Ali məktəblərdə təhsil haqları artırılacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Nazirlər Kabineti tərəfindən Azərbaycanda bakalavriat,
tibb təhsili, magistratura və rezidentura üzrə əsas təhsil
səviyyələrində tələbələrə düşən təhsil xərclərinin yeni miqdarı
təsdiqləndi. Rəqəmlərə nəzər saldıqda məlum olur ki, ali təhsil
pilləsində bir tələbənin təhsil xərci minimum 1320 manatdan
başlanır. Bəzi ixtisaslar üzrə müəyyən olunan xərclərdəki fərq isə
diqqət çəkəndir. Məsələn, İnstrumental ifaçılıq, Solo oxuma,
Dirijorluq, Bəstəkarlıq, Musiqişünaslıq 6820 manat, Müalicə işi
4500 manat müəyyən edilib.

Bu xərclərin hansı tələblərə əsasən müəyyən edilməsi, habelə
yeni qiymətlərin ali məktəblərdə təhsil haqqına necə təsir
göstərəcəyi ilə bağlı Publika.az-ın suallarını təhsil
eksperti Kamran Əsədov
cavablandırıb.

– Əvvəlcə istərdim bu təhsil xərclərinin nəyə əsasən
müəyyən edildiyinə aydınlıq gətirəsiniz Solo oxuma ixtisasında kadr
hazırlığının dəyəri nə üçün Müalicə işindən çox olur?

– Ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirildiyi
ixtisaslar üzrə təhsil haqları ona sərf olunan xərclərin smetası
əsasında müəyyən olunur. Belə ki, bir il ərzində tədris olunan
fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq bütün
resurslar hesablanaraq təhsil haqqı müəyyənləşir. Tələbənin təhsil
müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına, hətta
universitetin saxlanması üçün nəzərdə tutulan, layihələrin həyata
keçirilməsi üçün zəruri olan xərclər də daxildir. Yeni ixtisaslar
üzrə müəyyən edilmiş təhsil haqlarına plan yerlərinin sayı da təsir
göstərir. Belə ki, müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və
müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox
tələbə arasında bölüşdürülür ki, bu zaman ortaya az məbləğ çıxır.
Amma müəyyən ixtisaslar var ki, Xalq çalğı alətləri, Solo oxuma,
Dirijorluq və s. kimi ixtisaslar onların plan yeri az olduğu üçün
bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu
kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu əlbəttə
ki, təklif olunan qiymətlərdir. Məlumdur ki, ali məktəblərin plan
yerləri tam şəkildə dolmur. Müəyyən sayda plan yeri boş qalır ki,
bu zaman öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsr
yaranır. Ona görə də, ali təhsil müəssisələri təhsil haqlarını daha
da qaldırırlar. Magistr pilləsində plan yerinin bakalavr pilləsi
ilə müqayisədə az olduğunu nəzərə alsaq, bu zaman xərclər smetası
daha çox olur. Ona görə də, magistr pilləsində təhsil haqları daha
yüksəkdir. Amma son illər ərzində beş mindən çox tələbənin təhsil
haqlarını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyduğunu nəzərə
alsaq, bu təhsil haqları kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq
ki, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu
ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz çoxlu
insanın xaricə üz tutmasına şərait yaratmış oluruq.

– Bu addım ödənişli ixtisaslarda təhsil haqqının
artımına səbəb ola bilərmi?

– Təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti,
istərsə də universitetlər təkcə sərf olunan xərcləri
düşünməməlidirlər. Onlar bu qədər yüksək məbləğdə vəsait ödəyib
təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapması, alacağı
əmək haqqını da nəzərdən keçirməlidirlər. Təəssüf ki, tələbələrin
ödədikləri təhsil haqlarını geri qazanması üçün indiki əmək haqqı
məbləği ilə 10 ilə qədər işləməsi gərəkdir. Ali məktəblərin
ixtisaslar üzrə təhsil haqları son illər ərzində kəskin şəkildə
yuxarı qalxıb. Son müəyyən edilmiş qiymətlərdən sonra 2018-2019-cu
tədris ili üçün də ali məktəblərin ixtisasları üzrə təhsil haqları
yenidən qalxacaq.

– Necə düşünürsünüz, bütün bu qeyd etdiyiniz məqamları
nəzərə alaraq ali məktəblərdə bir-birini təkrar edən ixtisasların
ləğv edilməsi daha doğru olmazmı? Onsuz da yerlərin çoxu dolmur,
qəbul olanlar da ya təhsil haqqını ödəyə bilmədiyindən təhsili
yarımçıq qoyur, ya da əmək bazarında yer tapmır…

– Əlbəttə ki, ilk növbədə əmək bazarında ehtiyac olmayan və daha
çox kadr hazırlığı həyata keçirilən ənənəvi ixtisasların sayını
azaltmaq və ya dövlət universitetlərində ən azından bu ixtisaslara
qəbulu dayandırmaq lazımdır. İstəyən gedib öz vəsaiti hesabına özəl
ali təhsil müəssisələrində təhsil alsın. Məsələn, müəllimlik,
iqtisadiyyat, maşınqayırma, gəmiqayırma, elektrik mühəndisi,
hüquqşünas və sair onlarla ixtisas üzrə bu qədər kadr hazırlığına
ehtiyac yoxdur. Artıq əmək bazarında başqa bilik və bacarıqlara
malik olan, başqa ixtisaslı kadrlara ehtiyac duyulur. Xalq çalğı
alətləri, aktyorluq və bu kimi ixtisası bitirən nə qədər məzun işlə
təmin olunub? Hər il ali təhsil müəssisələrini bitirənlərin 42
faizi işlə təmin edilir. Yerdə 58 faiz əlində diplom, ali təhsilli
işsiz formalaşır. Kimə lazımdır bu qədər ali təhsilli işsiz? Onun
yerinə həmən şəxsləri peşə təhsili müəssisələrinə qəbul etmək lazım
idi ki, sonradan işlə təmin olunması asan və mümkün olsun.

– Bir tələbənin hazırlığı üçün Nazirlər Kabineti
tərəfindən müəyyən edilən bu vəsaitin miqdarını necə
dəyərləndirirsiniz? Həmin vəsait kadr hazırlığı ilə
uyğunlaşırmı?

– Azərbaycanda universitetlər xərclər smetasını müəyyən edəndə
bütün xərclərin tələbələrin təhsil haqqı hesabına ödənilməsi barədə
düşünürlər. Nəticədə ortaya yüksək təhsil haqqı miqdarı çıxır.
Məsələn, qonşu Türkiyədə universitetlər həm də bir çox təhsil
xidmətləri göstərirlər, böyük qrant layihələri həyata keçirirlər və
nəticədə universitetin xərclərinin müəyyən hissəsinin bu
mənbələrdən ödənilməsinə görə tələbələrin təhsil haqları aşağı
məbləğdə olur. Reytinqi Azərbaycan universitetlərindən dəfələrlə
yüksək olan Türkiyənin bir çox ali təhsil ocağında eyni ixtisas
üzrə təhsil haqqı bizdən dəfələrlə azdır. Buna həm də xaricdən
gələn tələbələrin sayı da təsir göstərir. Bizdə hər hansı xalq
çalğı alətləri ixtisası üzrə təhsil haqqı müəyyən olunarkən
tələbəyə çəkilən xərclərin smetası çıxarılır. Guya o tələbəyə hər
ay yeni musiqi alətləri alınır, xaricdən gətirilən resurslardan
istifadə olunur və sair. Bu kimi hallar digər ixtisaslara da
aiddir. Amma reallıq odur ki, bunlar yalnız kağız üzərindədir. Hər
il təhsil müəssisələrinin təmiri, yenidən qurulması, yeni avadanlıq
alınması ilə bağlı böyük vəsaitlər yazılıb silinir. Xərcini də
tələbə təhsil haqqı ilə ödəyir.

– Bu ildən bəzi ali məktəblər publik-hüquqi şəxs oldu.
Sizcə, bu ali məktəblərdə təhsil haqlarında artım
gözlənilirmi?

– Əlbəttə ki, onların qiymət artımı etməsi qaçılmazdır. Nəzərə
alsaq ki, ölkədə əmək haqları da artırılır, devalvasiya baş verir
bu da xərclər portfelinin həcminin artması ilə nəticələnir. Ona
görə də, universitetlər təhsil haqqını artırılmaqla yaranmış kəsiri
aradan qaldırılmaq üzərində işləyirlər.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir