“Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi saxlana bilməz”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində
indiki status-kvo uzunmüddətli perspektivdə saxlana bilməsə də, bu
münaqişənin hərbi həll yolu yoxdur.

Bunu ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Endrü Şefer
deyib.

Diplomat vurğulayıb ki, ABŞ münaqişənin həlli üzrə danışıqlar
prosesini dəstəkləyir və həmsədr ölkə qismində Azərbaycan və
Ermənistanla fəal qarşılıqlı fəaliyyəti davam etdirəcək:

“ABŞ-ın uzunmüddətli siyasəti ondan ibarətdir ki, ədalətli
nizamlanma beynəlxalq hüquq normaları, o cümlədən Helsinki Yekun
Aktı və onun güc tətbiqetməmə, ərazi bütövlüyü prinsiplərinə
əsaslanmalıdır”.

E.Şeferin sözlərinə görə, Azərbaycan və Ermənistan
prezidentlərinin 2017-ci il Cenevrədə danışıqlar prosesinin
intensivləşdirilməsi və gərginliyin azaldılması ilə bağlı əlavə
tədbirlərin görülməsi üçün götürdüyü öhdəliklər bu reallığı əks
etdirir:

“Cenevrədəki görüşdən sonra biz münaqişə tərəfləri ilə
öhdəliklərin həyata keçirilməsi üçün böyük iş aparmışıq və bu
istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

Həmsədr ölkə qismində ABŞ-ın ATƏT Minsk qrupu çərçivəsində
danışıqlar prosesinə sadiq qaldığını vurğulayan E.Şefer qeyd edib
ki, həmsədrlər tərəflərlə istənilən formatda işləməyə hazırdır:

“Biz çalışırıq ki, prezidentlər və xarici işlər nazirləri əsas
məsələlər üzrə, o cümlədən atəşkəs rejiminin qorunmasının vacibliyi
və 2017-ci ildə Cenevrədə, eləcə də 2016-cı ildə Vyana və
Sankt-Peterburqda qəbul edilmiş qərarların reallaşdırılması üçün
addımların müzakirəsinin bərpa olunması məqsədilə qısa zamanda
görüşsünlər”.

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin
genişləndirilməsi məsələsinə toxunan E.Şefer deyib ki, bu addım
tərəflərin qarşıdurma xəttində gərginliyin azaldılması üçün görülən
tədbirlərə sadiqliyini nümayiş etdirəcək.

Bakı ilə Yerevanın dayanıqlı sülhə nail olmağa nə dərəcədə yaxın
olduğu barədə suala cavab verən həmsədr bildirib ki, münaqişənin
həlli üçün sadə yollar yoxdur:

“Mən 2017-ci ilin avqustunda ABŞ tərəfindən ATƏT Minsk qrupunun
həmsədri təyin olunmuşam. Fəaliyyətim müddətində mən münaqişənin
fərqli aspektləri ilə məşğul olan müxtəlif insanlarla görüşmüşəm.
Kifayət qədər təklif və ideyalar eşitsəm də, münaqişənin həlli üçün
sadə yol yoxdur”.

Regiona növbəti səfərin tarixi barədə danışarkən diplomat qeyd
edib ki, hazırda Minsk qrupu həmsədrlərinin iş cədvəlində bu məsələ
yer almayıb, amma onlar regionda seçkilər müddətini nəzərə alaraq
tərəflərlə məsləhətləşmələri davam etdirəcək. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp