Qurbanovun ordusu “Flaqman”la bacarmadı – 889 gündən sonra “Neftçi”dən 3 ilk

Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Premyer Liqasının XXVI tur matçında
“Neftçi”yə 0:1 hesabı ilə uduzan “Qarabağ”ın 3 uğurlu seriyası
qırılıb.

Publika.az xəbər verir ki, Qurban Qurbanovun
baş məşqçi olduğu kollektiv həm çempionatda, həm də evdə 17 matçlıq
məğlubiyyətsizliyinin qırılmasına üzülüb. Bu seriyaları qıran
Tərlan Əhmədovun baş məşqçisi olduğu “Neftçi” isə son illərin
çempionu ilə görüşlərdəki qələbəsizlik seriyasına son qoyub.

Ağdam təmsilçisi bu oyunadək mövsümdə yeganə məğlubiyyətlərini
2017-ci il oktyabrın 22-də almışdı. “Qəbələ”yə səfərdəki 0:1
hesablı məğlubiyyətdən 196 gün sonra xalsız qalan Ağdam klubu
ardıcıl 17 oyunda uduzmamışdı. Bu matçlarda “Qarabağ” 13 qələbə
qazanıb, 4 heç-heçə edib.

Ağdam klubu həm də cari mövsümdə ilk ev məğlubiyyətini alıb.
Əvvəlki 13 görüşdə 10 qələbə və 3 heç-heçə edən Qurbanovun
komandasının ilk uğursuzluğu öz meydanındakı son matça təsadüf
edib. Evdəki məğlubiyyətsizlik də 17 oyun sürüb. Sonuncu dəfə ötən
il fevralın 28-də “İnter”ə (indiki “Keşlə”) 0:1 hesabı ilə uduzan
“Qarabağ” 432 gündən sonra evdə xalsız qalıb. Bu müddətdə komanda
13 qələbə qazanıb, 4 heç-heçə edib.

“Neftçi” “İnter”dən sonra 2015-ci ildə inşa olunan “Azərsun
Arena”da qələbə qazanan 2-ci komanda olub. Bu stadiona köçəndən
sonra “Qarabağ” yalnız bu iki görüşdə uduzub.

“Neftçi”nin “Qarabağ”la görüşlərdəki uğursuz seriyası da
qırılıb. Tərlan Əhmədovun yetirmələri 9 oyundur yenə bilmədikləri
Ağdam təmsilçisini 889 gündən sonra məğlub edib. “Qarabağ”
“ağ-qaralar”a sonuncu dəfə 2015-ci il noyabrın 29-da məğlub olmuşdu
– 0:1. Bu müddətdə ağdamlılar 7 qələbə, 2 heç-heçə etmişdi.

Qeyd edək ki, komandalar arasında son görüş dünən “Azersun
Arena”da baş tutub və matç 0:1 hesabı ilə “Neftçi”nin xeyrinə başa
çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir