Yeni kəsilmiş qoyunun gözünü əzirik ki…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Publika.az-ın müsahibi sənətşünaslıq üzrə elmlər
doktoru, professor Kübra Əliyevadır.

II HİSSƏ

ƏVVƏLİ

– Kübra xanım, ta qədimdən xalçalarımızın əsas
funksiyalarından biri də bəd nəzəri geri qaytarmaq olub. Xalqımız
gözə, nəzərə yaman çox inanıb.

– Nəzər, pis göz Azərbaycan xalqı arasında geniş yayılmış çox
qədim inancdır. Əcdadlarımız pis gözə çox inanıblar və ondan
qorunmaq ücün müxtəlif üsullardan və əşyalardan istifadə ediblər.
Bunlardan biri və ən geniş yayılmışı gözə qarşı istifadə edilən
müxtəlif muncuqlardır. Bu muncuqlardan ən məhşuru və qədimi isə
kaurilərdir. Onlara elmi ədəbiyyatda qarnıyarıqlar da deyilir.
Kauri balıqqulağı tipli, dəniz məmulatı olub, Hind okeanında əmələ
gəlir. Bəzi mənbələrə görə, İran və Gürcüstan ərazisində də
rastlanır. Arxeoloji qazıntılar zamanı Azərbaycanın müxtəlif
zonalarında bu muncuqlardan külli miqdarda tapılıb. Arxeoloqlar
kaurilərin, yəni qarnıyarıqların Azərbaycan arxeologiyasında
tarixin 3 min il olduğunu qeyd edirlər. Bundan əlavə, göz işarəsi
olan muncuqlardan tutmuş, üzərliyə qədər nəzərdən qoruyan vasitələr
istifadə olunub. Hətta Azərbaycanın ən qədim abidələrindən biri
olan “Avesta”da bəd nəzərin divlərin əməli olduğu haqda məlumat
verilir. Ən pis əməlləri ilə bir-birlərindən fərqlənən10 divin adı
çəkilir. Məsələn, Akunan adlı div insanlar arasında nifaq salır,
Kundak adlı div isə cadugərlik yaradır. Aqaş divinin vəzifəsi
insanları gözə gətirib, məhv etməkdir.

– Digər xalqlar da yaman gözə bizim kimi
inanırlar?

– London Universitetinin çox məşhur bir professoru var –
Bostermark… Bu sosioloqun bəd nəzərlə bağlı çox dərin
tədqiqatları var. O, uzun illər Şərqin bir çox ölkələrini gəzib,
gözün insana təsiri və insanların ondan qorunmasına həsr etdiyi cox
qiymətli kitab yazıb. Kitabın adı “İslam mədəniyyətində əski,
bütlərə tapma dövründən qalma inanclar”dır. Kitabın başlanğıcında
yazılmış məqrib və Qərbi Afrikada geniş yayılmış atalar sözləri,
gözün insana gətirdiyi bəlaları çox aydın ifadə edir. Məsələn, “pis
göz evləri boşaldır, məzarları doldurur“, “məzarların üçdə ikisi
nəzərə aiddir” və s. Əlcəzairdə yerli əhali özlərini bəd nəzərdən
qorumaq ücün sağ əllərini pis gözlü adama qarşı qaldırıb,
barmaqlarını açaraq pıçıltı ilə “beş gözünün içinə, beş gözünün
üstünə”, sonra da eyni hərəkəti sol əli ilə icra edərək bu dəfə
“beş və kiçik beş” və “beşlər” deməklə, təhlükəli nəzərin gələn
yolunu bağlayırlar. Mərakeşdə bir ev, bir dükan tapılmaz ki, onun
üstündə bədnəzərdən qorunmaq işarəsi olunaraq barmağı aralı əl
təsviri olmasın. Azərbaycanın görkəmli araşdırmaçılarından olan
alim-etnoqrof Güllü Yoloğluna görə, türk xalqlarının əksəriyyətində
atəşlə təmizlənmək adəti bu günə qədər davam edir. Hətta çobanlar
yazda qoyun sürülərini bir-bir yanan tonqalın üzərindən keçirib
sonra dağa yola düşərmişlər. Qədim misirlilər xaç şəklindən bir
tilsim olaraq istifadə etmişlər. Onların inancına görə xac şəkli
pis gözün ilk şüasını çəkir.

Hazırda yaponlar pis gözün şüasını bədəndən çıxartmaq üçün
topuqlarına keramika parçasını leykoplastlarla bərkidirlər.
Azərbaycanda isə müasir gənclər təəssüf ki, qədim dünya görüşü ilə
əlaqədar olan pis göz, pis nəzərin törətdikləri bəlaları köhnəliyin
qalığı hesab edirlər.

– Maraqlıdır, siz özünüz inanırsınızmı pis
gözə?

– Mənim şahidi olduğum bir neçə hadisə olub. Bacım Bərdə
rayonunda yaşayırdı. 3 yaşlı qızı Tünzalənin gözəlliyindən heyrətə
gələn qonşumuzun “İlahi, bu gözəllikdə qızmı olar, elə bil 15 yaşı
var” sözləri ilə sağ-salamat qızın partlamaya düşüb, ölməsi
arasında 24 saat vaxt keçdi.

Bir də xatırlayıram ki, mənimlə AMEA-da uzun illər bundan əvvəl
işləyən və pis gözü olması ilə tanınan bir qadın vardı. Bir dəfə bu
qadının mənə baxmağı ilə düm-düz dəhlizdə onun ayaqları altına
yıxılmağım eyni anda baş verdi. Xoşbəxtlikdən yalnız dərin olmayan
sıyrıntılar ilə qurtula bildim. Lakin həmin andan bir ay titrətmə,
qızdırma ilə yataqda yatdım. Xəstəliyimin dərmanı tapılmırdı. Çox
müəmmalı vəziyyət idi. Rəhmətlik anamın hər gün yandırdığı
üzərlikdən sonra güclə ayağa qalxdım və sonralar həmin qadından
gizlənmək məcburiyyətində qaldım. Bir də yaxşı yadımdadır, kollecdə
oxuyan bir tələbəm iki dəfə bizə gəlmişdi. 1-ci dəfə stəkanda ona
çay gətirərkən, qızın bir baxışı ilə stəkan nəlbəkinin içindən
yarım metr yuxarıya doğru atılıb, çilik-çilik oldu. Mən bunu
təsadüf hesab etdim. İkinci gəlişində isə kiçik kasada onu dovğaya
qonaq etmək istədim. Eyni hadisə yenidən təkrar olundu. Psixoloq,
nevropotoloq Ağabəy müəllim sağlığında evində olan çex qabının
eynilə qonağın qabı tərifləməsilə iki parçaya bölündüyü faktını
qeyd etmişdi. Ümumiyyətlə, pis, yaman gözün törətdiyi hadisələri
dilə gətirsək, gərək günlərlə bu haqda danışaq.

– Bəd nəzəri, yaman gözü necə xarakterizə edə
bilərik?

– Nəzər – gözdə olan yüksək enerjidən fırlanıb çıxan şüadır.
Bekon bunu təsdiq edir. Nəzərdən çıxan şüanı, ildırım şüası ilə də
müqayisə etmək olar. Çünki ikisi də güclü və öldürücüdür.

Uzun illər bundan əvvəl təsadüfən bir məqalə oxudum. Demək,
Gürcüstanda alçaq iki dağ arasından keçən hər kəsin dərhal ölümcül
hala düşməsi, yəni qan təzyiqinin qalxması, ürək döyüntülərinin
artması, dizlərin titrəməsi və müvazinətini itirməsi, baş ağrısı,
ürək bulanma hallarının keçirtməsi müşahidə edilirmiş. Həmin hala
düşən adamları bir qarı həyata qaytarmış. Deyilənə görə, bir ağacı
yandırıb, onun kömürünü, bədənin müəyyən hissələrinə sürtməklə
insanları ölümün yaxasından alırmış. Novosibirski alimlərinin
tədqiqatı nəticəsində məlum olur ki, bu iki yaxın təpəlikdə həddən
artıq maqnit vard. Sonralar göz-nəzərlə məşğul olmağa başladığım
zaman bu məqalə yadıma düşdü və mən özlüyümdə belə bir nəticəyə
gəldim. Həmin dağın arasından keçən adamla, nəzər dəymiş adam eyni
halı keçirir. Yəni nəzər dəyən adamında başı ağrıyır, mədəsi
bulanır, təzyiqi qalxır, dizləri əsir, göz, nəzər dəyən adam da
eynilə kömürlə, yəni, üzərliyin dənəsinin yanmış kürəciyini insanın
əsəb uclarına, yəni ayağın üstünə, topuqlara, əllərinin üstünə,
dizlərə, dirsəklərə, çiyinlərə, boynunun arxasına, alına,
gicgahlarına, burnunun yanlarına, çənəyə çəkməklə nəzər şüalarından
qurtulur. Deməli, belə bir nəticəyə gəlirik ki, insanın gözündən
fırlayıb, çıxan şüanın maqnitlə, onun dalğası ilə əlaqəsi var.
Çünki hər ikisinin doğurduğu nəticələr və müalicə üsulları
eynidir.

– Hazırda bununla məşğul olan elm sahəsi
var?

– Xeyr. Görünür bu məsələnin dəqiq elmi əsaslarını öyrənilməsi
gələcək nəsillərin, kimya, fizika elmləri ilə məşğul olan alimlərin
öhdəsinə düşəcək.

– İnanmaq çətindir, amma hansı insanların bəd nəzərinə
tuş gəlmək şansımız daha çoxdur?

– Pis, yaman göz, nəzərlər, əsasən insana, heyvana, mala-mülkə,
cansız əşyalara zərər verən, baxışlardan fırlanıb çıxan çarpıcı,
öldürücü bir gücdür. Pis gözü olan adamlarda bu şüanın bayıra
çıxmasının əsas səbəbi həmin adamın həsrət, qısqanclıq, xainlik
hissləri ilə əlaqədar olaraq meydana gəlir. Yəni məndə yoxdur, onda
var kimi hisslər bu insanların qəlbinə, mənəviyyatına hakim
kəsilir.

Pis göz və nəzərlə yanaşı, pis nəfəs və pis deyim də var.
Azərbaycan xalqı arasında pis nəfəsə düçar olub, bədbəxtliyə
uğrayanlar belə gileylənirlər: “İt nəfsinə keçmişik” – yəni həmin
adamın pis nəfsini itə bənzədirlər. Nəzər, göz də iki cür olur,
unutmayın. Öldürücü nəzər və kəsəri olmayan zəif nəzər.
Tədqiqatçıların fikrinə görə yaşlı qadınların və bir də gəlinlərin
gözləri daha qorxuncdur. Və bu təhlükəli gözə malik olanların
əksəriyyətinin gözləri çuxurda olub, qaşları bir-birlərinə yaxın
olur. Şərqdə açıq mavi gözlərin də qorxulu olması haqda mülahizə
yürüdülür. Azərbaycanın müxtəlif bölgələrində pis gözə malik
olanlar göy göz, dişi aralı kişi olduqda üzünün tükü seyrək kimi
xarakterizə edilir. Özü də deyim ki, təkcə pis göz yox, ağız da
var. Birisi həsəd apardığı bir şeyi dilinə gətirib, söyləyirsə, o
gözün, nəzərin öldürücü qüvvəsi birə-beş artır.

– Kübra xanım, xahiş edirəm, bizə bəd nəzərdən
qorunmağın qaydalarını da izah edin.

– Gözdən qorunmağın ən birinci üsulu pis gözə malik olan adamdan
qaçmaq və ondan qiymətli şeyləri gizlətməkdir. Azərbaycanda pis
nəzər dəymiş və ya ondan qorunmaq üçün olan ən əsas üsullar təbii
halda, yumru, ortasında və ya bir ucunda deşik olan qəmbərlər, yəni
nəzər daşları hesab edilir və evin girəcəyində, üzərində çoxlu
meyvəsi olan ağacların, eyni zamanda limon ağacının üsutündən
asılır ki, bəd nəzər dəyməsin. Gözü pis adama rast gələrkən, onun
söylədiyi təriflərə baxmayaraq “Tfu gözünə” deyilir və yan qaşınır.
Dağlarda bitən və müqəddəs sayılan dağdağan ağacının budaqları
kəsilib deşilir, üzəri isti alətlə dağlanır və onu sapa və ya
sancağa taxıb uşağın paltarına çiyindən və ya qolundan asırlar.
Yaşlıların dediyinə görə, üzərində dağdağan olan atlı da qüvvəli
gözün təsirindən xilas olur. Tarix elmləri doktoru, etnoqraf Nərgiz
Quliyevanın soylədiyinə görə, onun ata-baba torpağı Goranboyun
Sofikürd kəndində qocalar dağdağanın göz şüasını aldığını iddia
edirlər və bildirirlər ki, ona çox baxmaq olmaz. Bundan əlavə, it
nəcisi, it tükü, kəlləsi, iydə dənəsi, dəvə tükü, xərçəng çənəsi,
duz pambıq, soğan qabığı, yumurta və s. kimi vaistələr var. “Quran”
ayələri yazılmış kağız parçaları ücbucaq şəklində bükülüb paltardan
asılır. Ümumiyyətlə, üçbucaq formalı əşyalar azərbaycanda bir çox
türk xalqlarında olduğu kimi qoruyucu xarakter daşıyır. Üçbucaq
rəsmi qədim keramika, metal və xalça sənətində müxtəlif
variantlarda öz əksini tapıb, nəzərdən qoruyur. Şəvə (qara rəng)
daşı üçbucaq formada kəsilir, bir küncündən deşik açılıb, sapa
keçirdilir. Kauri-qarnıyarıq muncuq sapa keçirilərək, paltara
bərkidilir. Azərbaycanda qarnıyarıqlar ən çox dəvənin baş bəzək
əşyasında istifadə edilir. Üzərlik də bəd nəzərə qarşı istifadə
edilən ən qədim vasitədir. Azərbaycanda üzərlik müqəddəs bitki
hesab edilir. Onu toplamaq üçün bitkinin bitdiyi yerə nəzir qoyulub
sonra toplanır. Nəzər dəymiş adamın üzünə yanan üzərlik tüstüsü
üfürülür, üzərliyin dənələrini yanmış kömürü xəstənin alnına,
gickahlarına, qulağının arxasına, əllərinin və ayaqlarının üstünə
və ən nəhayət dizlərinə və boynunun ardına sürtüb, səhərəcən
saxlanılır. Bilirsiniz, uşaqlar təmiz və zəif olduqları üçün həmin
dəqiqə bəd nəzərə gələrək xəstələnir, bəzən də ölürlər. Kənd
yerlərində nəzər dəyib, ölən uşağın bədənində göz yaraları olduğunu
söyləyirlər. Nəzər dəyib hələ ölməmiş uşağı ilk mərhələdə yeni
kəsilmiş qoyunun gözünü əzərək xınaya qatıb və göz yarasına
sürtməklə xilas edirlər. Qurğuşunla müalicə də türk xalqları
arasında geniş yayılıb. Türkiyədə “kurşun tökmək” anlamı da bununla
bağlıdır.

Yeri gəlmişkən, qurğuşunla müalicə və xəmirdən, ağacdan, gildən
fiqurlar hazırlayıb, insanı şər ruhlardan xilas etmək Azərbaycanda
qədim şamalıqla əlaqədardır.

Azərbaycan ərazisində, o cümlədən Şamaxı, İsmayıllı, Mingəçevir
və Qafqaz Albaniyasının digər yerlərindən eramızdan əvvəl və bizim
eranın I əsrinə aid külli miqdarda başı, qolu sındırılıb, yanına
qoyulmuş kiçik qadın heykəlləri tapılıb ki, bunlar şaman
ayinlərində xəstəliyin səbəbkarı olan həmin şər ruhlu, bəd nəzərə
malik ruhlarla əlaqədar fiqurlardır. Çox güman ki,
sadaladıqlarımızdan başqa da yüzlərlə bədnəzərə qarşı üsulları olub
və hazırda da var. Məsələn, Azərbaycanda da falçı, ocaqçı adı ilə
indiyə qədər fəaliyyət göstərənlər su ilə dolu kasaya fala baxır,
qızmış dəmirlə müalicə edir, adamları və evləri tüstüyə verməklə
bəd ruhlardan təmizləyir ki, bu da Şərqi Türküstan şamanlarının
kecirtdiyi ayinlərlə oxşardır.

– Kübra xanım, ətraflı fikirləriniz üçün minnətdaram.
Bəd nəzərdən uzaq olmağınızı arzulayıram.

– Siz də, əzizim.

Leyla Sarabi

Fotolar: Səfiyar Məcnun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp