Rafael Ağayev: “Artıq o yaşım deyil ki…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Əminəm ki, bu hissləri Yer kürəsinin hansısa bir
nöqtəsində öz vətəni olan, yaxud getdiyi hər yerdə vətənini
ürəyində, bişirdiyi yeməklərdə, övladına danışdığı xatirələrində,
verdiyi öyüdlərində yaşadan hər bir insan, vətən anlayışını dərk
edə bilən hər bir şəxs yaşayıb. Bayrağını ucalarda və himnini bütün
dünyanın eşitdiyini görməyin verdiyi ürpərmək hissini
deyirəm.

Təqvimin hər ayında bir hüznlü günümüz mütləq var. Ancaq
indi öz ailəsi ilə yanaşı, ailə qədər dəyər verdiyi xalqının
sevincini, məsuliyyətini, gələcəyini öz çiyinlərində daşıyan
gənclərin sayəsində bayram etdiyimiz günlərin sayı çoxalıb,
çoxalmaqdadır. Bu bayramlardan bir neçəsi də Sumqayıtın və
Azərbaycanın döyüşkən oğlu, 5 qat dünya, 13 qat Avropa çempionumuz,
ilk Avropa Oyunlarının qızıl medalçısı Rafael Ağayevin adı ilə
bağlıdır.

Publika.az beynəlxalq arenalarda dəfələrlə
Azərbaycan bayrağını ali fəxri kürsüyə qaldıran, dünya şöhrətli
karate ustası, ayrı-ayrı ölkələrdə müxtəlif ləqəblərlə tanınan,
bizimsə “Brilyant oğlan” kimi qəbul etdiyimiz Rafael
Ağayev
lə müsahibəni təqdim edir.

– Rafael bəy, idmana gəlişinizdə kimin əməyi
var?

– İdmana gəlişimdə ilk növbədə ailəmin əməyi var.

– Uşaqlıqda karate ilə yanaşı, futbola da həvəsiniz
olub. Bəs niyə futbol yox, məhz karate?

– Karateyə də, futbola da həvəsim çox olub. Sadəcə uşaq vaxtı
dava-dalaşa meyilli, dəcəl olmuşam deyə karateni seçmişəm.

– 5 qat dünya, 13 qat Avropa çempionu olmağın
məsuliyyəti nələrdir? Nəzərə alsaq ki, dünyada kifayət qədər
tanınırsınız. Hətta karatenin vətənində belə sizi daha böyük
idmançı kimi qəbul edirlər.

– Ümumilikdə, böyüklər arasında 5 dəfə dünya, 13 dəfə Avropa
çempionu olmuşam. Bunlardan 10 qızılı böyüklərdə, 3 çempionluğu isə
yeniyetmələrdə qazanmışam. İnsan bir dəfə, iki dəfə çempion ola
bilir. Amma daim çempion olmaq üçün hər şey lazımdır: güc, iradə,
ağıl. Həmişə formada qalmaq zəruridir. Zədələrdən özünü qorumaq
lazımdır. Böyük bir işdir, sözlə deyiləsi deyil. Məsuliyyətli olmaq
çox önəmlidir.

– Az hallarda gümüş və bürünc medal qazanmanıza şahid
olmuşuq. Sizi fəxri kürsüdən bir addımlıq kənarda saxlayan səbəblər
hansılar olur?

– İdmançı robot deyil, uduzmağı da, udmağı da bacarmalıdır.
Mənim sevdiyim kürsünün birinci pilləsidir. Amma arada ikinci,
üçüncü də olur. Necə ki, həyatda insanın enib-qalxma dövrləri olur,
idmanda da həmçinin elədir.

– Biz sizi ilk pillədə görməyəndə qəribə hisslər
keçiririk. Siz bu zaman hansı duyğular keçirirsiniz?

– Mənim üçün idman karyerasında ən çətin anlar məğlub olduğum
zamanlardır. Bəzi idmançılardan fərqli olaraq uduzduqdan iki saat
sonra gülüb-zarafatlaşmıram. Uduzduqdan bir neçə gün sonra belə
özümə gələ bilmirəm. Çünki mən ancaq qələbə üçün tatamiyə
çıxıram.

– Döyüşdə saniyənin belə əhəmiyyəti çox böyükdür. Bəs
zamanın şəxsi həyatınızda nə kimi önəmi var? Məsələn, Parisdəki son
görüşdə 1 saniyə sizi qızıl medaldan ayırdı. Həyatda necə, zamana
görə itirdiyiniz nələrsə olub?

– İdman karyeramda son saniyələr çox rol oynayır, həyata
qalanda… Sualın özünə baxın: həyatda… Həyat elə bir şeydir ki,
zaman bizi gözləmir. Nə olacağı bəlli deyil.

– Həyatda, yoxsa tatamidə daha çox zərbələr
almısınız?

– Həyatda alınan zərbələr daha ağır olur, sevdiyin insanları
itirirsən və s. Tatamidə aldığın zərbələr isə idmanla bağlıdır.
Əlbəttə ki, yarışlarda da ağır zərbələr olur. Məsələn, dünya
çempionatının finalında məğlub olursan.

– İdmançı olmasaydı, Rafael indi hansı peşədə
olardı?

– Özümü idmandan başqa hansısa peşədə görmürəm və görməmişəm.
Bəlkə karateçi olmasaydım, futbolçu olardım.

– Brüs Li deyir ki, insan su kimi olmalıdır, getdiyi
yolun, olduğu yerin şəraitinə uyğunlaşmalıdır. Bu fikir sizdə hansı
təəssüratlar oyadır?

– Məncə, insan elə insan kimi olmalıdır.

– Professional bir idmançı üçün karyerasının zirvəsi
olimpiya oyunlarında iştirak etməkdir. Lakin bəzi idmançılar
Olimpiya Oyunlarında nəticə əldə etdikdən sonra karyeralarına son
qoyurlar. Kifayət qədər yaşınız və təcrübəniz var. Gələcəkdə
olimpiadada iştirak etsəniz, siz də sözügedən idmançıların yolunu
tutacaqsınız, yoxsa idmana davam?

– İnşallah, ilk növbədə Olimpiadaya lisenziya qazanaq, medalımız
olsun. Artıq o yaşım deyil ki, hansısa bir idmançının yolunu tutum.
Mənim öz yolum var.

– Övladlarınızın sizin kimi idmançı olmasına necə,
razısınız?

– Oğlumun peşəkar idmançı olmasını istəyərdim.

– İstər ölkəmizdə, istərsə dünyada elə bir karateçi
varmı onu məğlub edəndən sonra fikirləşmisiniz ki, bəli, məndən
güclü yoxdur…

– Bunu deməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır.

– Son olaraq Dubayda fəxri kürsünün ilk pilləsinə
qalxmağı bacardınız. Çətin yarış idi?

– Bəli çox ağır oldu. İdmanda yüngül yarış olmur.

– Növbəti böyük hədəf yəqin ki, olimpiya oyunlarına
qatılmaqdır. Bəs karyeranızı bitirdikdən sonra nə işlə məşğul
olmağı planlaşdırırsınız?

– Hələ ki, növbəti hədəf olimpiadada iştirak etmək deyil. Bu il
keçirilən yarışlarda qalib gəlmək lazımdır. Məhz bu yarışlar məni
olimpiadaya aparacaq. Karyeradan sonra isə yəqin ki, karate
federasiyasında qalacam. Doğrusu, bu barədə hələ
fikirləşməmişəm.

– Rafaeli insanlara sevdirən nədir?

– Rafael öz sadəliyi, insanlığı və təmiz qəlbi ilə sevilir.

– Sizə təşəkkür edir və vurduğunuz zərbələr qədər
şanslar arzu edirik.

– Mən də sizə təşəkkür edirəm. Biz idmançıları hər zaman
diqqətinizə saxlayırsınız.

Zümrüd Kərimova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp