Bakıda Aida Mahmudova və Mikelancelo Pistolettonun sərgisi açıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Martın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində
tanınmış azərbaycanlı rəssam Aida Mahmudova və italiyalı fırça
ustası Mikelancelo Pistolettonun seçilmiş əsərlərindən ibarət sərgi
açılıb.

“YARAT” Müasir İncəsənət Mərkəzində “Təsəvvür edilməyən
perspektivlər” və “Et bunu” adlı sərgi haqqında məlumat verən
kurator Suada Qarayeva-Maleki belə bir işin ərsəyə gəlməsini yüksək
qiymətləndirib.

Qeyd olunub ki, rəssam Aida Mahmudova yeni yaradıcılığında,
“eksperiment üçün alət” qismində müxtəlif materialları araşdırır.
Kağız, gil, sement, daş və ilk dəfə olaraq, məhz bu sərgi üçün
mərmər kimi müxtəlif materialları qarışdırmaq, dağıtmaq, yenidən
yaratmaq, müxtəlif laylar qurmaq və onları bir-birindən ayırmaq
prosesi, rəssam üçün materialın “inkişafı”, habelə “emosional
müalicə” baxımından müəyyən mənada məşğələ rolunu oynayır. Aida
Mahmudova, sərgi məkanının üst mərtəbəsi boyunca büsbütün yeni
yaradıcılıq konsepsiyasını ərsəyə gətirib. Dağılan sütunları
xatırladan heykəllər və monumental divar əsərlərinin yer aldığı
ümumi instalyasiya, yarımdağılı və yarımtikili, digər sözlə, “keçid
mərhələsində” olan məkan hissini oyadır və yaradıcılığın
əhəmiyyətli mərhələsi kimi entropiyanın (xaotiklik dərəcəsi)
vacibliyini vurğulayır. Bu proses, rəssam üçün “hər şey” deməkdir
və rəssamın orijinal fakturalı əsərləri, onun şəxsi zaman-məkan
kontinuumunda əlahiddə məqamları açıqlayan hər bir lay, yaddaş
əlamətləri qismində çıxış edir.

Bildirilib ki, öz erkən peyzaj və yarımabstrakt əsərlərində Aida
Mahmudova işıq, rəng və materiya ilə eksperimentlər aparmaqla,
“özünü ifadə edən” materiallara qarşı müəyyən maraq oyatmağa
müvəffəq olub. Rəssamın əsərlərində get-gedə daha çox qatlara rast
gəlinir ki, bu da onun öz təcrübəsini üçölçülü sənət səviyyəsinə
qədər genişləndirməsindən xəbər verir. Rəssam eyni yanaşmanı
heykəltəraşlıq əsərlərinə də tətbiq etməklə, həm emosional, həm də
dolğun mühitlər yaradır. Rəssamın dərin və intuitiv araşdırmaları,
seçdiyi materiallar və üstünlük verdiyi prozaik kətanın fiziki
xüsusiyyətləri ilə harmoniya təşkil etməklə, sevgi, itki, yaddaş və
arzu kimi universal insan hisslərinin geniş spektri ətrafında
cərəyan edir. Aida Mahmudovanın öz dili ilə desək, “son dərəcə
zərif olan bu yaradıcılıq prosesi, insan əlləri ilə yaradılıb və bu
baxımdan, fundamental prinsiplərimizdən müəyyən mənada uzaqlaşmanı
ifadə edir”.

Tədbirdə Mikelancelo Pistolettonun yaradıcılıq axtarışlarından
da söz açılıb. Vurğulanıb ki, italiyalı rəssamın əsas əsərlərindən
biri təbiət və cəmiyyətin birgə mövcud olduğu harmonik gələcəyə
rəğmən, özünəməxsus ifadə üsulu olan “Terzo Paradiso” (“Üçüncü
cənnət”, 2003) adlı simvoldur. “Üçüncü cənnət” rasional,
balanslaşdırılmış, sosial-məsuliyyətli dünyanın axtarılması
istiqamətində “həyatın dünyaya qaytarılması məqsədilə, süni olan
hər şeyin, o cümlədən elm və texnologiyaların incəsənət ilə bir
araya gətirilməsi” kimi sosial məsuliyyəti bəyan edir.

Mikelancelo Pistoletto fərdi sərgisi üçün yeni instalyasiyaların
aparıcı qüvvəsi olaraq bu ideologiyanın tətbiqini davam etdirir. Bu
instalyasiyalar, rəssamın seçilmiş erkən əsərləri ilə müəyyən
dialoq kimi təqdim edilir. “Sosial məsuliyyət” anlayışı, diqqəti
Pistolettonun metodologiyasına yönəldən silsilə tədris proqramları,
eləcə də rəssamın orta məktəblilər üçün təsis edilmiş
“Cittadellarte” Fondu, məktəblilər və gənc rəssamlar üçün
seminarlar, universitet tələbləri üçün isə silsilə mühazirələr
vasitəsilə daha qabarıq şəkildə ifadə edilir. Bir il ərzində
keçirilən bu tədris proqramı, şagirdlərin sosial məsuliyyət və
yaradıcılıq proseslərinə yanaşmasını inkişaf etdirmək və
genişləndirmək məqsədilə, Azərbaycanın bütün məktəblərində
azərbaycanlı müəllimlərin təlimləndirilməsi və hazırlığını nəzərdə
tutur.

Rəssamın yaradıcılığında “Üçüncü cənnət” adlı simvolu hər yerdə
görmək olar. Bu simvol, üç birləşdirici halqanın təsvir edildiyi
riyazi sonsuzluq işarəsinin modifikasiya olunmuş versiyasıdır.
Simvolda kənar halqalar “təbiət” və “süniliyi” təmsil edir və
nisbətən daha böyük halqa ilə birləşərək, “yeni bəşəriyyəti” ifadə
edir. “Arte Povera” cərəyanının banisi sayılan Pistolettonun bədii
yaradıcılıq təcrübəsi rəssamlıq, heykəltəraşlıq və perfomans kimi
sahələri əhatə edir. 1960-cı ildən etibarən, güzgülü səth onun
yaradıcılığında müntəzəm olaraq təkrarlanan mövzu sayılır və
özünüifadə üçün məkan yaratmaqla yanaşı, rəssamın performativ
sənətə marağını nümayiş etdirir.

İyunun 10-dək davam edəcək sərginin kuratoru Björn
Geldhofdur.

Qeyd edək ki, hər iki sərgiyə ictimai baxış aprelin 1-dən
başlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir