Görəsən, İbrahimbəyov öz erməniliyindən imtina edərmi?!

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

“Kinorejissor Ayaz Salayevin “Qafqaz triosu”
(“Кавказское трио”) filmi ilə bağlı kütləvi informasiya
vasitələrində yayımlanmış məqaləsini oxudum. Kinorejissor əsl
Azərbaycan ziyalısı olaraq cəmiyyətə kifayət qədər ciddi mesaj
verib. Filmin müxtəlif epizodlarına diqqət yetirdikcə bu mesajın
eyni zamanda dərin ictimai məzmun daşıdığını duymamaq
mümkünsüzdür”.

Publika.az xəbər verir ki, bu sözləri Mətbuat
Şurasının sədri, millət vəkili Əflatun Amaşov Rüstəm İbrahimbəyovun
ssenari müəllifi olduğu Azərbaycan xalqının vəhşi, qəddar, riyakar,
mədəniyyətsiz, milli kökləri olmayan, ermənilərin isə alicənab,
sülhsevər kimi təqdim edildiyi “Qafqaz triosu” filmi haqqında
yazıb.

Bəli, “Кавказское трио”nun ssenari müəllifi azərbaycanlı, bir
qədər də dəqiq desək, məşhur azərbaycanlı Rüstəm İbrahimbəyovdur.
Bu faktın özü çox üzücüdür. Eyni üzüntünü yazıçı Əkrəm Əylisinin
“Daş yuxular” romanı ilə bağlı da keçirmişdik. Düşünürəm ki, Rüstəm
İbrahimbəyovu və Əkrəm Əylislini birləşdirən cəhətlər oxşardır və
bu cəhətlər yaradıcılıq müstəvisində qiymətləndirilə bilməz.

Zənnimcə, yaradıcılıq mahiyyət etibarilə pozitiv təbiətlidir.
Onu da vurğulayım ki, şəxsin yaradıcı bacarıq və istedadını
göstərmək üçün tətbiq etdiyi metodlar hətta ifrat da ola bilər.
Yaradıcılıqdakı ifrat konkret hadisə və prosesə münasibətin
qeyri-adekvat və müəyyən mənada amansız forması kimi seçilsə də,
onda obyektiv həqiqətlərin üzə çıxarılması məramı var və elə buna
görə də keçərlidir.

Ancaq istər Əkrəm Əylislinin, istərsə də onun “yuxusunu görən”
Rüstəm İbrahimbəyovun yaradıcılığı pozitivlikdən uzaqdır. Bəli,
onların hər ikisi üstündür. İstedadı şəxsi iddianın, təkəbbürün,
qərəzçiliyin nümayişi üçün bazara çıxararaq satmaqda
tayı-bərabərləri yoxdur. Əlbəttə, R.İbrahimbəyov “Кавказское
трио”su ilə daha irəli gedə bilmək “potensialını” ortaya
qoyur…

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edirik.
Cümhuriyyət dövrü ictimai xadimlərinin həyatının müxtəlif
mərhələlərinə diqqət yetiririk. Gözlərimiz önündə fədakar simalar,
əsl şəxsiyyətlər canlanır. Hər birimizə yaxşı məlumdur ki, onlar bu
xalqı düşdüyü qəflət yuxusundan ayıltmaq, əzilməkdən, boyunduruqdan
qurtarmaq üçün necə əziyyətlərə qatlaşıb, necə məhrumiyyətlərlə
üzləşib, necə çətinliklərə sinə gəriblər. Xalq Cümhuriyyəti bu
böyük insanların xidmətlərinin təntənəsi olmaqla yanaşı, həm də
Qafqaz coğrafiyasındakı türk-müsəlman varlığının dünyaya
mədəniyyət, əxlaq, sülh, barış, bəşərilik, dünyəvilik mesajı idi.
Əlbəttə, bu mesaj toplum olaraq bizə ağır nəticələr də verdi.
Tarixi torpaqlarımızda erməni dövləti yarandı.

Üzərindən 100 il keçdikdən sonra Cümhuriyyət dövrü xadimləri
kimi xalqın ziyalısı olmaq potensialına malik Rüstəm İbrahimbəyov
bu filmi ilə istedadını görün, nəyə xərcləyir! Xalqını
mədəniyyətsiz, barbar, qorxaq kimi təqdim etməyə! Təzada baxın, bu
mədəniyyətsizlik və barbarlıq ermənilər üzərində həyata keçirilir!
O ermənilər üzərində ki, istər yaxın, istərsə də uzaq tariximizin
müxtəlif mərhələlərində bizə qarşı soyqırımı siyasəti həyata
keçiriblər.

Görəsən, cənab İbrahimbəyovun bəşəriliyin uğursuz imitasiyasına
söykənmiş təxəyyülündən filmə sıçratdığı qorxmaz, mərd erməni
obrazı öz erməniliyindən imtina edərmi?! O obraz Xocalıdakı
dəhşətlərə, ümumən türklərə qarşı ən ağlagəlməz cinayətlərə görə
fəxarət duyub özü ilə heçmi öyünməyib?! Bəlkə o erməni xəcalət təri
töküb?! Hesab etmirəm ki, R.İbrahimbəyov bunları bilmir. Çox gözəl
bilir, ancaq hikkəsi və iddiası ona kim olduğunu unutdurur.

Yaradıcı şəxs, istedad sahibi üçün saf niyyətlərə söykənmiş
müxalif ruhluluq da keçərlidir, hətta etalondur da. Ancaq
R.İbarimbəyov “Кавказское трио” ilə 11 aprel Prezident seçkisi
öncəsi Avropadan söyüş yağdıran bəsit təfəkkür sahiblərinin
maraqlarından da bəsit maraqların əsiri kimi çıxış edir. Bu isə
müxaliflik deyil. Onun insan haqları, mərhəmət kimi bəşəri
dəyərlərin tapdalanmasının guya əksinə çıxan beynəlmiləlçiliyinin
incə siyasi gedişlərə hesablandığı aydın görünür. Hər kəs
İbrahimbəyovun soyuq “şimal küləyi”nin təsiri səbəbindən
xəstələnməsinin fərqindədir. “Кавказское трио” bu xəstəliyin artıq
şizofreniya mərhələsidir.

Bəli, satqınlığın və xəyanətin başqa adı yoxdur. Əslində bununla
bağlı fikir bildirmək çox ağırdır. O mənada ki, satqın özümüzdən
biridir. Üstəlik bizdən olan, yenə də deyim, istedadlı və bacarıqlı
biri. Ancaq tariximizdə Oruc bəy Bayat kimi doğulmuş, sonradan
iranlı Don Juana çevrilmiş biri də olub. Taleyə baxın, adam küçə
davasında ayaq altında qalaraq canını tapşırıb. Rüstəm İbrahimbəyov
da “Кавказское трио” ilə acı sonluğa doğru daha sürətlə irəliləyir.
Görünən budur ki, siyasətin onun cüssəsindən dəfələrlə böyük
çarxları altında qalmağa üstünlük verir. Bu durumda bizə “Don Juan
Bakinski”mizə görə yalnız təəssüflənmək qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir