“Koroğlu” metrosu ətrafında sıxlıq aradan qaldırılacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Heydər Əliyev prospektində, daha dəqiqi Bakı Olimpiya
Stadionunun qarşısında yeni avtomobil tunelinin inşası yüksək
keyfiyyətlə və sürətlə davam etdirilir. Tikinti işlərinin yaxın
müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən
Publika.az-a verilən məlumata görə, tunelin ümumi
uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil
edir. Avtomobil tuneli hər biri 4.5 metr eni olan 2 hərəkət
zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11.5 təşkil
edəcək.

Tikinti layihəsinə uyğun olaraq, tunelin prospektin altından
keçməsi üçün svay vurma və qazıntı işləri tam olaraq
yekunlaşdırılıb, qazılmış tunelin üstü betonlanaraq asfaltlanıb,
tunelin içərisində kanalziasiya-drenaj xətləri çəkilib, yaxınlıqdan
keçən yüksək təzyiqli kommunikasiya boruların üzərindən 1 aşırımlı
və 21 metr uzunluğunda körpü inşa edilib.

Hazırda ərazidə layihənin sonuncu mərhələsi həyata keçirilir.
Belə ki, tunelin içinin və çölünün üzlənməsi, tunel və yanaşma
yolların torpaq yatağının kipləşdirilməsi,tunel çıxış hissəsinin
yanından keçməklə “Sabunçu yol qovşağı”na qalxan köməkçi yolun
inşası işləri davam etdirilir. Köməkçi yolun uzunluğu 700 metr, eni
isə 9 metr təşkil edir. Bu yolun köməkliyi ilə Heydər Əliyev
prospekti ilə hərəkət edən sürücülər və tuneldən çıxan sürücülər
sözügedən yol hissəsi vasitəsi ilə rahat və maneəsiz şəkildə
“Sabunçu yol qovşağı”na daxil ola biləcəklər.

Ümumilikdə isə tunelin inşasında məqsəd günün pik saatlarında
“Koroğlu” metrostansiyasının qarşısında yaranan tıxacı aradan
qaldırmaqdır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn
avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağına daxil olmadan və
“Koroğlu” metrostansiyasının qarşısından keçmədən Hava limanı
istiqamətində gedə biləcəklər.

Yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər Ziya
Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və ordan da Bakı
Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə
etməklə hava limanı istiqamətinə hərəkət edəcəklər. Bu isə sıxlığın
azalmasına gətirib çıxaracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp