Gürcü qızla sevgili olan azərbaycanlı aktyor: “Kişilərin özünə yaraşdırmadığı hər obrazı…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Aktyorun psixoloji vəziyyəti heç vaxt normal olmur.
Söhbət təkcə azərbaycanlı aktyorlardan getmir, bu, bütün dünyada
belədir. Aktyor öz həyatını yaşamır, ildə ən az bir serial və bir
neçə filmdə çəkilirik. Hərdən özümü itirirəm, bilmirəm ki, bu sözü
burada obrazın dilindən deyirəm və ya Sənan kimi hərəkət edirəm.
Məsələn, indi sizə müsahibəni özüm kimi, yoxsa başqa obraz kimi
verdiyimi bilmirəm”.

Bu sözləri tanınmış aktyor Sənan Əlləz
Publika.az-a verdiyi müsahibəsində deyib.

İlk növbədə sizi bu yaxınlarda tamaşaçılara təqdim
olunan və baş rolda çəkildiyiniz “Eviniz Abad” filmi münasibətilə
təbrik edirəm. Söhbətimizə də elə film haqqında
başlayaq…

– Təşəkkür edirəm. 2015-ci ildə quruluşçu operator Ruslan
Ağazadə ilə eyni filmdə çalışırdıq. İlk təklif ondan gəlmişdi.
Ruslan Ağazadə “Eviniz Abad”-ın ssenarisindəki Qafarı mənə çox
bənzətmişdi. İş elə gətirdi ki, sınaq çəkilişlərindən sonra Qafar
roluna namizəd olan 17 həmkarım arasından mən seçildim. Çəkilişlər
2016-cı ilin mayında başladı, dekabrda bitdi. Müəyyən problemlərdən
dolayı montaj işləri gecikdi və təqdimat nəhayət ki, bu ilin mart
ayında baş tutdu.

Qafar obrazı digər işlərinizdən nə ilə
seçilir?

– Bu vaxta qədər kommersiya filmlərində baş və ikinci dərəcəli
rolları canlandırmışdım. Amma “Evimiz Abad” ilk böyük işimdir, əsas
fərq də budur. “Evimiz Abad” “Azərbaycanfilm” kinostudiyasının
istehsalı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə ərsəyə
gəlib.

Yaratdığım bütün obrazlar üzərində işləməyi sevirəm. Obrazın
xarakterinə və daxili aləminə bələd olmalıyam ki, rolum təsirli
alınsın. Rolum rejissor tərəfindən təsdiq olunana qədər səkkiz dəfə
sınaq çəkilişlərində iştirak etmişəm. Təsdiqləndikdən sonra isə
Qafar obrazı üzərində ssenari ilə dörd ay işləmişəm, doqquz ay da
yemədən-içmədən, gecə-gündüz sərasər məşq etmişəm. Ssenari nə qədər
mükəmməl olsa da, aktyor onu mütləq obrazın danışıq tərzinə və
xarakterinə uyğunlaşdırmalıdır ki, nəticə ürəkaçan olsun. Vaxt
məhdudiyyəti olmadığından rolum üzərində rahatlıqla işləmək və
xarakteri özümdə bişirmək üçün imkan var idi.

“1 saata qədər bataqlığın içində
qaldım”

Çəkiliş proseslərində qarşılaşdığınız çətinliklərdən
danışaq.

– Problemsiz iş olmur ki. Çəkilişlər həm Azərbaycanda, həm də
Gürcüstanda baş tutub. Tbilisinin 20 km yaxınlığında Lis gölü var.
Ssenariyə əsasən bu göldə çimməli idim. Gürcü prodüseri Devi dedi
ki, 40 ildir burada yaşayır, amma o göldə çimən insan görməyib. Göl
sırf balıq tutmaq üçün fəaliyyət göstərir. Filmin göldə səhnəsi
təxminən 10 dəqiqə çəkdi, mən isə 1 saata qədər bataqlığın içində
qaldım.

Bədənimi suya alışdırmaq üçün birinci gölün təbiətinə bələd
olmalı idi. Təsəvvür edin ki, dizə qədər palçığa batmışdım, bir
tərəfimdə qurbağalar, bir tərəfimdə isə su ilanları üzürdü. Çəkiliş
meydançasından olan bütün adamlar, rejissorlar və gürcü
prodüserləri sənə ümid dolu gözlərlə baxır ki, rolun öhdəsindən
gələsən. Eyni zamanda qorxurdular ki, birdən bataram.

“Eviniz Abad” filminin çəkilişlərində qarşılaşdığım və sevərək
dəf etdiyim ən böyük problem bu idi. Göl səhnəsi yay vaxtı
çəkilmişdi, meydançada olan yaradıcı heyət, ətrafda dincələn və
balıq tutan gürcülərlə birlikdə 150-ə yaxın adam vardı. Bu
insanların dayanıb səni izləməsi və sudan çıxanda bu epizoda görə
hər kəsin səni alqışlaması problemin həllini həmin an yaddan
çıxardır.

Film Azərbaycan və Gürcüstanın birgə
istehsalıdır?

– Sırf Azərbaycan istehsalıdır, ekran işinin bütün müəllif
hüquqları bizimdir, sadəcə hadisələrin 70 faizi Gürcüstanda baş
verdiyinə görə gürcü həmkarlarımızı dəvət etmişdik. “Eviniz Abad”ı
film festivallarına göndərməyi düşünürük və bu ekran işi orada
ancaq Azərbaycanı təmsil edəcək.

“Gürcü sevgilisini özü ilə
gətirir”

Dram əsəri azərbaycanlı tamaşaçılara nə verəcək?
Ümumiyyətlə, film nədən danışır?

– Film iki mənzilini itirmiş insanın ev uğrunda mübarizəsindən
bəhs edir. Dram filmində Ağdam və Abxaziya qaçqını olan iki insanın
sevgisi təsvir olunub. Onların ikisini də ortaq dərd birləşdirir,
ikisi də ata-baba yurdundan didərgin düşüb, ikisi də evsizdir. Baş
qəhrəmanların hər ikisi evini itirib və hər ikisi özünə müvəqqəti
sığınacaq axtarır, amma onlar ümid edir ki, nə vaxtsa öz evlərinə
qayıdacaqlar. Burada ev simvolik məna daşıyır. Bu, ev, köşk və
vətən də ola bilər.

Ekran işi 92-ci il hadisələrində Ağdamdan qaçqın düşən, köşkdə
dünyaya gələn, elə həmin gün ermənilərin köşkü güllələməsi
nəticəsində anasını itirən Qafarın həyatından danışır. Qafarı bir
müddət bir ayağını müharibədə itirən atası böyüdür, sonra atası da
dünyasını dəyişir. Atasının döyüşçü yoldaşı Qafarı özü ilə Bakıya
gətirir. Oğlan öz köşkünü də Bakıya aparmaq istəyir, amma yolda
qəribə hadisələr baş verir və o, köşkü ilə birlikdə Gürcüstana
gedib çıxır. Gürcüstanda köşkünü itirir, onun axtarışlarına çıxanda
gürcü qızla tanış olur. Sonda köşkünü tapdıqdan sonra vətəninə
qayıdır.

Belə bir ifadə var ki, harada sevirsənsə, vətənin ora sayılır.
Oynadığım obraz isə vətəni Azərbaycanı bir an olsun unutmur və
gürcü sevgilisi Leylanı da özü ilə birlikdə ölkəsinə gətirir.

“Yurdunu görməyənə qədər gözlərindəki kədər
silinməyəcək”

Ssenari hər iki ölkənin tamaşaçısı üçün eyni dərəcədə
anlaşılan olacaqmı?

– Bəli, film həm Azərbaycan, həm də gürcü tamaşaçısına o mesajı
ötürür ki, əsrlərdən bəri bizim olan torpaqlar bizə də qayıdacaq.
Belə filmlər çəkməliyik ki, işğal altında olan ərazilərin bizim
olduğunu və etiraz səsimizi dünyaya çatdıra bilək.

Filmin quruluşçu rejissoru Ruslan Ağazadə hansı
xüsusiyyətlərinizə görə sizi Qafar roluna bənzətmişdi?

– Elə insanlar var ki, anadangəlmə oliqarx görkəminə malik
olurlar. Qafar isə hər şeydən qorxan, sıxılan, tək yaşayan, çəkinən
insandır, baxışlarında dərin kədər var. Gözlərin ifadəsi həlledici
rol oynayır. Ruslan dedi ki, məndə Qafarın gözləri var, nə qədər
sevinsəm də, həyata qəribə kədərlə baxıram. Onlara da bu cür obraz
lazım idi. Çəkilişin birinci dəqiqəsindən sonuncu dəqiqəsinədək
Qafarın baxışları dəyişmədi, ən xoş anında, toyunda belə, sanki
kimisə gözləyirdi… O, ömrünün axırına qədər gözləyəcək. Çünki
onun görmək istədiyini yerlər var. Hesab edirəm ki, Qafar doğma
yurdunu görməyənə qədər gözlərindəki kədər silinməyəcək. Çalışdım
ki, tamaşaçıya bütün hissləri ötürüm, deyilənə görə, yaxşı
alınıb.

Tərəf müqabiliniz gürcü aktrisa Nino İaşvili olub,
yaradıcı heyətə ondan başqa da gürcü aktyorlar daxildir. Gürcü
aktyorlarla işləmək sizdə hansı təəssüratlarla yadda qaldı? Onlar
sizi nə ilə təəccübləndirdi?

Gürcülər sakit danışmağı bacarmırlar.Yəqin
ki, Qafqazın ən temperamentli milləti onlardır. Onların bu
xüsusiyyəti məni həyəcanlandırır və daha da həvəsləndirirdi. Sonda
onlar mənə dedi ki, bizim həm qadın, həm də kişi aktyorlarımız çox
temperamentlidir və biz soyuq rolları canlandıra bilmirik. Qafar
isə isti filmin soyuq qəhrəmanı idi. Özləri etiraf etdi ki, biz
qafqazlı və şərqli olsaq da, eyni zamanda rus, Qərbi Avropa və
Amerika aktyorları kimi soyuq mimikaya malikik. Onların dilindən
xoş sözlər eşitmək aktyor üçün qürurvericidir. Gürcülər nə qədər
sakit dayansa da, emosional olduqlarını üz cizgilərindən oxumaq
olur. Azərbaycan 70 il sovet imperiyasının tərkibində olub, qaçmağa
çalışsaq da, kino məktəbimiz sovet kino məktəbidir. Biz rus
aktyorlarına daha yaxın oynayırıq. Bununla belə gürcülərin kino və
serial sahəsinin sürətlə inkişaf etdiyini danmaq olmaz. Onlarda
bəyəndiyim əsas cəhət o oldu ki, vahid olmasa da, gürcülərin
pərakəndə şəkildə fəaliyyət göstərən çox güclü prodüser şirkətləri
var.

Bizdə isə prodüser şirkətləri yoxdur, bu günə qədər çəkildiyim
filmlərə rejissorların öz təklifi ilə dəvət almışam, ya da sosial
şəbəkələrdə video və şəkillərimi görüb bəyəniblər. Gürcülər bu cür
işə gülürlər, bütün aktyorların sabit şəkildə işlədiyi prodüser
mərkəzləri var, komanda şəklində fəaliyyət göstərirlər. Bu
şirkətlər öz aktyorlarını dünya bazarına çıxara və sata bilir.

Bu gün Türkiyədə çalışan aktyorlarımız var, amma onlar da şəxsi
hesabına və öz gücünə ora gedib çıxa bilib. Gürcülər isə dili və
dini bir olmayan Türkiyəyə öz aktyorunu rahat şəkildə sata bilir.
İstərdim ki, bizdə müəllif və aktyorluq hüquqlarını öz əlində
birləşdirən prodüser mərkəzi fəaliyyət göstərsin, dünyada çəkilən
film və seriallara təklif olunum. Bu yolla həm mən qazanım, həm də
mərkəz mənim üzərimdən öz faizini götürsün. Düşünürəm ki, onların
təcrübəsini mənimsəməli və ölkəmizdə tətbiq etməliyik.

“Aktyorun psixoloji vəziyyəti heç vaxt normal
olmur”

“Qafar”a bütün enerjinizi və canınızı qoymusunuz. 13
ay az müddət deyil. Bu, sizin psixoloji durumunuza necə təsir
göstərdi?

– Bir uşağın dünyaya gəlməsi 9 ay çəkirsə, mən Qafara
yaranmasına bir il bir ay vaxt sərf etmişəm. Ümumiyyətlə, aktyorun
psixoloji vəziyyəti heç vaxt normal olmur. Söhbət təkcə
azərbaycanlı aktyorlardan getmir, bu, bütün dünyada belədir. Aktyor
öz həyatını yaşamır, ildə ən az bir serial və bir neçə filmdə
çəkilirik. Hərdən özümü itirirəm, bilmirəm ki, bu sözü burada
obrazın dilindən deyirəm və ya Sənan kimi hərəkət edirəm. Məsələn,
indi sizə müsahibəni özüm kimi, yoxsa başqa obraz kimi verdiyimi
bilmirəm.

Aktyorların dəmlənmə dönəmi olur. Saqqalımızı və saçımızı
qırxmırıq, çox rahat vəziyyətdə gəzirik ki, rəssam bizi istədiyi
vəziyyətə salsın. İstirahət vaxtlarında bilirsən ki, hansısa
layihəyə başlayacaqsan, amma əlimizdə nə ssenari, nə də obraz olur.
Bax, bu müddətdə özün ola bilirsən. Amma ssenarini əlinə alıb
obrazı özünə uyğunlaşdırmağa başlayanda bu, aktyorda müəyyən
təlatümlər yaradır. Oynadığım qəhrəmanların həyatını yaşamaq mənə
zövq verir.

Həyatda tez-tez rola girməli olursunuz?

– Bu sual mənim üçün gözlənilməz oldu (düşünür). Konstantin
Stanislavski deyirdi ki, aktyor rolunu həyatda yaşadığı kimi
oynamalıdır. Həyatda nə qədər az rola girsən, kamera qarşısında bir
o qədər rahat olacaqsan. Təbii ki, kamera qarşısında rola girmək
asan işdir, həyatda rola girməyi bacarmıram. Həyatda etdiyimiz hər
bir iş daha çətindir. Aktyorlar kameraya, çəkiliş meydançasına
alışır və orada özünü rahat hiss edir.

Həyatınızın baş rolundasınız?

– Hər kəs öz həyatının baş rol qəhrəmanıdır. Siz də, Səfiyar
qardaşım da (Fotoqrafımız Səfiyar Məcnunu nəzərdə tutur – red.),
mən də öz həyatımın əsas qəhrəmanıyam. Əvvəlcə ata-anamızın baş
rolda olduğu filmə epizod kimi gəlirik, yavaş-yavaş özümüz baş
qəhrəmana çevrilir, sonda da baş rol ifaçısı kimi dünyadan
köçürük.

Filmlərin sonluğunda adətən qələbə qazanan tərəf
müsbət qəhrəmanlar olur. Sizcə, həyatda da xeyir şərə həmişə qalib
gələ bilir?

– Həmişə yox. Biz sadəcə ümid edirik ki, xeyir nə zamansa qalib
gələcək. Xeyir şərə qalib gəlsəydi, dünyada bu qədər haqsızlıqlar
və müharibələr olmazdı, günahsız körpələr öldürülməzdi. Bütün
bunlar baş verirsə, deməli, hələ ki, şər öndədir. Torpalarımız şər
əllərdədir, inanıram ki, xeyir tez bir zamanda bizim
torpaqlarımızda, Qarabağda və digər dövlətlərdə qələbə çalacaq.

Ümidsiz yaşamaq olmur, ən ağır vaxtlarda belə insana güc verən
məhz bu hissdir. İnsanın iki cür: maddi sıxıntısı və mənəvi
çətinliyi olur. Maraqlıdır ki, mənəvi baxımdan əzab çəkmək maddi
problemlərdən daha ağrılı olsa da, mənəvi çətinlik çox tez
unudulur. Yaradılışımız elə qurulub ki, ani xoşbəxtlik bütün mənəvi
ağrı və dərdləri unutdurur. Maddi baxımdan üzləşdiyimiz çətinliklər
isə yadımızdan heç vaxt silinmir.

“Maddi problemlərim olub, iş tapa
bilmirdim”

Pula ehtiyacınız duyduğunuz günlər çox
olub?

– Tələbə və tələbə həyatından sonrakı dövrlərdə maddi
problemlərim olub. İş tapa bilmirdim, rejissorlar tərəfindən kəşf
olunmamışdım. Şükürlər olsun ki, indi maddi vəziyyətim yaxşıdır,
bütün ehtiyaclarımı qarşılaya bilirəm.

Keçmişdə yaşadıqlarımı dilə gətirməyə, kasıbçılığımı boynuma
almağa çəkinmirəm, çünki keçmişindən utanan insan deyiləm.
Ofisiantlıqdan tutmuş, konduktorluğa və avtoyuma məntəqələrinə
qədər bir çox yerlərdə çalışan insan olmuşam. Keçdiyim əziyyətli
yolu niyə danım ki? Burada utanmalı heç nə yoxdur, heç vaxt
utanmamışam, heç vaxt da utanmayacağam.

Bərkə-boşa düşməyəndə insan həyatdakı yerini tapa bilmir.
Məsələn, ofisiantlıqdan da nələrsə öyrənmişəm. Ofisiant işləyəndə
hər cür insanla tanış olurdum. Əgər gördüklərindən nə isə toplaya
bilirsənsə, deməli, səndə bir balaca istedad işartısı var. Müşahidə
qabiliyyəti aktyoru irəli aparan xüsusiyyətlərdir. Hər hansı obrazı
yaradanda görürsən ki, uşaqlıq xatirələri köməyinə gəlir.

“Nizami Kino Mərkəzi bu məsələləri ya həll
etməlidir, ya da film göstərməməlidir”

Nizami Kino Mərkəzində baş tutan təqdimatdan sonra
narazı qaldığınız məqamlar olmuşdu, bu barədə sosial şəbəkədə də
məlumat vermişdiniz. Nə idi sizi hiddətləndirən?

– Bəli, yazmışam və bundan çəkinmirəm. Şərh bölməsində də
çoxları sözümə qüvvət vermişdi. Çünki son vaxtlarda Nizami Kino
Mərkəzində təqdim olunan 10-a yaxın filmə baxmışam, onların
hamısının səs və rəngində böyük problemlər var. Biz bir neçə il
əziyyət çəkib film ərsəyə gətirmişik və təqdimat günü filmi
izləməyə gələn insanlar problemlərdən dolayı aktyorların
dialoqlarını, söhbətlərini yaxşı eşidə bilməyib gedirlər.

Nəticədə mənim və bütün heyətin çəkdiyi əziyyətə qiymət verə
bilmirlər. Nizami Kino Mərkəzi bu məsələləri ya həll etməlidir, ya
da film göstərməməlidir. Nə vaxt qədər gördüyüm işin səsi bu
kinoteatrda normal getməməlidir. Özü də ən yaxşı avadanlıq Nizami
Kino Mərkəzindədir. Üç-dörd nəfər bunu ictiamiləşdirməlidir ki,
problem həllini tapsın. İctimai nəzarət olmalıdır ki, səs və
rənglərdə problem olduğunu onlara desin.

Çəkdiyiniz əziyyətdən söz düşmüşkən, aldığınız
qonorarlar sizi qane edir?

– Razı olmasam, işləmərəm. Yaşıdlarım arasında həm seriala, həm
də filmlərə ən yüksək qonorara çəkilən aktyor mənəm. Azərbaycan
çərçivəsində o məbləği verirlərsə, deməli, razıyam. Lakin qeyd
etməliyəm ki, yaxın gələcəkdə Azərbaycan kinosuna böyük vəsaitlər
ayrılacaq. Biz də indikindən daha çox qazanacağıq.

Bu gün gənclər sosial şəbəkələrin və vaynların
hesabına böyük populyarlıq qazanır və filmlərə çəkilmək dəvəti
alırlar. Sizcə, vaynlar onlara aktyor kimi formalaşamağa təsir
göstərir?

– İki cür kateqoriya var: biri, vaynla başlayıb filmə
çəkilənlər, digəri də aktyor olub vayn çəkənlər. İkincilər çox
istedadlı aktyorlardır, sadəcə özlərinə çıxış yolu tapa bilmirlər.
Onları qınamıram, əksinə alqışlayıram. Onlar vaynların sayəsində
populyarlaşır və rejissoru məcbur edirlər ki, onu filmə dəvət
etsinlər.

Birincilərin nə dərəcədə aktyor olub olmadığını deyə bilmərəm,
onlara söz demək haqqım yoxdur. İstənilən halda onlar da zəhmət
çəkir. İndi vaynerlər də üç il əvvəlki kimi deyil, peşəkarlığa
doğru gedirlər. Əvvəllər lətifələri çəkirdilərsə, indi normal həyat
hekayələrindən istifadə edirlər.

Yerli istehsal olan hansı filmlərə baxanda ürəyiniz
sıxılır?

– Əksəriyyətinə baxanda ürəyim sıxılır, amma qənaətbəxş olanlar
da var. Rejissorun qeyri-peşəkar olması və ya ssenarinin zəif
olması yox, bütün filmlərdə eyni aktyorları görmək ürəyimi sıxır.
Aktyorların işinə sözüm yoxdur, onlar öz vəzifəsini layiqli şəkildə
yerinə yetirir, kiminsə bostanına daş atmaq kimi fikrim yoxdur.
Amma əmin olun ki, onlar da iki aydan bir oxşar filmə çəkiləndə
ürəkləri sıxılır. Aktyor ömrünün sonuna qədər eyni janrda və oxşar
rollarda çəkilməməlidir, komediya və dram aktyoru anlayışı ancaq
bizdə var. Halbuki, aktyor özünü istənilən janrda sınamalıdır. Jan
Reno “Leon” filmində çox mükəmməl dram obrazı oynamışdı. O, eyni
zamanda peşəkar komediya ustasıdır, onun istedadına qibtə etməyə
bilmirəm. Jan Reno kimi bir neçə aktyor sadalamaq olar.

Bu gün simasına güldüyümüz aktyorlar var, həmişə də olub. Onlara
Cem Yılmaz və Kamal Sunal kimi aktyorları misal göstərmək olar.
Bizdə də onlar kimi istedadlı aktyorlar var ki, onlara baxandan
istər-istəməz üzündə gülüş yaranır. Amma nə olar ki, ssenarist və
rejissorlar onları bir balaca fərqli obrazlara çəksinlər. Eyni
səpkili filmlərdə eyni aktyorları görmək nə qədər olar? Rejissorlar
komediya seriallarında oynayan və öndə olmayan istedadları filminə
dəvət etsə, onlara həm maddi baxımdan yardım etmiş olacaq, həm də
filmləri rəngarəng obrazlarla dolu olacaq. Lakin o məqamı da qeyd
edim ki, əvvəlkilərə nisbətən indiki komediyalar daha yaxşıdır.

“İmtahan” serialındakı Tural rolu sizə nə
öyrədib?

– Fikirləşmədən hərəkət etməməyi öyrənmişəm. “İmtahan” gündəlik
serial olsa da, çalışırıq ki, tamaşaçını düşündürək. Tural əsas
hadisələrin içində olan və əzəldən bu günə qədər müəyyən problemlər
yaşayan obrazdır. Çətin xarakterə malik olmasının da səbəbləri var:
dostlarını itirməsi, tək yaşaması və atasız böyüməsi. Turalın
verdiyi ani qərarlar ağır nəticələrə gətirib çıxarır. Görək bundan
sonra ssenaristlər xətti hara aparacaq. “İmtahan” sayılıb-seçilən
və baxılan seriallardandır, ümid edirəm ki, davamlı olacaq.

Siz çox cəsarətli, sarsılmaz, daxili tarazlığa nail
olan insan təsiri bağışlayırsınız. Doğurdanmı Sənan Əlləz heç nədən
qorxmur?

– İtirməkdən qorxan insanam, fobiyam var, 20 qəpik də itirəndə
narahat oluram və özümə gələ bilmirəm. Dost etibarını itirməkdən də
çox qorxuram. Bir vaxtlar çox yaxın və dost olduğum sevilən iki
aktyorumuzla 2015-ci ildən bu yana danışmıram, daha doğrusu, onlar
mənimlə danışmır. Yaradıcılıq prosesində mübahisəmiz düşdü, onlar
məndən küsdü.

Kimlərdən söhbət gedir?

– Adlarını çəkmək istəmirəm, lakin onları bu günə qədər özümə
dost hesab edirəm, mənə qarşı isti münasibəti və əziyyətlərini
itirə bilmərəm. Aramızda baş verən anlaşılmazlıq hadisə indiyə
qədər mənə pis təsir edir. Başqa qorxum yoxdur, hətta Azərbaycanda
heç bir aktyorun cəsarət etmədiyi obrazları çox rahat şəkildə
oynayaram.

“Kişilərin özünə yaraşdırmadığı rollara qədər hər
obrazı canlandıra bilərəm”.

Açıq-saçıq səhnələri nəzərdə tutursunuz?

– Tamaşaçı və ictimai qınağı göz önünə alaraq açıq səhnələrdən
tutmuş, kişilərin özünə yaraşdırmadığı rollara qədər hər obrazı
canlandıra bilərəm. Yaradıcılıq prosesində çox cəsarətliyəm.

Çəkildiyiniz layihələrin reytinq toplaya bilməməsi
sənət eşqinizi azaldır?

– Əksinə artırır, reytinq sabun köpüyü kimidir. Bugünkü
reytinqli layihələr sabah unudulur. Səs-küy yaratmayan layihələrsə
əksinə, 10 il sonra öz layiqli yerini tutacaq. Çünki onlar gələcək
üçün hesablanıb.

O qədər olub ki, çəkildiyimiz serial və filmlər işıq üzü
görməyib, rəflərdə qalıb. Bunlar məni ruhdan salmayıb. Bizi ruhdan
salan monoton aktyorlar, operator və rejissorlar olur. Şükür Allaha
ki, inkişafa doğru gedirik. Sadəcə mən də daxil olmaqla, bütün
aktyorlar üzərində çalışmalıdır ki şablon olmasın. Tamaşaçının
bizdən bezdiyi gün ruhdan düşə bilərik. Nə vaxt desələr ki, Sənan
Əlləz bezdirdi, üç il əvvəlki obrazını yeni layihəsində də təkrar
edir, bax, onda ruhdan düşərəm.

Yerli aktrisalar açıq və intim səhnələrdə çəkiləndə
cəmiyyətdə müzakirə və tənqid obyekti olur. Sizcə, bunun baş
verməsi normal haldır?

– Əlbəttə ki, normaldır. Türkiyədə Beren Saat da intim səhnələrə
çəkiləndə Kənan Doğulunun instaqram səhifəsinə nə gəldi yazırlar.
Başa düşmürlər ki, film estetika və incəsənətdir, həyatın
reallığını əks etdirən vizual görüntüdür. Əgər real həyatda
sevişirsənsə, deməli, bunun filmdə göstərilməsi təbiidir.

Artıq cizgi filmlərində də uşaqları leyləklər gətirmir. Uşağın
dünyaya gəlmə və sevgili olma prosesini hamı bilir. Bütün bunları
biliriksə, niyə kinoda göstərməyək? Niyə insanlar bunu kinoda
görəndə aktrisa və aktyorlar haqqında ağzına gələni yazır? Vallah
hamısı da baxır.

Həyatda olmaq istədiyiniz yerdəsiniz?

– Xoşbəxtəm ki, gözəl ailəm, məni sevən xanımım, 7 aylıq Caner
adında övladım, uşaqlığımdan bəri məni dəstəkləyən atam və anam
var. Həmçinin sözün əsl mənasında dostluq etdiyin insanlar var.
Bunların sırasına qohumlarımı əlavə edə bilmərəm.

Səbəb?

– Hərdən qohumlar arasında soyuq münasibətlər olur… Aktyorluq
sənətini ciddi iş hesab etmirlər, son vaxtlarda isə qulağıma gəlib
çatır ki, məclislərdə onlarla qohum olduğumu deyirlər.

İstədiklərinizi əldə etmək üçün sizə mane olan
nədir?

– Deyirlər ki, danışmaq gümüşdürsə, susmaq qızıldır. Mən susmağı
bacarmayan insanam, çox emosionalam. Əsəbiləşdiyim zaman sərt,
tənqidi fikirlər bildirməkdən çəkinmirəm, insanların səhvlərini
üzünə deyirəm. Bu, bəzən mənə mane olsa da, sonda istedad zəfər
çalır.

Bir qədər özəl mövzulara keçək…

– Çox özəl deyilsə, buyurun.

Qısqanc və mühafizəkar həyat
yoldaşısınız?

– Hər bir azərbaycanlı kişisi kimi. Kim sevdiyini qısqanmaz ki?
Özüm sənət adamı olduğum üçün cəmiyyətdəki digər insanlara öz
duruşumla nümunə olmağa çalışıram. Həmişə istəmişəm ki, sakit ailəm
olsun. Valideynlərimdə bunu görmüşəm və indi də bunu öz ailəmdə
tətbiq edirəm. Maddi baxımdan bəzən korluq çəksək də,
xoşbəxtliyimiz heç vaxt az olmayıb. Kasıb olsaq da, ikiotaqlı
evimizin qapı və pəncələrindən xoşbəxtlik fışqırıb.

“Oxucularınız üçün səmimi
görünməyəcəm”

Dahilərin çoxu etiraf edir ki, ailə yaradıcılığı
boğur. Siz hansı fikirdəsiniz?

– 2016-cı ildə ailə qurmuşam. Həyat yoldaşımla ailə qurmazdan
əvvəl onun uzun illər sevgili olmuşuq. Ona demişdim ki, əgər
işlərimdə səni nə isə narahat edəcəksə, bunu əvvəlcədən de.

Aktyorluğu da, xanımımı da çox sevirəm, ikisi arasında seçim edə
bilmərəm. Bu, ana və həyat yoldaşı arasında seçim etməyə bənzəyir.
Xanımıma demişəm ki, nə badə məni ailəm hesab etdiyim aktyorluq
sənəti ilə üz-üzə qoyasan. Bu, məni depressiyaya gətirib
çıxarar.

Xoşbəxtəm ki, xanımım məni dəstəkləyir, çəkildiyim obrazları
birinci onunla məsləhətləşirəm, onunla məşqlər edirəm, birinci
izləyicim də, tənqidçim də odur. Məni ən yaxşı o, başa düşür, çox
sağ olsun ki, anlayışlıdır.

Başqa bir müsahibənizdə oxumuşdum ki, 14 il bir qızı
sevmisiniz, sonra onunla ailə qurmusunuz. Bir qadını 14 il sevmək
və ona sadiq qalmaq asan deyil. Məhəbbəti qorumağın hansısa resepti
varmı?

– Sadəcə o insanı hər gün sevmək lazımdır. Təzə telefon alanda
onu qorumağa çalışırıq ki, cızılmasın. Bir müddət sonra qoruma
funksiyasını unuduruq. Amma əmin olun ki, aldığınız telefonu
ilkgünkü kimi qorusanız, üç il sonra o, sizə təzə aldığınızdan da
əziz olacaq. Telefonun hər gün yeni modelləri çıxır, amma
sevgisinin heç bir modeli yoxdur.

Bu məsələdə əsas öhdəlik qadının, ya kişinin üzərində
düşür?

– Əlbəttə ki, qadının, o, özünü hər gün sevdirməyi bacarmalıdır.
Kişilər monotondur.

Sizcə, qocalana qədər həyat yoldaşınıza olan sevgini
və sədaqəti qorumağa gücünüz çatacaq?

– Türklər deyir ki, “böyük loxma ye, amma böyük danışma”. Desəm
ki, sevgim heç vaxt azalmayacaq, oxucularınız üçün səmimi
görünməyəcəm. Bilmirəm ki, bu, nə qədər çəkəcək, qocala biləcəmmi,
ya bilməyəcəmmi. Hər halda nə qədər ki, Allahın əmanət etdiyi canı
üzərimdə daşıyıram, ailəmi hər gün, hər gün sevəcəyəm…

– Allah uzun ömür versin.

– Amin hamımıza.

Maraqlı müsahibə üçün minnətdaram.

– Təşəkkür edirəm.

Aytən,

Foto: Səfiyar Məcnun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp