Nazirlik Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə ev verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 15 ədəd mənzil
Sumqayıt şəhərindən olan Qarabağ müharibəsi əlilləri və şəhid
ailələrinə təqdim edilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə,
müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı mənzillərdən
9 ədədi şəhid ailələrinin, 6 ədədi isə Qarabağ müharibəsi
əlillərinin istifadəsinə verilib.

Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizdə həyata
keçirilən uğurlu sosial siyasətin sosial müdafiə sisteminin
gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət
qayğısının artırılması, habelə Qarabağ müharibəsi əlilləri və şəhid
ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm
addımların atılmasına imkan verdiyini bildirib. Nazir müavini eyni
zamanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə
təminatı proqramının icrası sahəsində görülən işləri diqqətə
çatdırıb.

Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan
Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya
quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid
ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə
tədbirlər haqqında” 13 mart 2018-ci il tarixli Sərəncamı bu
istiqamətdə tədbirlərin uğurla davam etdirilməsinə imkan verir.

Hazırda Qarabağ müharibəsi əlilləri əlilliyə görə əmək pensiyası
və ya sosial müavinətlə, habelə Azərbaycan Prezidentinin aylıq
təqaüdləri ilə təmin edilirlər. Şəhid ailələrinə də Prezidentin
aylıq təqaüdü, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi
üzvlərinə müavinət, həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid
ailələrinin uşaqlarına aylıq sosial müavinət ödənilir. Cari ilin
ötən dövründə Azərbaycan Prezidenti tərəfindən imzalanan
Sərəncamlarla qeyd edilən sosial ödənişlərin – pensiya və sosial
müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin də növbəti dəfə
artırılması təmin edilib.

Bu tədbir, eləcə də hazırda daha bir qrup Qarabağ müharibəsi
əlili və şəhid ailəsinə yeni mənzillərin təqdim olunması həmin
kateqoriyalardan olan insanların həyat səviyyəsinin
yaxşılaşdırılmasına yüksək diqqət və qayğının cari ildə də uğurla
davam etdirildiyini göstərir.

Yeni mənzillərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri maddi təminatlarının gücləndirilməsi və həyat
şəraitlərinin yaxşılaşdırılması, bütün sosial proqramların davam
etdirilməsi istiqamətində aparılan işlərdən razılıq hisslərini
ifadə ediblər. Onlar pensiya və müavinətlərinin, Qarabağ müharibəsi
əlilləri və şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin
artırılmasına, eyni zamanda, əziz bayramımız olan Novruz bayramı
ərəfəsində yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan
Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə
ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir