ermənistanda danışıqlar prosesi
və Dağlıq Qarabağın orada iştirakı mövzusu ətrafında polemikalara
səbəb olub.

Politoloq Manvel Sərkisyan deyir ki, Paşinyanın Dağlıq Qarabağın
danışıqlarda iştirakının dayandırılmasına görə keçmiş prezidentləri
günahlandırması onların şəxsi hesablaşmalarıdır və məsuliyyətdən
yayınmaq cəhdidir.

“Burada heç bir müsbət yanaşma yoxdur. Bu, mövcud situasiya
ətrafında diskussiya deyil, məsuliyyətdən yayınmaq istəyən
adamların hesablaşması, çəkişməsidir”-politoloq “Sputnik Armenia”
agentliyinə deyib.

Robert Köçəryanın ofisi də dərhal Paşinyana cavab verib. Keçmiş
prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bildirib ki, Dağlıq
Qarabağ danışıqlarda iştirakını 1998-ci ildə deyil, Köçəryanın
prezidentliyindən əvvəl-1996-cı ildə, yəni Levon Ter-Petrosyanın
dövründə dayandırıb.

“Məhz onda Ermənistan hakimiyyəti hansısa səbəbə görə buna
razılaşıb və müvafiq sənədlər açıq istifadədə qalmaqdadır”, –
Soqomonyan deyib.

Köçəryanın ofisinin rəhbəri qeyd edib ki, əslində Dağlıq Qarabağ
bilavasitə olmasa da danışıqlar prosesində iştirak edir, hər dəfə
ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi
nümayəndəsi regiona səfər edəndə Dağlıq Qarabağ nümayəndələri ilə
də görüşürlər. Və bütün danışıqlar prosesi ərzində Ermənistan
tərəfi həmişə bəyan edib ki, yekun razılaşma Dağlıq Qarabağın
razılığı və iştirakı olmadan mümkün deyil.

Köçəryanın nümayəndəsi Paşinyanın Dağlıq Qarabağın danışıqlarda
iştirakını bərpa etmək səylərini alqışlayır, amma onu da qeyd edir
ki, bu yanaşma faktiki olaraq danışıqlardan imtinadır. “Başqa
məsələdir ki, Ermənistanın yeni hakimiyyətinin danışıqlardan
faktiki imtinası hansı nəticələrə gətirib çıxaracaq”-Viktor
Soqomonyan bildirib.

Köçəryanın sözçüsü əlavə edib ki, Qarabağın danışıqlara cəlb
edilməsi bu gün həlli mümkün olmayan məsələdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp