Bakıda avtomobillərin parklanması tam avtomatlaşdırılacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Bakıda avtomobillərin parklanma prosesi tam
avtomatlaşdırılacaq”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal
Kərimli deyib. Onun sözlərinə görə, hazırda BNA-nın əməkdaşları
xarici mütəxəssislərlə birlikdə parklanma ilə bağlı vəziyyəti
öyrənmək üçün araşdırmalara başlayıb. V.Kərimli bildirib ki,
araşdırmalardan sonra parklanma ilə bağlı müvafiq qərarlar qəbul
ediləcək.

“Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına
dair toplantısında cənab prezidentin vurğuladığı kimi ümumilikdə
şəhər nəqliyyatının təşkili koordinasiyalı olmalıdır. Burada bütün
digər qurumlar da bir-birinə dəstək olmalıdır. Çünki, nəticə
etibarı ilə bizim vətəndaşlarımız, Bakı sakinləri – müəllimi də,
tələbəsi də, naziri də yollardan istifadə edir. Bizim araşdırmalar
nəticəsində məlum olub ki, yollarda ən çox nəzərə çarpan problem
qeyri-qanuni parklanma, parklama yerlərinin aidiyyatı qurumlarla
razılaşdırmadan təsdiq olunması və müəyyənləşdirilməsi ilə
bağlıdır. Əsas məsələ odur ki, parklanmanın təhvil-təslim prosesi
davam etməlidir. Bu prosesdən sonra bizim niyyətimiz odur ki,
parklanma tam avtomatlaşdırılmış olsun. Necə ki, biz avtobuslarda
nağdlaşmanı aradan qaldırıb, kart vasitəsilə nağdsız ödəniş
istiqamətində gediriksə, parklanma ilə bağlı da bunu etmək
istəyirik. Artıq yeraltı və ya digər parklanmaların işlək vəziyyətə
gətirilməsi istiqamətində hərəkət edəcəyik ki, küçələrdə
qeyri-qanuni parklanmanın və ya ümumiyyətlə parklanmanın yaratdığı
problemlər ortadan qalxsın. Eyni zamanda, parklanma bir
mədəniyyətdir. Biz sakinlərimizdən də böyük bir anlayış gözləyirik.
İstərdik ki, vətəndaşlarımız avtomobillərini restoranın, iaşə
obyektinin, əyləncə mərkəzinin birbaşa qarşısında və yaxud yanında
saxlamaqla deyil, avtomobillərini parklanma yerlərində park edərək
lazımı ünvana yürüyərək getsinlər. Araşdırmalarımızdan sonra
ehtiyac yaranarsa, yeni parklanma yerləri tikiləcək, ehtiyac
olmadığı halda mövcud olanlardan istifadəni təşviq etməliyik”, –
deyə V. Kərimli vurğulayıb. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir