18 yaşlının ilk, 87 yaşlının qocaman həyəcanı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

11 aprel müstəqil Azərbaycanın tarixində növbəti
prezident seçkiləri günüdür. 16 saylı Yasamal ikinci seçki
dairəsinin 29 saylı məntəqəsində seçicilərin xüsusi fəallığı
müşahidə olunub.

Publika.az xəbər verir ki, saat 08:00-dan
fəaliyyətə başlayan məntəqə saat 08:05-dən etibarən ilk
seçicilərini qəbul edib. Məntəqədə 1585 seçici qeydiyyatdan keçsə
də, aid olduğu məntəqəyə gedə bilməyən 20-ə yaxın şəxs də səsvermə
hüququndan burada istifadə edib.

İlk dəfə ümumxalq səsverməsində iştirak edən 18 yaşlı
Oktay Zülalov öz təəssüratlarını
Publika.az-a danışıb. Gənc seçici bildirib ki,
səsvermədə iştirak etmək onda böyük həyəcan yaradıb:

“İlk dəfədir seçkilərdə iştirak edirəm. Doğrusu, özümlə fəxr
edirəm ki, rəsmi bir vətəndaş kimi ümumxalq səsverməsinə
qatılmışam. Uşaqlıqdan belə bir böyük hadisədə çıxış etməyin
arzusunda olmuşuq. Ailəmin üzvləri səsverməyə gedərkən mən də
onlarla birlikdə getmək istəmişəm. Ancaq indi özüm müstəqil şəkildə
səsvermə məntəqəsindəyəm. Artıq özümü daha çox patriot hiss edirəm
və özümə güvənirəm. Arzuladığım namizədə səs verdim. İnanıram ki,
seçdiyim namizəd Azərbaycan xalqının, dövlətimizin gələcəyi naminə
ən yaxşı və faydalı işlər görəcək”.

Məntəqənin ən qocaman seçicilərindən olan 87 yaşlı sabiq
polkovnik-leytenant Qurban Şabanov isə seçkilərdə
daim fəal iştirak etdiyini bildirib:

“Mənim iki əllə dəstəklədiyim bir namizədim var. O da Azərbaycan
uğrunda əlindən gələni edən İlham Əliyevdir. Həyat yoldaşım da, mən
də onun xidmətlərindən çox razıyıq. O, Azərbaycanı böyüdür,
genişləndirir. İllərdir keçirilən bütün seçkilərdə iştirak etmişəm
və ürəyim istəyən kimi səsimi vermişəm. Tanrı xalqımızı qorusun.
Qismət olsa, gələn seçkilərdə də iştirak edəcəm”.

Məntəqəyə ailəsi və övladları ilə gələn seçicilər isə xüsusi
maraq doğrururdu. Azyaşlıların həyəcanı və marağı onların
gözlərindən oxunurdu.

Səsvermə məntəqəsində “exit-poll” keçirən “ELS” Müstəqil
Araşdırmlar Mərkəzinin üzvü Cəmalə Əliyeva
bildirib ki, seçicilərin aktivliyi səhər saatlarında zəif olsa da,
sonradan intensivlik artıb:

“Saat 10 radələrindən etibarən vətəndaşların aktivliyi müşahidə
olunur. Hər şey qaydasındadır. Anonim sorğumuzda da iştirak
edənlərin sayı kifayət qədərdir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Artur
Rəsi-zadə də həmin məntəqədə öz səsvermə hüququndan istifadə
edib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp