Kürqırağı Tuqay meşələri TƏHLÜKƏDƏ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Kürqırağı Tuqay meşələri tükənmək üzrədir. Onları bərpa
etmək qeyri-mümkün ola bilər. Çünki Kür çayı aşıb-daşmır, xüsusi
rejimlə axır. Həmin meşələr hazırda öz yerini yabanı nar və yulğun
kollarına verib. Yulğun kollarının da sayı tükənməkdədir. Yabanı
nar mədəni formaya salınsa, xidməti qırıntı aparılsa, üzvi gübrələr
verilsə, meyvələrindən narşərabın istehsalında istifadə etmək olar.
Bundan əlavə, qiymətli dərman bitkisi olan itburnu, yabanı tut
plantasiyaları salına bilər. Həmçinin Tuqay meşələrində ekoloji
tələblərə cavab verən mebel sənayesinin, o cümlədən qeyri-neft
sektorunun inkişafına kömək edə biləcək texniki söyüd növlərini də
əkmək olar.

Publika.az xəbər verir ki, bu sözləri meşə
təsərrüfatı mühəndisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru,
dosent Allahverdi Doluxanov AZƏRTAC-a müsahibəsində deyib.

“Tuqay meşələri daim suvarılmalı, bərpa üçün tarlaqoruyucu
zolaqlar çəkilməlidir. Qoruyucu zolaqlar meşənin genetik fonduna
aid olan ağac növlərindən əkilməlidir. Tarlaqoruyucu meşə zolaqları
torpağın su rejimini normada saxlayır, buxarlanma çox getmir. Qədim
meşə fondunda olan ağaclardan çürüyüb qalan kök sistemi oyuqlar
yaradır və suvarma zamanı su itkisinə səbəb olur. Torpaq hazırlığı
işlərində buna da fikir verilməlidir. Əks təqdirdə əkinlər
müvəffəqiyyətsiz olur. Hazırda həmin meşələrdə aidiyyəti olmayan
ağaclar əkilir. Əkilən ağaclar ərazinin torpaq və iqlim şəraitinə
uyğun olmalıdır”, – deyə mütəxəssis qeyd edib.

A.Doluxanov söyləyib ki, Azərbaycanda dendrologiyanı inkişaf
etdirmək üçün kifayət qədər təcrübə sahəsi yoxdur. Bakıətrafı
rayonlarda, Kür-Araz ovalığında kənd təsərrüfatına yararlı
torpaqlar ayrılmalı, təcrübələr keçirilməlidir. Dünyanın və
ölkəmizin bitki örtüyünü orada öyrənmək, onun biologiyasını,
aqrotexnikasını, fiziologiyasını bildikdən, genetikasını,
seleksiyasını mənimsədikdən sonra regionlara uyğun olan ağac və kol
cinslərinin əkilməsini tövsiyə etmək olar. Hər torpaq və iqlim
şəraitinin özünəməxsus ağac və kol cinsləri var. Hər ağacın yanında
istənilən kolu əkmək olmaz, çünki onun da xüsusi tələbi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp