Azərbaycan millisindən kənarlaşdırılan futbolçu əvəzedici heyətə göndərildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan millisindən kənarlaşdırılan “Qarabağ”ın
futbolçusu Elvin Yunuszadə klubun əvəzedici heyətinə
göndərilib.

Publika.az “Report”-a istinadən xəbər verir ki,
bu barədə hər iki komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

46 yaşlı mütəxəssis bildirib ki, bu, Elvin Yunuszadənin
nizam-intizamı pozduğu ilk hal deyil. O, qərarda təəccüblü bir
şeyin olmadığını vurğulayıb.

Qurbanov Yunuszadənin “İnstagram”da “Məni yalnız Allah
cəzalandıra bilər” paylaşımına isə belə reaksiya verib: “Elvindir
də. Boş verin. Onun belə fikirləri olacaq. Niyə belə yazdığını
bilmirəm. Bəlkə də özü ilə kiminsə arasında olan bir şeydir.
Ümumiyyətlə, bizim hökmümüz Allahın hökmü ola bilməz. Allahın hökmü
ilə biz bacarmarıq. Bu, tamamilə ayrı fikir ola bilər. Bizim öz
qərarlarımız var. Olub ki, cəzalandırmışıq, sonra bağışlamışıq.
Onun fikirlərinə münasibət bildirməyim də düzgün çıxmaz”.

Baş məşqçinin sözlərinə görə, Yunuszadə son bir ayda ən yaxşı
formada olan futbolçulardan olub. Amma o, nizam-intizamın pozulması
hallarına göz yummadığını diqqətə çatdırıb: “Mən futbolçunu
cərimələmək istəmirəm. Çünki futbol oynadığım vaxt mənim də
səhvlərim, özümü düzgün aparmadığım hallar olub. 5 ildir birgə
işləyiriksə və mənim xarakterimi bilirsə, ona güvənərək, komandada
saxlayıramsa, yeri gəlsə, cəzalandırmağa, belə qərarlar verməyə
haqqım da var.

Baş məşqçi yığmanın Belarusla yoldaşlıq görüşü üçün heyətinə
daxil edilməyən Kipr “Anortosis”inin futbolçusu Araz Abdullayevi
millidən birdəfəlik kənarlaşdırmamasının səbəbini isə belə izah
edib: “Arazla cəmi 2 gündür birgə işləyirik. Onunla Elvini bir
tutmaq olmaz. Düşünürəm ki, Abdullayev daha yaxşı futbol oynayacaq.
Özünün də insan kimi keyfiyyətlərini daha da yaxşılaşdıracağına
inanıram. Yığmanın düşərgəsinə gələn kimi onunla hərtərəfli
söhbətimiz, danışığımız olmuşdu. Söhbətimiz onun gələcək klub
karyerası ilə bağlı yox, millidəki işi ilə əlaqədar olub”.

Qeyd edək ki, Elvin Yunuszadə və Araz Abdullayev ötən gün
Azərbaycan millisinin Belarus yığması ilə yoldaşlıq oyunundan öncə
təşkil olunmuş toplantıya gecikmələri səbəbindən
cəzalandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp