Braziliyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edildi

Musteqil.az

İnformasiya agentliyi xəbər verir ki,

Braziliyanın paytaxtı Brazilia şəhərində, Azərbaycanın
bu ölkədəki səfirliyi tərəfindən, Azərbaycanla Braziliya arasında
diplomatik münasibətlərin qurulmasının 25 illiyinə, Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyinə və 28 May – Respublika Gününə həsr
edilmiş tədbir keçirilib.

Səfirlikdən Publika.az-a verilən məlumata görə,
tədbirə, Braziliya Milli Konqresinin Senat və Deputatlar
Palatasından olan üzvləri, ölkədə fəaliyyət göstərən diplomatik
korpusun, dövlət və rəsmi qurumların, təhsil və elm dairələrinin,
yerli KİV-in nümayəndələri və iş adamları qatılıblar.

Tədbirdə hər iki dövlətin himninin səsləndirilməsindən sonra,
səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edərək qonaqlara
Azərbaycan və 28 May – Respublika Günü, yüz il öncə, Azərbaycanın
müstəqilliyinin əldə edilməsi barədə ətraflı məlumat verib və qeyd
edib ki, 1991-ci ildə müstəqiliyi əldə etdikdən sonra Azərbaycan
bir çox daxili və xarici çətinliklərlə üzləşməsinə baxmayaraq
ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu
çətinliklərin öhdəsindən gəlib və Prezident İlham Əliyevin ardıcıl
və uzaq görən siyasəti nəticəsində transregional enerji, nəqliyyat,
infrastruktur layihələri həyata keçirərək Azərbaycan regionun lider
ölkəsinə çevrilib.

İkitərəfli müstəvidə də əlaqələrin sürətlə inkişaf etməsindən
danışan səfir, Braziliya Xarici əlaqələr naziri A.Nunesin keçən il
Azərbaycana rəsmi səfərini xüsusi qeyd edib.

Həmçinin, səfir öz çıxışında Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi barəsində danışaraq Azərbaycanın haqlı mövqeyini
qonaqların nəzərinə çatdırıb.

Yekunda, səfir Azərbaycan-Braziliya dövlətlərarası əlaqələrinin
dinamikası və inkişafı barədə danışıb.

Sonra, Braziliya Xarici əlaqələr nazirinin müavini Simas
Maqalyayeş çıxış edib. Çıxışı zamanı qonaq bildirib ki, iki ölkə
arasında əlaqələr sürətlə inkişaf etməkdədir və intensiv qarşılıqlı
səfərlər və yüksək ticarət əlaqələri bunun bariz nümunəsidir.
2016-cı ildə Xarici işlər nazirinin müavini Araz Əzimovun
Braziliyaya səfərini, 2017-ci ildə isə Braziliya Xarici əlaqələr
naziri Aloysio Nunesin Azərbaycana rəsmi səfərini və səfər zamanı
Azərbaycan Prezidenti İlham Əliyevlə, Xarici işlər naziri Elmar
Məmmədyarovla və İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşlərini
xatırladıb. Eləcədə, səfər zamanı Braziliya Xarici əlaqələr
naziriliyi nəzdində Rio Branko İnstitutu ilə ADA Universiteti
arasında Anlaşma Memorandumunun imzalandığını, Simas Maqalyayaeş öz
çıxışında vurğulayıb.

Çıxışlardan sonra, braziliyalı musiqiçilərin tar və ud ifasında
Azərbaycan milli musiqiləri qonaqlara təqdim edilib.

Daha sonra, Azərbaycanın müstəqilliyinin yüz illiyinə həsr
edilmiş yüz ədəd Dövlət Bayrağı rənglərində rənglənmiş şarlar
havaya buraxılıb.

Tədbirin davamı olaraq, qonaqlar milli və xarici təamlardan
ibarət ziyafət masasına dəvət olunublar və onlara müxtəlif
hədiyyələr və Azərbaycan haqqında məlumat ehtiva edən materiallar
təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir