Bir ailədə 6 ölümə səbəb olan Türkiyə vətəndaşı Gəncəyə gətirildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ağstafa rayonunda 8 il əvvəl 6 nəfərin ölümü, 2 nəfərin
yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə
təqsirli bilinən Türkiyə vətəndaşı, 34 yaşlı Yazıçı Yakup Zulkif
oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində
hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror
ittiham aktını elan edib.

İttihama görə, yol-nəqliyyat hadisəsi 2011-ci il noyabrın 30-da
Bakı-Qazax yolunun 450-ci kilometrliyində qeydə alınıb. Ağstafa
rayon Qırılı kənd sakini, 44 yaşlı Xaliq Aslanovun idarə etdiyi
“VAZ 21011” markalı avtomobil Türkiyə Respublikası Hopa şəhəri
Başoba kənd sakini, 34 yaşlı Yazıçı Yakupun idarə etdiyi
“Mercedes-Benz” markalı TIR yük avtomobili ilə toqquşub.

Nəticədə “VAZ-21011” markalı avtomobildə olan bir ailənin 6 üzvü
– sürücü Xaliq Aslanov, 1929-cu il təvəllüdlü Gülüzar Aslanova,
1958-ci il təvəllüdlü Elza Aslanova, 2000-ci il təvəllüdlü Mətanət
Aslanova, 2004-cü il təvəllüdlü Emin Aslanov, 2009-cu il təvəllüdlü
Teymur Aslanov hadisə yerində ölüblər.

Avtomobildə olan digər sərnişinlər – 1981-ci il təvəllüdlü
Xatirə Aslanova və 1986-cı il təvəllüdlü Aynur Aslanova müxtəlif
xəsarətlərlə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hər iki yaralıya tibbi yardım göstərildiyi üçün onların həyatını
xilas etmək mümkün olub.

İstintaq araşdırması zamanı qəzanın törədilməsində Yazıçı Yakup
təqsirli bilinib və ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti
qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda)
və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə
ittiham elan edilib.

Lakin Yazıçı Yakup istintaq orqanından qaçıb gizləndiyi üçün
həmin dövrdə onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkün
olmayıb.

Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşları 2015-ci ildə
Yazıçı Yakupun barəsində İnterpol vasitəsi ilə axtarış elan edib.
O, ötən il ölkə hüdudlarından kənarda həbs olunaraq Azərbaycana
gətirilib.

İttihama münasibət bildirən Yazıçı Yakup özünü qismən təqsirli
bilib.

Növbəti proses martın 15-də davam edəcək.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir