Leyla və Arzu Əliyevalar “Son iclas”ın təqdimatında iştirak etdilər

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin
təqdimatı olub.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
və Bakı Media Mərkəzinin prezidenti, filmin baş prodüseri Arzu
Əliyeva iştirak ediblər.

Ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan”
şirkətinin sponsorluğu ilə hazırlanıb.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət
olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatına
şanlı və tarixi hadisə kimi daxil olub. Cəmi 23 ay yaşayaraq
istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik
respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının milli qürur
mənbələrindən biridir. Prezident İlham Əliyevin Sərəncamı ilə
2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub.
Cümhuriyyətin 100 iliyi münasibəti ilə həm ölkədə, həm də xaricdə
silsilə tədbirlər keçirilir. Bakı Media Mərkəzi də Azərbaycanın bu
şanlı tarixinə töhfə vermək üçün “Son iclas” bədii-sənədli filmini
ərsəyə gətirib. Film Azərbaycan Xalq Cümhuriyyətinin kəşməkəşli
tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını
hansı çətin şəraitdə verdiyini əks etdirir.

Mərasimdə çıxış edən filmin baş prodüseri, Bakı Media Mərkəzinin
prezidenti Arzu Əliyeva bildirdi ki, bu il ölkəmiz və xalqımız
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü
qeyd edir. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk
demokratik respublika olub, ölkədə çoxpartiyalı parlament yaradılıb
və əsas azadlıqlar təmin edilib. Həmin dövrdə qadınlara
seçib-seçilmək hüququ da verilib. Azərbaycan Xalq Cümhuriyyətinin
ömrü cəmi iki ilə yaxın olsa da, bu dövr ölkəmizin tarixinin ən
şərəfli səhifələrindən biridir.

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva deyib:

-Bu gün təqdim olunan film Azərbaycan Xalq Cümhuriyyətinin son
günlərində baş verən hadisələrdən bəhs edir. Bu gün biz müstəqil,
güclü, sürətlə inkişaf edən, dünya arenasında öz sözünü deyən
Azərbaycanda yaşayırıq və öz tariximizlə fəxr edirik. Mən əminəm
ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları bugünkü
Azərbaycanla qürur duyardılar. Sonda filmin yaradılmasında iştirak
etmiş hər bir insana, Heydər Əliyev Fonduna və BP şirkətinə öz
təşəkkürümü bildirirəm.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti
Qəri Counz isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
ərəfəsində təqdimatı keçirilən filmin ölkə tarixinin çox əlamətdar
bir gününə həsr olunduğunu bildirdi. O dedi ki, filmdə müsəlman
Şərqində ilk parlamentli respublikanın sonunu gətirən faciəvi
hadisələr işıqlandırılıb. Qəri Counz vurğuladı ki, Azərbaycanın
uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin
mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və
fəaliyyətləri həmişə dəstəkləyib. Şirkət Cümhuriyyətin 100 illiyinə
həsr edilmiş belə bir filmin sponsoru olmaqdan şərəf hissi
duyur.

“BP 25 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir. O vaxtdan
etibarən Azərbaycanın və BP-nin tarixi paralel hesab edilir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin
qapılarını investorların üzünə açdığı vaxtdan etibarən biz
respublikada həyata keçirilən iri neft və qaz layihələrində iştirak
etməkdən qürur duyuruq. Biz özümüzü həmişə bu ölkənin vətəndaşı
kimi hiss etmişik və layiqli korporativ vətəndaş olmağa çalışmışıq.
Buna görə də bizim üçün Azərbaycanın tarixi irsini işıqlandırmağa
töhfə vermək təbii bir haldır. Beləliklə ümid edirik ki, bu işdə
iştirakımız haqlı olaraq öz tarixləri ilə qürur duyan işçilərimizə,
onların ailələrinə, həmvətənlərinə bir töhfə və təşəkkür rəmzidir”,
– deyən Qəri Counz filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə
Heydər Əliyev Fonduna və Bakı Media Mərkəzinə təşəkkür etdi.

Sonra “Son iclas” filminin təqdimatı oldu. Ssenari müəllifi
Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu
operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu
filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin
yaşandığı ərazilərdə lentə alınıb. Filmin ssenarisi bu günə qədər
araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında
qələmə alınıb. Ekran əsərində Cümhuriyyət qurucularının
müstəqilliyimizin düşmənlərinə – istər işğalçı ordu, istərsə də bu
ordunun daxili havadarlarına qarşı son anadək apardıqları
qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks
olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın
istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə,
həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və
faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına
böyük örnək olduğu ön plana çəkilir. Ümumilikdə, bu film layihəsi
üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam
edib və 25 məkanda çəkilişlər olub. Filmin texniki, eləcə də,
yaradıcı heyəti yerli mütəxəssislər, peşəkar aktyorlardır. Filmin
çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarət olub və filmdə
50-dən çox peşəkar aktyor çəkilib. Kütləvi səhnələrdə isə 500-ə
yaxın insan iştirak edib. Ümumilikdə, film layihəsi üzərində 700
nəfərlik heyət işləyib.

Bakı Media Mərkəzi mayın 26-dan filmi “CinemaPlus” kinoteatrlar
şəbəkəsində 3 gün ödənişsiz nümayiş etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir