Dünya çempionatına dəstək yarışı başa çatdı

 

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

İyunun 5-9-da Bakıda keçiriləcək BMX üzrə dünya
çempionatına dəstək məqsədilə məktəblilər arasında təşkil olunan
ümumrespublika velosiped yarışları başa çatıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən
məlumata görə, yarış Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən,
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və
federasiyanın dəstəyi ilə keçirilib.

Rayondaxili mərhələlərdən sonra finala vəsiqə qazanan 18 komandanın
13-ü paytaxt Bakını, 5-i isə Sumqayıt, Gəncə, İsmayıllı, Mingəçevir
və Zaqatalanı təmsil edib. Veloparkda təşkil olunan həlledici
mərhələdə iştirakçılar estafet sistemi üzrə komanda şəklində
yarışıblar.

Maraqlı mübarizə Xəzər rayonu 26 saylı orta məktəbin komandasının
qələbəsilə başa çatıb. 2-ci yerə Qaradağ rayonu 319 saylı, 3-cü
yerə isə Xətai rayonu 29 saylı orta məktəbin komandası layiq
görülüb. Qaliblər kubok, diplom və “İsma” velosipedləri ilə təltif
edilib. Mükafatları Təhsil nazirinin müavini Firudin Qurbanov və
Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti
Sahib Ələkbərov təqdim edib.

Qeyd edək ki, velosiped idman növünün məktəblilər arasında
təbliğinə həsr olunmuş kütləvi idman tədbirində ümumilikdə 570
komandanın tərkibində 4000-ə yaxın məktəbli iştirak edib. Kütləvi
idman tədbirinin keçirilməsində əsas məqsəd velosiped idman növünü
məktəblilər arasında təbliğ etmək, onların idmana olan marağını
artırmaq və məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən
ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir